“Üç gün, üç gecə oturub Tiflisdə general Haskelə memorandum yazdım. …Memorandumu generala təqdim etdim”
Onu ən yaxşı halda yazıçı, jurnalist, tərcüməçi və Naxçıvanın azadlığı uğrunda döyüşən bir əsgər kimi xatırlayırıq çox zaman. Naxçıvanın “təyini-müqəddəratı”nın 90 illik yubileyini qeyd etdiyimiz bu günlərdə Əli Səbri Qasımovun diplomat kimi göstərdiyi fəaliyyətini xatırlamadan keçmək olmaz. Çünki hələ 1918-1919-cu illərdə Əli Səbri Qasımov və Naxçıvanın digər vətənpərvərləri ölüm-dirim mübarizəsinə atılmasaydılar, amerikalı generallara idarəçi deyil, hərbçi olduqlarını xatırlatmasaydılar, yəqin ki, 1924-cü il muxtariyyətinin qazanılması haqqında danışmaq bir az çətin olardı. Öz taleyi uğrunda vuruşmayan xalq üçün heç bir beynəlxalq qüvvə muxtariyyət tələb etmək gücündə olmayacaqdı. Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir. Bu tarixi nailiyyətin baş müəllifi isə naxçıvanlılardır. Kalbalı xan, Rəhim xan, Behbud ağa Şahtaxtinski, Əli Səbri Qasımovun simasında Naxçıvan əhalisi…
Əli Səbri Qasımov 1892-ci ildə Nehrəm kəndində dünyaya göz açıb. O Nehrəm kəndində ki, hər zaman özünün qəhrəmanlığı, mübarizliyi ilə seçilən tarixi Azərbaycan kəndlərindən biri olub.
Təhsilini Naxçıvanda Məhəmməd Tağı Sidqinin “Məktəbi-tərbiyə”sində və Qori Müəllimlər Seminariyasında alan Əli Səbri Qasımovun geniş ədəbi fəaliyyəti haqqında filologiya elmləri doktoru Hüseyn Həşimlinin “Əli Səbri” adlı kitabında, bir çox müəlliflər tərəfindən yazılan məqalələrdə məlumat verilmişdir.
Səngərlərdən siyasi danışıqlara...
Əli Səbri Qasımovun diplomatik fəaliyyəti Naxçıvanın və ümumilikdə, Azərbaycanın tarixi taleyinin ən çətin və kəşməkəşli dövrlərindən biri hesab edilən 1918-1919-cu illərə təsadüf edir. Bu zaman Naxçıvan uğrunda gedən mübarizə, Naxçıvana ermənilərin əsassız ərazi iddiaları Əli Səbri Qasımovu lazım gəldiyi anda əldə silah doğma yurdun müdafiəsinə qalxmağa vadar etmişdir. Bizə qədər yazılan məqalələrdə onun diplomat fəaliyyətinin daha çox Amerika generalı Haskellə görüşü məqamı göstərilmişdir. Lakin Naxçıvanın və naxçıvanlıların mənafeyinin əzmkar mübarizi kimi Əli Səbri Qasımov təkcə Amerika generalı Haskellə deyil, Azərbaycan Xalq Cümhuriyyətinin Baş naziri Nəsib bəy Yusifbəyli, Azərbaycan Xalq Cümhuriyyətinin xarici işlər naziri Məmməd Yusif Cəfərovla görüşlər keçirmiş, 1919-cu il sentyabrın 9-da Naxçıvan, Ordubad, Şərur, Sürməli, Vedibasar mahallarının əhalisi adından hazırlanaraq Azərbaycan Xalq Cümhuriyyətinin başçılarına göndərilən sənədə imza atmışdır.
O, Amerika generalına siyasətçi deyil, hərbçi olduğunu etiraf etdirdi...
Əli Səbri Qasımovun Amerika generalı Haskellə Tiflis görüşündə səslənən fikirlər, sadəcə, alovlu bir vətənpərvərin deyil, eləcə də hərbin və siyasətin qarşılıqlı təsirini yaxşı bilən bir diplomatın fikirləridir. Tarixçi alim Musa Quliyev “Tariximizin qəhrəmanlıq mücahidi Əli Səbri Qasımov haqqında bəzi qeydlər” adlı məqaləsində yazır ki, Haskelə naxçıvanlılar adından memorandumu təqdim edən Əli Səbri Qasımov demişdir: “Əgər bu tələblər qəbul olunmasa, naxçıvanlılar öz istiqlaliyyətlərini əldə silah qoruyacaqlar”.
Qeyd edək ki, Naxçıvan əhalisi adından Amerika generalı Haskelə memorandum təqdim edilməsinin səbəbi regiona hərbi qüvvə kimi gələn Amerika nümayəndələrinin idarəçiliyi ələ almaq cəhdləri, buna nail ola bilmədikləri təqdirdə isə tarixən müsəlmanların və Azərbaycan türklərinin yaşadıqları əraziləri, o cümlədən Naxçıvan, Ordubad, Şərur, Vedibasar, Sürməli və digər əraziləri ermənilərin idarəçiliyinə vermək niyyətləri olmuşdur.
Qeyd edək ki, hələ bir müddət öncə ingilislərin dəstəyi ilə Naxçıvanda yaradılmasına cəhd göstərilən “erməni idarəçiliyini” süpürüb atmış naxçıvanlılar bu diyarın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu elan etmişdilər. Qafqaza gələrək Tiflisdə qərargah yaradan Amerika generalı Haskel isə Naxçıvan ətrafında bitərəf bölgə yaratmaq və burada Amerika valiliyi təsis etmək məqsədilə avqust ayında Bakıya gedərək Azərbaycan hökuməti ilə danışıqlar aparmış və hökumətlə 12 bənddən ibarət razılıq əldə edilmişdi. Türk tarixçisi İbrahim Ethem Atnurun “Osmanlı idarəçiliyindən sovet idarəçiliyinə qədər Naxçıvan (1918-1920)” adlı kitabında ilk razılaşmanın şərtləri ilə tanış olarkən məlum olur ki, Azərbaycan hökuməti, sadəcə olaraq, müvəqqəti general-qubernatorluğun yaradılması ilə razılaşmışdır. Bundan əlavə, razılaşmada general-qubernatorluq ərazisində məhkəmə, dəmir və şose yolları, poçt və teleqraf, milli təhsil məsələlərinin Naxçıvanda mövcud olan Milli Şuranın səlahiyyətində olduğu, general-qubernatorluq büdcəsinin Azərbaycan xəzinəsi tərəfindən təmin edildiyi, ərazidə rəsmi pul vahidinin Azərbaycan pulu olacağı, Bakı-Culfa dəmir yolunun inşaat sahəsinin Azərbaycanın nəzarətində olacağı da əksini tapmışdır.
Lakin Tiflisə qayıtdıqdan sonra Haskel Azərbaycanın və Naxçıvanın mənafeyinə zidd, ermənilərin isə əsassız iddialarına şərait yaradacaq 21 maddəlik yeni bir layihəni imzalayaraq Azərbaycan və Ermənistan hökumətlərinə göndərmişdi. Az sonra ermənilərin təkliflərini alan Haskel Dərələyəz ərazisinin yaradılacaq bitərəf bölgəyə deyil, Ermənistana aid edilməsi, bitərəf bölgədə Ermənistanın imtiyazlı tərəf kimi tanınması, Azərbaycanın bölgəyə pul göndərməsinin qadağan edilməsi, Bakı-Culfa dəmir yolu xəttinin Azərbaycan tərəfindən inşasına icazə verilməməsi, Zəngəzurun erməni bölgəsi kimi tanınması ilə razılaşmışdır. Belə bir şəraitdə Haskel Azərbaycan hökumətini də təhdid edir, ona Şimal təhlükəsinə qarşı yardım etməyəcəyini bildirirdi. Məhz bu vəziyyətdə Əli Səbri Qasımov və Əsgərov soyadlı bir nəfər Araz vadisi müsəlmanlarının nümayəndələri kimi sentyabrın ortalarında Tiflisdə general Haskellə görüşmüşdülər. Bundan əvvəl isə Əli Səbri Qasımov burada Azərbaycan Xalq Cümhuriyyətinin Baş naziri Nəsib bəy Yusifbəyli ilə görüşmüş, Azərbaycan Xalq Cümhuriyyətinə bağlılıqlarını ifadə etmişdi.
İndiyə qədər yazılan məqalə və tədqiqat əsərlərində memorandumdakı maddələrin sayı iki cür göstərilir: 10 və 17. Akademik İsmayıl Hacıyev “Azərbaycan Xalq Cümhuriyyəti və Naxçıvan”, İ.Atnur isə “Osmanlı idarəçiliyindən sovet idarəçiliyinə qədər Naxçıvan (1918-1920)” adlı əsərlərində maddələrin sayının 10 olduğunu göstərirlər. Qeyd edək ki, Azərbaycan Respublikası Mərkəzi Dövlət Ən Yeni Tarix Arxivinin sənədlərinə əsaslanan bu müəlliflərin göstərdiyi rəqəmin doğru olduğu daha ağılabatandır.
Memorandumda Araz vadisindəki müsəlman bölgələrində referendumun keçirilməsi, bölgə əhalisinin yalnız Paris Sülh Konfransında bölgənin Azərbaycana aid olmasının təsdiqlənməsinə qədər Amerika general-qubernatorluğunu qəbul etməsi və sair məsələlər əksini tapmışdı.
Məhz Əli Səbri Qasımovun əzmkarlığı və gətirdiyi dəlillər qarşısında general Haskel maraqlı bir etiraf etmişdi. Biz oxucularımıza bu görüşü Əli Səbri Qasımovun yazdığı “Xatirələr, duyğular” adlı memuarının dili ilə çatdırmaq istərdik. Beləliklə, “Azərbaycan” ədəbi-bədii jurnalının 11 noyabr 1982-ci il tarixli sayında çap olunan “Xatirələr, duyğular” adlı memuarda Əli Səbri Qasımov yazırdı: “1919-cu ildə Antanta qoşunları Zaqafqaziyanı işğal edərkən ordu komandanı Amerikan generalı Qaskel idi. O zaman Ermənistanda hakimiyyət daşnak partiyasının əlinə keçmişdi.
Naxçıvanda gərgin vəziyyət yaranmışdı, camaat ancaq Zəngəzur yolu ilə Bakıya və Tiflisə gedə bilirdi.
Naxçıvanlılar həmin yolla yaşlı bir kişini – Əsgərov soyadlı birisini mənim yanıma göndərdilər. Üç gün, üç gecə oturub Tiflisdə general Qaskelə memorandum yazdım.
...Memorandumu generala təqdim etdim. Tərcüməçilər orda yazılanları generala çatdırdılar.
O, fikrə getdi. Mən pəncərədən çöl tərəfə baxırdım. General başını aşağı salıb nə isə düşünürdü. Nəhayət, Qaskel başını qaldırdı:
– Sabri cənablarına deyin ki, mən soldatam. Mənim siyasətlə işim yoxdur...
İki gündən sonra yerli qəzetlər “Naxçıvan nümayəndələri Qaskelin yanında” sərlövhəsi ilə danışıqların təfsilatını çap etmişdilər. Əsgərov həmin qəzetdən bir neçəsini alıb Naxçıvana qayıtdı”.
Azərbaycan hökuməti Naxçıvan əhalisinin istəmədiyi planda iştirak etməyəcək...
Qeyd edək ki, bundan sonrakı dövrdə Amerika nümayəndələri ilə Naxçıvanda aparılan danışıqlar və yerli əhalinin ciddi müqaviməti nəticəsində amerikalılar Naxçıvanda məqsədlərinə nail ola bilmədilər. Naxçıvan əhalisinin ciddi müqaviməti özü də çətin vəziyyətdə olan Azərbaycan Xalq Cümhuriyyətinə bu plandan imtina etmək üçün əsas verdi. Belə ki, Azərbaycan hökuməti amerikalılara tam general-qubernatorluğun qurulması ərəfəsində belə bir cavab verdi: “Azərbaycan hökuməti Naxçıvan əhalisinin istəmədiyi bu planda iştirak etməyəcək”.
Tarixçi Nail Əliyev “Əli Səbri Qasımov – unudulmaqda olan diplomat, döyüşçü, yazıçı” məqaləsində “Azərbaycan” qəzetinin 1919-cu ildə çapdan çıxmış 193-cü sayından Əli Səbri Qasımovun Transqafqaz ali komissarı Haskellə dialoqdan maraqlı bir məqamı sitat gətirir: “Naxçıvan əlində silah öz istiqlalını son nəfəsinədək qoruyacaq. Biz Ermənistan adlı hökuməti tanımırıq. Bütün gücümüzlə belə hökuməti ona görə rədd edirik ki, biz təyini-müqəddərat istəyirik... bu, bizim hüququmuzdur, onu heç kimə güzəşt etmərik.
Özünə azadlıq alan xalq hətta Azərbaycan hökumətinə ixtiyar verməz ki, onun xüsusi arzusuna riayət etməyib taleyini həll etsin, bu, mütləq nəzərə alınmalıdır”.
Bəli, Əli Səbri Qasımovun bütün naxçıvanlıların arzusunu ifadə edən “təyini-müqəddərat” tələbindən sonralar onun həmyerlisi, digər bir görkəmli diplomatımız Behbud ağa Şahtaxtinskinin muxtariyyət tələbləri doğdu. O muxtariyyət ki, Naxçıvanda azərbaycanlı kimliyini qorudu. O azərbaycanlı KİMLİYİ isə dünyaya BÜTÜN DÖVRLƏRİN ƏN BÖYÜK AZƏRBAYCANLISI olan dahi Heydər Əliyevi bəxş etdi. O dahini ki, Naxçıvanın tarixi keçmişini və muxtariyyətinin əsaslarını gözəl bilirdi və bu bilik XX əsrin 90-cı illərində Naxçıvanı işğaldan və təcavüzdən qorudu. O tarixi ki, onu gözəl bilməsək, coğrafiyamızı başqaları müəyyənləşdirər.
Elnur KƏLBİZADƏ