Dünən Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyində bir qrup sahibkara “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanının təqdim edilməsi mərasimi keçirilmişdir. Mərasimi giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişaf naziri Famil Seyidov açaraq “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı ilə təltif haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1 mart 2014-cü il tarixli Sərəncamını tədbir iştirakçılarının diqqətinə çatdırmış, nişanları sahiblərinə təqdim etmişdir.
Sonra 2013-cü ildə muxtar respublikanın sosial-iqtisadi inkişafında fərqlənən sahibkarlara “Biznesdə Uğur-2013” mükafatının nominasiyaları üzrə qiymətli hədiyyələr təqdim edilmişdir. “İlin şirkəti” nominasiyası üzrə “Prestij Naxçıvan Pivəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti, “İlin sahibkarı” nominasiyası üzrə fiziki şəxs, süd emalı və xama istehsalı ilə məşğul olan sahibkar Cəmaləddin Məmmədov, “İlin ixracatçısı” nominasiyası üzrə “Badamlı” mineral suyunun ixracına görə “Gəmiqaya Mineral Sular” Məhdud Məsuliyyətli Cəmiyyəti, “İlin məhsulu” nominasiyası üzrə isə fiziki şəxs, meyvə və tərəvəzqurutma istehsalı ilə məşğul olan İntiqam Hüseynov mükafatlandırılmışlar.
Qeyd edək ki, 2008-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən, muxtar respublikanın sosial-iqtisadi inkişafında fərqlənən, mütərəqqi istehsal sahələrinin yaradılmasında, beynəlxalq standartlara cavab verən ixracyönümlü məhsul istehsalında, investisiyaların təşviqində, istehlakçıların tələbatının daha dolğun ödənilməsində və idxaldan asılılığın azaldılmasında fərqlənən sahibkarların fəaliyyətinin stimullaşdırılması məqsədilə “Biznesdə Uğur” mükafatı təsis edilmişdir. Hər il fərqlənən sahibkarlıq subyektləri müxtəlif nominasiyalar üzrə təltif olunurlar.
Təltif olunanlar əməklərinə verilən yüksək qiymətə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıqlarını bildirmişlər.
Tədbirə Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişaf naziri Famil Seyidov yekun vurmuşdur.
Xəbərlər şöbəsi