22 Dekabr 2024, Bazar

Dünən Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin yaradılmasının 90 illiyi ilə əlaqədar tədbir keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini və Heydər Əliyev Muzeyini ziyarət etmişlər. Sonra tədbir Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin akt zalında davam etdirilmişdir.
Tədbiri komitə sədri Bəxtiyar İsmayılov açaraq bildirmişdir ki, Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin 1924-cü il 6 mart tarixli qərarı ilə Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Mərkəzi Statistika İdarəsi yaradılmışdır. İdarənin tabeçiliyi və adı bir neçə dəfə dəyişdirilərək 1931-ci ildə Naxçıvan MSSR Dövlət Plan Komitəsi nəzdində Xalq Təsərrüfatının Qeydiyyat İdarəsi,1934-cü ildə Naxçıvan MSSR Xalq Təsərrüfatı Uçotu İdarəsi, 1946-cı ilin mart ayından isə yenidən Naxçıvan MSSR Mərkəzi Statistika İdarəsi adlandırılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1993-cü il 3 aprel tarixli Fərmanına əsasən, Naxçıvan  Muxtar Respublikası Dövlət Statistika Komitəsi yaradılmışdır.

Qeyd olunmuşdur ki, idarənin yarandığı ilk illərdə əsas fəaliyyətini əhalinin uçota alınması təşkil edirdisə, 1932-ci ildən başlayaraq sənaye müəssisələrinin, 1934-cü ildən isə kolxozlar üzrə illik hesabat məlumatlarının yığılıb işlənilməsinə başlanılmışdır. 1960-1970-ci illərdə muxtar respublikanın statistika orqanları xalq təsərrüfatında, ilk növbədə isə kənd təsərrüfatında uçotun mexanikləşdirilməsi ilə məşğul olmuşdur. Müstəqilliyimizin bərpa edilməsindən sonra inzibati amirlik sistemindən bazar iqtisadiyyatına keçid, ümumilikdə, rəsmi statistikanın strukturunu və iş prinsipini dəyişmiş, yeni fəaliyyət istiqamətləri müəyyənləşdirilmişdir. Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin yaradılması yeni strukturun hüquq və vəzifələrini daha da artırmışdır. Hazır­da komitə muxtar respublikada statistika sahəsində dövlət siyasətini həyata keçirən, sosial, iqtisadi, demoqrafik və ekoloji vəziyyətlə bağlı rəsmi statistik məlumatları vahid metodologiya əsasında formalaşdıran mərkəzi icra hakimiyyəti orqanıdır. İdarəetmənin səmərəli təşkili üzrə həyata keçirilən davamlı tədbirlər çərçivəsində komitənin kadr potensialının və maddi-texniki bazasının gücləndirilməsi işi muxtar respublika rəhbərinin daim qayğısı ilə əhatə olunmuşdur. Vurğulanmışdır ki, iqtisadiyyat və cəmiyyət həyatı üzrə münasibətlərin daha da dərinləşməsi, ən əsası hazırkı inkişaf və tərəqqinin yüksək mərhələsi, islahatların genişmiqyaslılığı paralel olaraq rəsmi statistikanın da davamlı qaydada təkmilləşdirilməsini zəruri edir. Məhz bu baxımdan Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsi qarşıda duran vəzifələrin uğurla icrası, müasir standartlara uyğun statistika işinin təşkili və bu istiqamətdə yeniliklərin tətbiqi məqsədilə yüksək keyfiyyət göstəricilərinə malik fəaliyyətin təmin olunmasına çalışacaqdır.
Tədbirdə statistika sahəsində uzun illər çalışmış Qadir Qarayevin, Vilayət Əhmədovun və komitənin aparıcı məsləhətçisi Nuranə Rüstəmovanın çıxışları olmuşdur.
Sonda “Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsi işçilərinin “Rəşadətli əməyə görə” nişanı ilə təltif edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 6 mart 2014-cü il tarixli Sərəncamı ilə mükafatlandırılan statistika işçilərinə “Rəşadətli əməyə görə” nişanları təqdim edilmişdir. Bir qrup əməkdaşa isə komitənin fəxri fərmanları verilmişdir.
Təltif olunanlar əməklərinə verilən yüksək qiymətə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə öz minnətdarlıqlarını bildirmişlər
Tədbirə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin sədri Bəxtiyar İsmayılov yekun vurmuşdur.

Səbuhi HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR