XX əsrin əvvəllərində əldə edilən muxtariyyət naxçıvanlıların qəhrəmancasına və fədakar mübarizəsinin məntiqi nəticəsi, yaranmış beynəlxalq şəraitin yaratdığı imkanların milli məqsədlər uğrunda layiqincə dəyərləndirilməsi idi. XX əsrin 90-cı illərinin əvvəllərində muxtariyyətin qorunması muxtariyyətin əldə edilməsi qədər çətin bir mübarizənin nəticəsində mümkün olub. Məhz ümummilli lider Heydər Əliyevin fəaliyyəti nəticəsində muxtariyyətin qorunması təmin edilib. Naxçıvanın muxtariyyəti yaranmış coğrafi ərazi vəziyyətinin yaratdığı zərurətdir.
AMEA Naxçıvan Bölməsində “Heydər Əliyev lektoriyası”nın 58-ci məşğələsini giriş sözü ilə açan bölmənin sədri, akademik İsmayıl Hacıyev bu fikirləri səsləndirib.
AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri Emin Şıxəliyev “Heydər Əliyev və Naxçıvanın muxtariyyət məsələsi” mövzusunda geniş məruzə edib. Məruzəçi vurğulayıb ki, Naxçıvanın geostrateji mövqeyi hər zaman dünyanın böyük dövlətlərinin maraq dairəsində olub.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Naxçıvanın bu əhəmiyyətini hər zaman önə çəkib, hələ sovet dövründə Naxçıvanın inkişafı və tərəqqisi istiqamətində işlərin həyata keçirilməsi üçün bir çox addımlar atılıb. XX əsrin 90-cı illərinin əvvəllərində isə Naxçıvanın taleyi ümummilli lider Heydər Əliyevin, Heydər Əliyevin taleyi isə Naxçıvanın taleyinə çevrilib. Naxçıvanı Azərbaycandan qoparmaq istəyən xarici təcavüzkar qüvvələrin qarşısında ən böyük güc ümummilli lider Heydər Əliyev, Heydər Əliyevi Azərbaycanın ictimai-siyasi həyatından uzaqlaşdırmaq istəyən daxili qüvvələrin qarşısında ən böyük amil isə Naxçıvanın muxtariyyət statusu və Naxçıvan əhalisinin qətiyyəti olub.
Məruzədən sonra çıxışlar olub, məruzəçiyə lektoriya iştirakçıları tərəfindən ünvanlanan suallar cavablandırılıb.
Xəbərlər şöbəsi