22 Dekabr 2024, Bazar

Azərbaycanda müasir dövlət qulluğu sisteminin formalaşdırılması və inkişafı, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Dahi şəxsiyyətin rəhbərliyi ilə dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əsası qoyulmuş, qanunvericilik bazası yaradılmış, kadr siyasətinin əsas prinsipləri və dövlət qulluqçularının cəmiyyətdəki yeri müəyyənləşdirilmişdir.

Naxçıvan Muxtar Respublikasında çevik dövlət idarəçilik sisteminin formalaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində 2008-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya yaradılaraq fəaliyyəti təmin edilmişdir. Muxtar respublikada dövlət qurumlarının və bu qurumlarda çalışan dövlət qulluqçularının fəaliyyətlərinin normativ-hüquqi aktlara uyğunlaşdırılması, görülən işlərin nəticəsinin qiymətləndirilməsi, dövlət qulluğuna qəbulun şəffaflıq və müsabiqə əsasında aparılması komissiyanın əsas fəaliyyət istiqamətidir.

Bu gün muxtar respublikada vakant dövlət qulluğu vəzifələrinin tutulması müsabiqə əsasında həyata keçirilir. Müsabiqədə qalib gələn namizədlər ixtisaslarına uyğun olaraq müvafiq dövlət orqanlarındakı vakant vəzifələrə təyin olunurlar. “Heydər Əliyev ili” olan 2013-cü ildə də bu iş diqqət mərkəzində saxlanılmış, nazirlik, komitə və agentliklərdə vakant dövlət qulluğu vəzifələrinə işə qəbulla bağlı müsabiqələr keçirilmişdir. 2012-ci il avqustun 18-də Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən elan olunmuş müsabiqənin müsahibə mərhələsi 2013-cü il fevralın 7-11-də keçirilmiş və 63 namizəd müsabiqədən keçərək dövlət orqanlarında işlə təmin olunmuş, 7 nəfər ehtiyat kadr bazasına alınmışdır. Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması üçün növbəti müsabiqə aprelin 2-də elan olunmuş və mayın 2-dək 306 vakant yer üzrə 299 sənəd təqdim edilmişdir. Müsabiqə nəticələrinə əsasən, test imtahanları və müsahibə mərhələsindən müvəffəqiyyətlə keçən 42 namizədin sənədləri dövlət orqanlarına təqdim olunmuşdur. Onlardan 39-u vəzifəyə təyin olunmuş, 2 namizədin sənədləri aid orqanlar tərəfindən geri qaytarıldığından həmin namizədlər komissiyanın ehtiyat kadr siyahısına alınmışlar. Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması üçün növbəti müsabiqə sentyabrın 2-də elan olunmuşdur. Bu müsabiqəyə 40 dövlət orqanı üzrə 341 vakant vəzifə çıxarılmışdır. Müsabiqəyə 29 dövlət orqanı üzrə 290 nəfər sənəd təqdim etmiş və onlardan 36-sı imtahanın hər iki mərhələsini müvəffəqiyyətlə keçmişdir. Müsabiqədən keçən namizədlərdən 34-ü müvafiq dövlət orqanlarında işə qəbul olunmuş, 2 namizəd isə ehtiyat kadr bazasına alınmışdır.
2013-cü il ərzində ehtiyat kadrlar siyahısında olan namizədlərdən 3-ü vakant vəzifələrə təyin olunmuşdur. Digər 3-nün də sənədləri ixtisaslarına uyğun olaraq, vakant inzibati vəzifələrə təyin olunmaq üçün müvafiq dövlət orqanlarına göndərilmişdir.
Komissiya tərəfindən dövlət qulluğunun xüsusi növünə aid edilən orqanlarda müvafiq vakant vəzifələrin tutulması istiqamətində də müsabiqələr keçirilir. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin müraciəti əsasında 24-25 iyun tarixlərində daxili işlər orqanlarında vakant vəzifələrin tutulması üçün test imtahanı keçirilmişdir. İmtahanda 78 nəfər iştirak etmiş, onlardan 13-ü 65 və daha çox bal toplamışdır. Dekabrın 4-də isə Naxçıvan Muxtar Respublikasının vergi orqanlarında mövcud olan vakant vəzifələrin tutulması üçün test imtahanı keçirilmişdir. İmtahanda 22 nəfər iştirak etmiş, onlardan 8-i müsabiqədən keçmişdir.
Dövlət qulluğunda çalışmaq həm də cəmiyyətdə gedən proseslərin idarə olunması və cəmiyyətin inkişafı üçün məsuliyyət daşımaq deməkdir. Hər bir dövlət qulluqçusundan çalışdığı sahəni dərindən bilməklə yanaşı, dövlətinə və xalqına son dərəcə sədaqətli olmaq, vətəndaşların problemlərini və qayğılarını öyrənmək, onların həlli yollarını axtarıb tapmaq tələb olunur. Dövlət qulluqçusu idarəetmə və digər funksiyalarını icra edərkən, ilk növbədə, dövlətin və cəmiyyətin mənafeyini əsas götürməli, ona tapşırılan hər bir vəzifəni böyük məsuliyyət və ləyaqətlə yerinə yetirməlidir. Ona görə də komissiya tərəfindən dövlət orqanlarında xidmət keçən dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi və qanunvericiliyin tələblərinə riayət etmələri diqqət mərkəzində saxlanılır. Ötən il dövlət orqanları üzrə 391 dövlət qulluqçusuna yeni ixtisas dərəcəsi verilmiş, 20 dövlət qulluqçusu isə intizam tənbehi almışdır.
Muxtar respublikada çalışan dövlət qulluqçularının reyestrinin aparılması da komissiya tərəfindən diqqət mərkəzində saxlanılır. Reyestrin aparılması dövlət qulluqçuları haqqında elektron məlumat bazasının yaradılmasına, onlar haqqında məlumatların tez bir zamanda əldə olunmasına xidmət edir. 2013-cü ildə də dövlət qulluqçularının reyestrinin aparılması işi davam etdirilmiş, daxil olmuş yeni məlumatlar elektron bazaya yerləşdirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 15 iyul 2011-ci il tarixli Fərmanına uyğun olaraq, dövlət orqanlarının fəaliyyətində çevik idarəetmənin, şəffaflığın təmin olunması, informasiya-kommunikasiya texnologiyalarının dövlət hakimiyyəti orqanlarında geniş tətbiqi, yeni internet saytlarının yaradılması və elektron xidmətlərin göstərilməsi istiqamətində ardıcıl tədbirlər görülür. Ötən il Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya 26 elektron müraciət daxil olmuşdur. Daxil olmuş bütün müraciətlər vaxtında cavablandırılmışdır. Bundan başqa, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı əsasında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən elektron xidmətlərin göstərilməsi, obyektivliyin və şəffaflığın artırılması məqsədilə Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birlikdə namizədlərin qeydiyyatı, imtahan prosesinin tamamilə elektron formaya keçirilməsi və təhlükəsizliyinin təmin edilməsi, imtahan nəticələrinin elektron formada arxivləşdirilməsi, eləcə də dövlət qulluqçularının reyestrinin elektron bazasının təkmilləşdirilməsi üçün texniki tələblər hazırlanmışdır. Hazırda dövlət qulluqçularının reyestrinin formalaşdırılması, attestasiyasının və hüquq-mühafizə orqanlarına işə qəbulla bağlı test imtahanlarının keçirilməsi üçün sistemin təkmilləşdirilməsi üzrə işlər davam etdirilməkdədir.
Xalqa və dövlətçiliyə sədaqətlə xidmət etmək, milli maraqları uca tutmaq, vətəndaşların müraciətlərinə diqqətlə yanaşmaq dövlət qulluqçusunun əsas vəzifəsidir. Ona görə də muxtar respublikanın müvafiq dövlət orqanlarında çalışan hər bir dövlət qulluqçusu daim öz üzərində işləməli, bu sahənin qanunvericilik bazasını dərindən öyrənməli, səylə çalışaraq ölkəmizin inkişaf və tərəqqisinə öz töhfəsini verməlidir.

“Şərq qapısı”

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR