Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin 1924-cü il 6 mart tarixli qərarı ilə Naxçıvan MSSR Mərkəzi Statistika İdarəsi yaradılmışdır. İdarə 1931-ci ildə Naxçıvan MSSR Dövlət Plan Komitəsi nəzdində Xalq Təsərrüfatının Qeydiyyat İdarəsi, 1934-cü ildə Naxçıvan MSSR Xalq Təsərrüfatı Uçotu İdarəsi, 1946-cı ilin mart ayından isə yenidən Naxçıvan MSSR Mərkəzi Statistika İdarəsi adlandırılmışdır. 1993-cü ildə Naxçıvan Muxtar Respublikası Statistika İdarəsinin nəzdində Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsi yaradılmışdır.
İdarənin yarandığı ilk illərdə əsas fəaliyyət sahəsi kimi əhali uçotu üstünlük təşkil etmişdir. 1932-ci ildə ilk dəfə olaraq sənaye müəssisələrinin, sovxozların, 1934-cü ildə isə kolxozlar üzrə illik hesabat məlumatlarının yığılıb işlənilməsinə başlanılmışdır. Ötən əsrin 70-80-ci illərində isə statistika orqanları öz fəaliyyətlərini, əsasən, dövlət planlarının və tapşırıqlarının yerinə yetirilmə vəziyyəti, eləcə də xalq təsərrüfatında mövcud olan ehtiyatların aşkara çıxarılması istiqamətində qurmuşdur.
Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsi hazırda muxtar respublikada statistika sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən sosial, iqtisadi, demoqrafik və ekoloji vəziyyət ilə bağlı rəsmi statistik məlumatları vahid metodologiya əsasında formalaşdıran mərkəzi icra hakimiyyəti orqanıdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2009-cu il 6 iyul tarixli Fərmanı ilə komitənin yeni Əsasnaməsi təsdiq edilmiş, onun əsas fəaliyyət istiqamətləri, vəzifə və hüquqları müəyyənləşdirilmişdir. Muxtar respublikada idarəetmənin səmərəli təşkili üzrə həyata keçirilən davamlı tədbirlər çərçivəsində Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin kadr potensialının və maddi-texniki bazasının gücləndirilməsi işi də diqqət mərkəzində saxlanılmış, Naxçıvan Şəhər və Kəngərli Rayon Statistika idarələri yaradılmış, komitəyə yeni ştat vahidləri verilmişdir. Bundan əlavə, ötən dövr ərzində Şərur Rayon Statistika İdarəsi üçün yeni inzibati bina istifadəyə verilmiş, Ordubad, Kəngərli və Sədərək Rayon Statistika idarələrində iş şəraiti yaxşılaşdırılmışdır. 2010-cu ildə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin və Naxçıvan Şəhər Statistika İdarəsinin yeni inzibati binasının istifadəyə verilməsi isə bu sahədə həyata keçirilən tədbirlərin davamı kimi mühüm əhəmiyyətə malik olmuşdur.
Bu gün komitə tərəfindən muxtar respublikada sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat, rabitə, energetika, ticarət, turizm, demoqrafiya, əmək, sosial sektor, idarəetmə üzrə hesabatların yığılması, statistik məlumatların əks olunduğu nəşrlərin, məruzə və məcmuələrin hazırlanması, statistik müşahidələr, əhali və kənd təsərrüfatı siyahıyaalmaları həyata keçirilməkdədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2008-ci il 12 yanvar tarixli Sərəncamı ilə “2008-2012-ci illərdə Naxçıvan Muxtar Respublikasında rəsmi statistikanın təkmilləşdirilməsinə dair Dövlət Proqramı” təsdiq olunmuşdur. Dövlət proqramının tələblərinə uyğun olaraq, ötən dövr ərzində iqtisadi sahələr üzrə makroiqtisadi göstəricilərin və onların hesablanması metodologiyasının, beynəlxalq statistika standartlarının tələblərinə əsasən, statistik müşahidələrin və göstəricilərin metodologiya və proqramlarının təkmilləşdirilməsinə, statistik informasiyanın istifadəçiləri ilə qarşılıqlı əlaqə sisteminin inkişafına və digər məsələlərə xüsusi diqqət yetirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2007-ci il 14 mart tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasında əhalinin siyahıya alınmasına yardım komissiyası yaradılmış və əhalinin siyahıya alınması keçirilmişdir. Əhalinin siyahıya alınması nəticəsində muxtar respublikada əhalinin demoqrafik vəziyyəti, sayı, tərkibi və yerləşməsi haqqında, habelə sosial-iqtisadi proqnozların aparılması üçün lazım olan məlumatlar əldə edilmişdir.
Hazırda muxtar respublikada rəsmi statistika fəaliyyəti üzrə əsas məqsəd statistika sahəsində həyata keçirilən islahatların, məlumat təminatının daha da yaxşılaşdırılması, statistik göstəricilər sisteminin müasir standartlar səviyyəsinə çatdırılmasından ibarətdir. Son illərdə rəsmi statistika sahəsindəki müsbət dəyişikliklərlə yanaşı, muxtar respublika iqtisadiyyatının modernləşdirilməsi və cəmiyyət həyatında gedən proseslərin rəsmi statistikada əks etdirilməsinin zəruriliyi dövlət statistika orqanları qarşısında yeni vəzifələr qoymuşdur. Bu gün statistika sistemində dəyişikliklər statistik göstəricilərin müntəzəm olaraq təkmilləşdirilməsi, dövlət statistika orqanlarının vahid informasiya sisteminin, o cümlədən elektron statistikanın inkişafı və statistika sistemində beynəlxalq əlaqələrin genişləndirilməsi yolu ilə həyata keçirilməkdədir.
Dövlət statistika sisteminin informasiya texnologiyalarının texniki və proqram-texnoloji təminatının təkmilləşdirilməsi istiqamətində görülən işlərin tərkib hissəsi olaraq komitənin yeni internet saytı yaradılmışdır. İnternet səhifəsində statistik məlumatlar, hesabat formaları, təlimatlar, metodoloji izahlar yerləşdirilmişdir. Müəssisə və təşkilatlar tərəfindən hesabatların elektron formada təqdim olunması üçün saytda “Rəsmi statistik hesabatların təqdim edilməsi” bölməsi yaradılmışdır.
Ölkə Prezidentinin və Ali Məclis Sədrinin fərman və sərəncamları ilə qəbul olunan dövlət proqramlarının icrası istiqamətində qarşıya qoyulan vəzifələrin icrası da komitə tərəfindən daim diqqət mərkəzində saxlanılır. Belə ki, dövlət proqramlarında nəzərdə tutulan vəzifələrin icrası ilə bağlı müvafiq qurumlar tərəfindən təqdim edilən hesabatlar əsasında təhlili və müqayisəli məlumatlar hazırlanır. Bu da nəzərdə tutulan işlərin yerinə yetirilməsi haqqında ətraflı məlumatların əldə olunmasına imkan verir.
Ötən dövr ərzində statistika orqanlarında çalışan əməkdaşların əməyi dövlət tərəfindən yüksək qiymətləndirilmiş, komitənin 3 əməkdaşı “Dövlət qulluğunda fərqlənməyə görə”, 1 əməkdaşı isə “Tərəqqi” medalları ilə təltif olunmuşlar.
Yaradılmasının 90 illiyini qeyd edən Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin əməkdaşları bundan sonra da qarşıda duran vəzifələrin uğurla icrası, müasir standartlara uyğun statistika işinin təşkili və bu istiqamətdə yeniliklərin tətbiqi məqsədilə səylə çalışacaqlar.
Naxçıvan Muxtar Respublikası
Dövlət Statistika Komitəsinin mətbuat xidməti