22 Dekabr 2024, Bazar

1921-ci ilin mart ayında imzalanan Moskva müqaviləsi nəticəsində Türkiyə Böyük Millət Məclisi hökuməti bolşevik Rusiyasını, RSFSR isə Türkiyə Böyük Millət Məclisi hökumətini tanıdı. Müqavilənin Azərbaycan üçün ən böyük əhəmiyyəti ondan ibarət oldu ki, əzəli Azərbaycan torpağı olan Naxçıvan Azərbaycanın protektoratlığına verildi. Burada muxtar bir qurumun qurulmasının beynəlxalq hüquqi əsası müəyyənləşdirildi.

Müqavilə hər iki tərəfin özünütəsdiq şansı olsa da, danışıqların gedişatında əzəli rus-türk rəqabətinin hənirtisi duyulurdu. Görünən tərəf ondan ibarət idi ki, Mustafa Kamal paşanın başçılığı ilə yenidən qurulmaqda olan Türkiyə bu müqavilə vasitəsi ilə həm də RSFSR-in “Milli And”la (“Misakı-Milli”) müəyyənləşdirilmiş yeni Türkiyənin sərhədlərini tanımasına nail oldu. Türk Milli Mücadiləsinin manifesti sayılan bu “Milli And” Mustafa Kamal paşa tərəfindən hazırlanmış, İstanbulda toplanan son Osmanlı Məclisi tərəfindən 28 noyabr 1920-ci ildə qəbul edilmişdi. Lakin qeyd etmək lazımdır ki, Qarsı və Ərdəhanı öz əlində saxlayan Türkiyə Batumu Gürcüstana güzəştə getməklə “Milli And”da əksini tapmış sərhədi müəyyən qədər dəyişikliyə uğratmağa məcbur oldu.

“Türkiyə və Rusiya Sosialist Federativ Sovet Respublikası arasında dostluq və qardaşlıq haqqında” adlanan müqaviləni Türkiyə Böyük Millət Məclisi Hökuməti tərəfdən iqtisad naziri və Millət Məclisində Kastamonu millət vəkili Yusif Kamal bəy, maarif naziri və Sinop millət vəkili doktor Riza Nur bəy və Türkiyə Böyük Millət Məclisi Hökumətinin fövqəladə və səlahiyyətli səfiri, Ankara millət vəkili Əli Fuad paşa imzalamışdılar. Rusiya Sosialist Federativ Sovet Respublikası adından isə müqaviləyə xarici işlər üzrə xalq komissarı və Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinin üzvü Georgi Çiçerin və Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinin üzvü Cəlal Qorxmazov imza atmışdılar.
Müqavilənin imzalanması ilə yuxarıda sadalanan bir neçə üstünlükləri əldə edən Türkiyə Batumu güzəştə getsə də, Naxçıvan məsələsinin üzərində ciddi dayanmışdı. Bölgənin strateji mövqeyi və Naxçıvanın Türkiyəni Türk dünyasının əsas hissəsi ilə bağlayan əsas xətt üzərində yerləşməsi bu dirənişin başlıca səbəbi idi. Yerli əhalinin daşnak ermənilərə qarşı ciddi müqaviməti, Azərbaycan nümayəndəsi, görkəmli diplomat Behbud ağa Şahtaxtinskinin Azərbaycanın Naxçıvan və Zəngəzur üzərindəki haqlarını həm geosiyasi, həm də tarixi kontekstdə əsaslandırması da Naxçıvan ərazisinin Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi qorunub saxlanılmasında əsaslı rol oynamışdı. Tərəflər Naxçıvan vilayətinin Azərbaycanın himayəsi altında muxtar ərazi təşkil etməsinə o şərtlə razılaşmışdılar ki, Azərbaycan bu protektoratlığı heç bir zaman üçüncü bir tərəfə güzəştə getməyəcəkdi.
Moskva müqaviləsinin 3-cü maddəsi və 1(V) əlavəsi birbaşa olaraq Naxçıvana həsr edilmişdi. Müqavilənin üçüncü maddəsində yazılırdı: “Razılığa gələn hər iki tərəf bu müqavilənin 1(V) əlavəsində göstərilən sərhədlərin içərisində Naxçıvan vilayətinin Azərbaycanın himayəsi altında muxtar ərazi təşkil etməsinə razıdırlar, o şərtlə ki, Azərbaycan bu protektoratlığı heç bir zaman üçüncü bir dövlətə güzəştə getməyəcəkdir”.
Naxçıvan ərazisinin coğrafi məkanlara nəzərən göstərildiyi üçüncü maddədə sərhədlərin tam təshihinin aparılması isə Türkiyə, Azərbaycan və Ermənistan nümayəndələrindən ibarət komissiyanın işi kimi müəyyənləşdirilirdi.
Türk tarixçisi İ.Atnur yazır ki, müqavilənin imzalanmasından sonra Ankaraya qayıdan Yusif Kamal bəy Mustafa Kamal paşaya “Naxçıvan üçün əlimizdən gələni etdik!” deyərkən Mustafa Kamal paşanın cavabı belə olmuşdu: “Qapımız mövcudluğunu mühafizə edir, bizim üçün mühüm olan budur!”.
Tarixin sonrakı gedişatı isə göstərdi ki, həqiqətən də, bu mövcudluq həm Azərbaycan, həm Türkiyə, həm də bütünlükdə, Türk dünyası üçün nə qədər mühüm olmuşdur. Məhz bu müqavilə əsasında sonralar imzalanan Qars müqaviləsi Naxçıvana “muxtariyyət” adlı tarixi nailiyyəti qazandırmış, XX əsrin 90-cı illərində isə Naxçıvanın xarici təcavüzdən qorunmasında əhəmiyyətli rol oynamışdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə 1991-ci il yanvar ayının 11-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Moskva və Qars müqavilələrinin iştirakçısı olan dövlətlərə bəyanat verərək həmin ölkələri muxtar respublikanın ərazi bütövlüyünün erməni təcavüzü nəticəsində kobud şəkildə pozulması faktlarına münasibət bildirməyə çağırmışdı.

Elnur KƏLBİZADƏ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR