Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən mehmanxanalarda yaradılmış Vahid Miqrasiya Məlumat Sisteminin mehmanxana modulu istifadəçiləri üçün maarifləndirici tədbir keçirilib.
Tədbirdə xidmətin əməkdaşlarından Əfqan Əliyevin, İlqar Seyidovun, Aysel Əliyevanın, Zakir Məmmədovun çıxışları olub. Çıxışlarda Azərbaycan Respublikasında 3 gündən artıq müvəqqəti olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə, eləcə də mehmanxanalarda yerləşmiş əcnəbi və vətəndaşlığı olmayan şəxslərin qeydiyyatlarının aparılması, Vahid Miqrasiya Məlumat Sistemi ilə inteqrasiya edilmiş mehmanxana modulu vasitəsilə məlumat mübadiləsinin həyata keçirilməsi qaydaları haqqında tədbir iştirakçılarına məlumat verilib. Bundan başqa, tədbirdə əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması işində qeydiyyat prosedurlarının icrası zamanı yol verilən nöqsanlardan və həmin nöqsanların səbəb olduğu problemlərdən, bu sahədə mehmanxana əməkdaşlarının məsuliyyətindən danışılıb.
Vurğulanıb ki, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə yaşayış sahəsi vermiş şəxslər miqrasiya sahəsində qanunvericiliyin tələblərini pozmalarına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş məsuliyyətlərə cəlb edilirlər.
Tədbirin sonunda mehmanxana modulu vasitəsilə məlumat mübadiləsinin həyata keçirilməsi qaydaları haqda slayd nümayiş etdirilib.
Xəbərlər şöbəsi