1910-cu ildə Kopenhagendə keçirilən beynəlxalq konfransda martın 8-i “Beynəlxalq Qadınlar Günü” kimi təsis edilmişdir. Bu bayram dünyanın bir sıra ölkələrində, o cümlədən 1917-ci ildən etibarən Azərbaycanda qeyd olunur.
Əsrlər boyu Azərbaycan qadını ictimai-siyasi həyatda fəal iştirak etmiş, cəmiyyətin aparıcı qüvvəsi kimi öz iradəsi, mərdliyi, saflığı və sədaqəti ilə seçilmişdir. Qadınlarımız min illərdən bəri formalaşmış milli dəyərlərimizə sadiq qalaraq ana dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın ən etibarlı dayağı olmuşlar. Görkəmli qadın şəxsiyyətlərimizin yüksək ləyaqətinin, ağbirçək analarımızın müdrikliyinin daşıyıcıları kimi müasir Azərbaycan xanımları öz dərin zəkaları ilə bu gün də xalqa və cəmiyyətə fədakarcasına xidmət edirlər. Artıq Azərbaycanın iqtisadi-siyasi, elmi-mədəni və ictimai həyatında qadınların yüksək intellektual təbəqəsi formalaşmışdır.
Müstəqillik qazandıqdan və ümummilli lider Heydər Əliyevin ölkəmizdə yenidən hakimiyyətə qayıdışından sonra qadınların ictimai-mədəni həyatda iştirakı əhəmiyyətli dərəcədə artmışdır. Bu dövrdə dövlət qadın siyasəti diqqət mərkəzində saxlanılmış, qadınların hüquq və vəzifələrinin qorunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir. 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında qadın hüquqları da öz əksini tapmış, dövlət quruculuğu prosesində onların iştirakına hüquqi zəmin yaradılmışdır. Əsas Qanunumuzun ikinci bölməsinin 25-ci maddəsində gender bərabərliyi konstitusion norma kimi öz əksini tapmışdır.
“Azərbaycan qadınları xalqımızın adət-ənənələrini, mədəniyyətini, elmini, intellektual potensialını yüksək səviyyədə təmsil etmişlər və bu, indi də belədir. Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır”, – deyən ulu öndər Heydər Əliyevin fərman və sərəncamları ilə ölkəmiz “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında”, “Qadınların siyasi hüquqları haqqında”, “Nikaha daxil olmağa razılıq, minimal nikah yaşı və nikahların qeydə alınması haqqında” beynəlxalq konvensiyalara qoşulmuşdur. 1998-ci ildə ölkəmizdə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılmış, həmin il Azərbaycan Qadınlarının Birinci Qurultayı keçirilmişdir. Ümummilli liderin 2000-ci il 6 mart tarixli “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Fərmanına əsasən isə qadınların rəhbər vəzifələrdə kişilərlə bərabər təmsil olunması ön plana çəkilmişdir. Bir sözlə, ümummilli lider Heydər Əliyevin istər sovet, istərsə də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə qadınların problemlərinin həllinə hərtərəfli qayğı göstərməsi, onların ölkənin siyasi, iqtisadi, sosial və mədəni həyatında iştiraklarını təmin etməsi bu gün Azərbaycan qadınının qazandığı nailiyyətlərin əsas hərəkətverici qüvvəsi olmuşdur.
Ulu öndərin yolunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dövlət qadın siyasəti sahəsində mühüm tədbirlər görülür. Artıq Azərbaycan Avropa Şurasının qadınlarla bağlı bürosunda təmsil olunur və BMT-nin qadın məsələləri üzrə komissiyasının tamhüquqlu üzvüdür. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 fevral tarixli Fərmanına əsasən, Azərbaycan Respublikası Qadın Problemləri üzrə Dövlət Komitəsinin bazasında Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması, həmin il oktyabrın 10-da “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul olunması qadınların cəmiyyət həyatında fəal iştirakının təmin olunmasında, eləcə də onların hüquq və vəzifələrinin qorunmasında, sosial problemlərinin həllində mühüm əhəmiyyətə malik olmuşdur.
Dövlət başçısının hər il 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına ünvanladığı təbrik zərif cinsin nümayəndələrinə dövlət səviyyəsində göstərilən diqqət və ehtiramın daha bir ifadəsidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ötən il 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına ünvanladığı təbrikində demişdir: “Azərbaycan qadını mənəvi təbiətinə sadiq qalaraq, zərifliyin, ülviliyin və gözəlliyin rəmzi olan adının ucalığını həmişə layiqincə qoruyub saxlamışdır. Tarix boyu o, özünün müdrikliyi, işgüzarlığı və saflığı ilə keçmişimizə parlaq səhifələr yazmışdır. Milli-əxlaqi dəyərlərimiz, mədəni-tarixi irsimiz və xalq adət-ənənələri xəzinəmiz məhz dilimizin saflığı keşiyində şərəflə dayanan nənələrin, anaların sayəsində mürəkkəb dövrlərin təqib və sınaqlarına qalib gələrək bu günədək yaşamaqdadır. Dünyanın bir çox ölkələrinin qadınlarından əvvəl seçib seçilmək hüququ əldə etməsi də, mədəniyyətin, incəsənətin və elmin müxtəlif sahələrində ilk addımları atması da Azərbaycan qadınının mədəni səviyyəsinin və intellektual potensialının aydın təzahürüdür. Fərəhləndirici haldır ki, gənc xanım və qızlarımız bu nailiyyətlərin layiqli davamçıları kimi nəsillərin varisliyini təmin edirlər”.
Naxçıvan Muxtar Respublikasında qadınların ictimai-mədəni həyatda iştiraklarının təmin olunması diqqət mərkəzində saxlanılır. Artıq muxtar respublika qadınları cəmiyyət həyatında fəal iştirak edirlər. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2007-ci il 28 sentyabr tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması həm də muxtar respublikada qadınlara verilən hərtərəfli dəstəyin, onların hüquqlarının müdafiə edilməsi istiqamətində həyata keçirilən tədbirlərin daha bir göstəricisidir. Bu gün muxtar respublika əhalisinin 218 min 821 nəfəri qadınlardır. Bu qadınlardan 70 min 717 nəfəri 18 yaşadək olan, 148 min 104 nəfəri 18 yaşdan yuxarı, 2563 nəfəri qaçqın və məcburi köçkün, 7282 nəfəri sağlamlıq imkanı məhdud, 443 nəfəri xidmətdə olan ahıl, 159 nəfəri isə şəhid ailəsidir.
Muxtar respublikada yaşayan qadınlar sosial varlıq kimi hüquq və azadlıqlara, öz bilik və bacarıqlarını realizə etmək imkanlarına malikdirlər. Belə ki, müxtəlif peşə sahələrində çalışan qadınların sayı ilbəil artmaqdadır. Təhsil, səhiyyə, mədəniyyət sahələri ilə yanaşı, qadınlarımız həm də hüquq-mühafizə, məhkəmə və digər orqanlarda ləyaqətlə xidmət edir, elm və texniki sahələrdə fəaliyyət göstərirlər. Dövlət qadın siyasətinin uğurla həyata keçirilməsinin nəticəsidir ki, qadınlarımız istər icra, istərsə də yerli özünüidarəetmə orqanlarında geniş təmsil olunur, yüksək və məsul vəzifələrə təyin olunurlar.
Dövlət qadın siyasətinin əsas istiqamətlərindən biri də qadınların ictimai fəallığını yüksəltməkdən ibarətdir. Bu məqsədlə muxtar respublikada qadınların cəmiyyətdəki mövqeyi və onların hüquqlarının qorunması ilə bağlı mütəmadi olaraq maarifləndirmə tədbirləri həyata keçirilir. Ahıl, tənha, xüsusi qayğıya ehtiyacı olan qadınların həyat şəraitlərinin yaxşılaşdırılması ilə bağlı zəruri tədbirlər görülür, onların məişət və sosial problemləri həll olunur. Bununla yanaşı, muxtar respublikada müasir təhsil müəssisələrinin, tibb ocaqlarının istifadəyə verilməsi qadınların hərtərəfli təhsil almasına, eləcə də sağlamlıqlarının qorunmasına hərtərəfli şərait yaratmışdır.
Muxtar respublikanın təhsil, səhiyyə, mədəniyyət, dövlət qulluğu və digər sahələrində səmərəli fəaliyyət göstərən qadınların əməyi daim dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Təkcə ötən il müxtəlif sahələrdə çalışan qadınlardan 2-si “Dövlət qulluğunda fərqlənməyə görə” medalı, 6-sı “Tərəqqi” medalı ilə təltif olunmuş, 3-ü Prezident mükafatına layiq görülmüş, 1 qadın “Azərbaycan Respublikasının əməkdar tibb işçisi”, 3 qadın “Azərbaycan Respublikasının əməkdar müəllimi”, 6-sı isə “Naxçıvan Muxtar Respublikasının əməkdar müəllimi” fəxri adına layiq görülmüş, 1-i Naxçıvan Muxtar Respublikasının “Rəşadətli əməyə görə” nişanı ilə təltif olunmuş, 3 qadın “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Azərbaycanda qadın adının həmişə uca tutulduğunu, qadına böyük ehtiram göstərildiyini bildirərək demişdir: “Azərbaycan qadını öz iradəsi və mərdliyi, saflığı və sədaqəti ilə xalqımızın milli-mənəvi dəyərlər sisteminin formalaşmasında müstəsna rol oynamışdır. Qədim rəvayət və dastanlarımızda müdrik və gözəl qadın obrazlarının bədii təsviri verilmişdir. Azərbaycan tarixinin bütün dövrlərində böyük fitri istedada, dərin zəkaya, möhkəm iradəyə malik şair, hökmdar, döyüşçü qadınlar fəaliyyət göstərmiş, elm xadimləri olan qadınlarımız Azərbaycan elmini dünyaya tanıtmışlar. Eyni zamanda Azərbaycan qadını dünyaya böyük siyasət və dövlət xadimlərini, əbədi şəxsiyyətləri, tanınmış elm və sənət adamlarını bəxş etmişdir. Bugünkü həyatımızın hər hansı bir hissəsini qadınlarsız təsəvvür etmək mümkün deyil”.
2014-cü il Naxçıvanda “Muxtariyyət ili” elan olunmuşdur. Muxtar respublika qadınları bu il də ictimai-siyasi, sosial-iqtisadi, mədəni proseslərdə, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesində yaxından iştirak edəcək, öz bilik və bacarıqlarını muxtar respublikanın inkişafına yönəldəcək, iqtisadi yüksəlişin təmin edilməsində fəallıq nümayiş etdirəcəklər.
Naxçıvan Muxtar Respublikası
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti