Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Naxçıvan haqqında danışarkən demişdir: “Naxçıvan blokada şəraitində yaşayır. Ancaq naxçıvanlılar bu blokadanı hiss etmirlər. Çünki həm Naxçıvanın rəhbərliyi çox böyük işlər görür, həm də Azərbaycan dövləti, hər zaman olduğu kimi, Naxçıvana böyük diqqət göstərir”.
Blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasının hərtərəfli inkişafına göstərilən diqqət və qayğının əsası müstəqil Azərbaycanın qurucusu, ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur.
Naxçıvan Muxtar Respublikasında naxçıvanlılarla birgə çətin şəraitdə yaşayan ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə 1991-ci ilin sentyabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçildi və gərgin fəaliyyəti sayəsində bölgəni ağır vəziyyətdən xilas etdi. Onun rəhbərliyi ilə həyata keçirilən tədbirlərin əsas istiqamətlərini siyasi sabitlik, iqtisadi potensialdan səmərəli istifadə, xarici ticarət və əməkdaşlıq əlaqələrinin gücləndirilməsi təşkil edirdi.
Blokadanın doğurduğu ilkin və ən böyük təhlükə qismində ərzaq çatışmazlığı problemlərinin həlli və məşğulluğun səmərəli təşkili məqsədilə aqrar islahatlara ilk dəfə məhz həmin dövrdə başlanılmışdır. Ümumilikdə isə həmin illərdə Naxçıvanda başlanılmış çoxşaxəli islahatların sonrakı illərdə də diqqətdə saxlanılması, Heydər Əliyev ideyalarına dönmədən əməl olunması hazırkı uğurlarımızı şərtləndirən başlıca amildir.
Məqsədyönlu fəaliyyət nəticəsində, ilk növbədə, muxtar respublikamızın hərtərəfli tərəqqisində mühüm amil olan ictimai-siyasi sabitlik qorunub saxlanılmışdır. Bütün iqtisadi fəaliyyət sahələrində sürətli inkişafa rəvac verən səmərəli iqtisadi siyasət muxtar respublikamızda tarazlı və davamlı inkişaf üçün başlıca amil olmuş, şəhər və rayonlarımızda canlanma yaranmış, iş adamlarının normal fəaliyyəti üçün əlverişli biznes mühiti formalaşdırılmış, yeni təsərrüfat subyektlərinin fəaliyyəti sayəsində işsizliyin səviyyəsi sıfra enmişdir. Muxtar respublikamızın mərkəzində olduğu kimi, rayonlarımızda, hətta ən ucqar kəndlərimizdə belə, nəqliyyat-kommunikasiya sisteminin bərpası, elektrik enerjisi, rabitə, qaz, su təminatı kimi sosial məsələlərin həlli, müasir informasiya texnologiyalarının tətbiqi sosial-iqtisadi və mədəni-intellektual yüksəlişə əsaslı zəmin yaratmışdır. Muxtar respublikada mövcud potensialdan səmərəli istifadə etməklə iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafına, istehsal müəssisələrinin fəaliyyətinin daha da genişləndirilməsinə, ixracyönümlü məhsul istehsalının stimullaşdırılmasına, yerli sahibkarlığın inkişafı yolu ilə əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına, məşğulluq səviyyəsinin, xüsusilə gənclərin faydalı əmək məşğulluğunun artırılmasına və ümumilikdə, muxtar respublika iqtisadiyyatının dinamik inkişafına nail olunmuşdur.
Ümummilli liderimiz Heydər Əliyevin müəyyən etdiyi alternativsiz strategiyaya əsaslanan ölkə Prezidenti cənab İlham Əliyevin dövrün tələblərini nəzərə almaqla daim təkmilləşdirdiyi inkişaf siyasətinə uyğun olaraq, Naxçıvan Muxtar Respublikasının modernləşmə xətti artıq keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra cənab İlham Əliyevin muxtar respublikamıza etdiyi ardıcıl səfərlərdə söylədiyi fikirlərin və dərin məzmunlu nitqlərin ortaq və oxşar bir tərəfi ölkə rəhbərinin blokadada olan bir inzibati ərazidə möhtəşəm quruculuğa şahid olmaqdan duyduğu məmnunluğu, bu sahədə muxtar respublika rəhbərinin gərgin əməyini və bu inkişafa ölkə başçısı kimi verəcəyi davamlı dəstəyi qeyd etməsidir.
Keçən zaman ərzində blokada şəraitinin yaratdığı mənfi nəticələrin aradan qaldırılmasını, istehlak və istehsal prosesləri üzrə yerli tələbatın vaxtında və keyfiyyətli ödənilməsini, məşğulluq məsələlərinin səmərəli həll edilməsini, ümumilikdə isə sənayeləşmənin daha da genişlənməsini təmin etmək məqsədilə yeni sənaye müəssisələrinin yaradılmasına ciddi fikir verilmişdir. Muxtar respublikada sənaye sahəsində əldə olunmuş dinamik inkişaf meyillərinin dayanıqlılığının təmin olunması üçün həyata keçirilən kompleks tədbirlərin mühüm bir istiqaməti bu sahədə səmərəli kreditləşdirmə mexanizminin formalaşdırılmasından ibarətdir.
Uzun müddət ərzində enerji resurslarından istifadə imkanlarının məhdudluğu blokadanın yaratdığı ən kəskin problemlərdən biri kimi ümumi inkişafa ciddi mənfi təsir göstərməkdə idi. Ötən illər ərzində bu sahədə intensiv tədbirlər həyata keçirilmiş, infrastruktur müasir standartlar səviyyəsində yenilənmiş, davamlı olaraq yeni enerji resursları yaradılmışdır ki, bu da, son nəticədə, enerji təhlükəsizliyimizin səmərəli qurulmasını şərtləndirmişdir.
Enerji böhranının başlandığı, elektrik enerjisinin uzunmüddətli fasilələrlə verildiyi, təbii qaz nəqlinin dayandırıldığı, yanacağın çatışmadığı illərdə, xüsusilə də qış aylarında əhali təsərrüfatları ciddi çətinliklərlə üzləşmiş və bu səbəbdən də meşə massivlərindəki, yaşıllıq zolaqlarındakı çoxillik ağaclar kütləvi şəkildə kəsilərək istilik üçün istifadə olunmuşdur. İstilik enerjisinin alınmasında əsas xammal qismində odundan, kəsilmiş ağaclardan istifadə, son nəticədə, mövcud meşə massivlərinin, yolların və yaşayış məntəqələrinin ətrafındakı yaşıllıq zolaqlarının, demək olar ki, məhvinə gətirib çıxarmışdı. Həmin dövr üçün qaçılmaz olan bu proseslərin mənfi nəticələrinin aradan qaldırılması məqsədilə sonrakı illər ərzində ardıcıl tədbirlər görülmüş, keçirilən yaşıllaşdırma tədbirləri çərçivəsində qısa zamanda min hektarlarla meşə örtüyü bərpa olunmuş, yeni meşə massivləri, yaşıllıq zolaqları və meyvə bağları salınmışdır.
Enerji təhlükəsizliyi ilə bağlı görülən tədbirlərin nəticəsidir ki, bu gün muxtar respublikada yaradılmış elektrik stansiyaları elektrik enerjisinə olan daxili tələbatı tam ödəməklə yanaşı, elektrik enerjisinin ixracına da imkan yaratmışdır.
Uzunmüddətli fasilədən sonra muxtar respublikada istehlakçılar, ən əsası isə əhali təsərrüfatları təbii qazla təmin olunmuşdur.
Ötən dövr ərzində dayanıqlı əhali məskunluğunun təmin edilməsi üçün böyük əmək sərf olunmuş, bu prosesin normal məcraya yönəldilməsi məqsədilə kompleks tədbirlər reallaşdırılmış və bu sahədə ciddi dönüşə nail olunmuşdur.
Naxçıvan Muxtar Respublikasında reallaşdırılmış iqtisadi və sosial təmayüllü islahatlar nəticəsində qısa zaman ərzində makroiqtisadi sabitlik təmin olunmuş, əhalinin həyat səviyyəsi əhəmiyyətli dərəcədə yaxşılaşmışdır.
İqtisadi inkişaf, sosial həyat standartları və insanların yaşayış səviyyəsi üzrə müşahidə olunan sürətli müsbət dəyişikliklərin müqayisəli xarakteristikası keçilən yolun möhtəşəm və əzəmətli olduğunu aydın şəkildə ifadə etməkdədir.
Gərgin əmək və müdrik ideologiyaya sadiqliyin vəhdətindən doğan bu uğurlar, nailiyyətlər xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyən etdiyi inkişaf yolunun alternativsizliyini bir daha sübut edir. Dahi öndərin “Mən istəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında, müstəqil Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planlarım, arzularım yerinə yetirilsin” sözləri bu gün də quruculuq işlərinin əsas qayəsi olmaqla muxtar respublikamızı yeni-yeni uğurlara doğru aparır.
Rəşid TALIBOV