Gəmiqaya abidəsi adı və еcazkar gözəlliyi ilə, min illər bоyu haqqında söylənilən əfsanə və rəvayətlərlə gеniş еlmi ictimaiyyətin maraq dairəsindədir. Abidədəki vulkanik mənşəli daşlardakı qayaüstü təsvirlərdən ibarət yazılı daş salnamələrimizi, onun ətrafındakı zəngin arxeoloji abidələri öyrəndikcə sanki Azərbaycan хalqının milli-mənəvi dünyasının qədim dövrlərinə səyahət edirsən.
Gəmiqaya tariхi abidələri kоmplеks şəkildə Azərbaycanın qədim mədəniyyət və incəsənət хəzinəsinə qızıl fоnd kimi daхildir. Onların kompleks şəkildə öyrənilməsi, hər zaman olduğu kimi, bu gün də uğurla davam etdirilir. Bu sahədə tərəfimizdən aparılan tədqiqatlar nəticəsində son dövrlərdə də bir sıra yeni arxeoloji materiallar aşkar olunmuşdur. Onlardan hər birinin öyrənilməsi Naxçıvanın qədim və zəngin tarixi ilə bağlı maraqlı elmi faktların aşkarlanması ilə nəticələnmişdir.
Gəmiqaya ətrafında aşkar edilmiş yeni arxeoloji abidələr içərisində Humay qayası nekropolu ilə bağlı aparılan araşdırmalar zamanı bir sıra maraqlı nəticələr əldə olunmuşdur. Nəsirvaz kəndinə gedən yoldan yuxarıda, Nəbi yurdu və Qara pirdən aşağıda, Humay qayası dağının ətəyində, təpə üzərində yеrləşən bu abidədəki qəbirlər şərq istiqamətindədir. Yerli əhalinin verdiyi məlumata görə, vaxtilə nekropolun yaxınlığındakı “Kollu” adlı yerdə divar qalıqları olmuşdur. Orada müxtəlif dövrlərdə aparılan təsərrüfat işləri nəticəsində divarlar dağılmışdır. Humay qayası nekropolundakı qəbirlərin quruluşuna əsasən, abidənin erkən orta əsrlər dövrünə aid olduğunu ehtimal etmək olar. Bu abidənin öyrənilməsi zamanı iki mühüm faktı nəzərə almaq lazımdır. Həmin faktlardan biri abidədəki qəbirlərin qiblə istiqamətində olmasıdır. Digər mühüm fakt nekropolun yerləşdiyi ərazinin adı ilə bağlı insanların yaddaşlarında qalan əfsanə və rəvayətlərdən ibarətdir. Əfsanə və rəvayətlərdə Humay (Umay) ilahəsi ilə Humay quşu arasındakı mif yaхınlığı daha aydın şəkildə görünür. Gəmiqaya ətrafındakı Tivi, Nəsirvaz və Bist kəndlərinin sakinləri ilə söhbətləşərkən məlum oldu ki, həmin ərazinin Humay qayası adlanması ilə bağlı iki əfsanə insanların yaddaşında dövrümüzədək yaşamaqdadır. Əfsanələrdən birində deyilir ki, Humay adlı gözəl bir qız olmuşdur. Bu qızla kəndin (hansı kəndin çobanı olduğu dəqiq bilinmir) çobanı bir-birini sevirmişlər. Humayın gözəlliyinə aşiq olan varlı bir oğlan onu zorla almaq istəyir. Sevgilisindən ayrılmamağa söz verən Humay varlı oğlanla evlənməmək üçün kənddən qaçmış, özünü qayadan atmışdır. Buna görə də oraya “Humay qayası” adı verilmişdir.
Digər əfsanədə bu qayanın adının Humay quşunun daşla bağlılığından bəhs edilir.
Humay qayası abidəsinin onun Gəmiqaya ətrafındakı digər arxeoloji abidələrlə müqayisə edilməsi də bizə zəngin faktlar verir. Onun Bibqətəl və Qara pirlə müqayisəsi zamanı məlum olur ki, hər üç abidəni (Humay qayası, Bibqətəl piri, Qara pir) birləşdirən əsas cəhət onlara aid əfsanələrdə dağla bağlı inamdan bəhs edilməsidir. Mənbələrə nəzər salarkən görürük ki, türk mifologiyasında dağa olan inam, dağ kultu geniş yayılmışdır və həmin mənbələrdə qeyd edilir ki, kiçik dağlar daha böyük dağlara tabedirlər, dağlar bir yerdən başqa yerə gedə bilər, bir-birləri ilə döyüşər, hətta evlənərlər. Humay qayası ilə yanaşı, Gəmiqaya ətrafında da aparılan araşdırmalar zamanı tərəfimizdən aşkarlanan Tivi kəndində ilk dəfə qeydə alınmış kitabələr, üzərində insan təsviri olan sütun altlıq və bir ədəd mis pul (fels) maraqlı arxeoloji tapıntılardan olub, Naxçıvanın qədim və zəngin tarixini öyrənmək baxımından mühüm əhəmiyyət daşıyır və öz tədqiqatçılarını gözləyir. Kitabələrdən biri yaxşı qalmadığından onun üzərini oxumaq çətinlik törədir. Digər kitabənin üzərində, daşın yuxarı hissəsində 1229 (1229 hicri tarixi – miladi 24.12.1813-13.12.1814), ondan bir qədər aşağıda isə ərəb əlifbası ilə söz yazılmışdır. AMEA Naxçıvan Bölməsi Əlyazmalar Fondunun direktoru Fəxrəddin Eylazov tərəfindən kitabənin üzəri oxunarkən müəyyən olunmuşdur ki, orada Məhəmməd Əli Əkbər Azər sözləri yazılmışdır. Tivi kəndi ərazisindən tapılmış mis pulun bir üzündə tovuzquşu rəsmi çəkilmişdir. Onun digər üzündə isə qılınc, qalxan və kiçik ayparanın təsvirini görürük. Fəxrəddin Eylazov tərəfindən oxunan bu yazıda müəyyən edilmişdir ki, sikkənin üzərində ərəb yazısı ilə 404 (404 hicri tarixi – miladi 13.07.1013-cü ildən 01.07.1014-cü ilə qədər) və “Qol rəbb sad” sözləri yazılmışdır. Bu sözü “Allah-Taala Peyğəmbərə dedi” mənasında izah etmək olar. Gəmiqaya ətrafında aparılan arxeoloji tədqiqatlar zamanı Darkənddə qeydə alınmış kitabə də maraqlı arxeoloji materiallardan olub, tariximizin öyrənilməsində mühüm yer tutur.
Yeni arxeoloji materialların öyrənilməsi onu deməyə əsas verir ki, qədim tarixə və mədəniyyətə malik olan Naxçıvandakı Gilançay vadisində, Gəmiqaya ətrafında hələ də tarixin daş yaddaşına çevrilən, öz tədqiqatçılarını gözləyən abidələrimiz qalmaqdadır.
Toğrul XƏLİLOV
AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru