22 Dekabr 2024, Bazar

Dünən Naxçıvan Dövlət Tarix Muzeyində Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.    
Tədbiri giriş sözü ilə muzeyin direktoru Nizami Rəhimov açaraq “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir” mövzusunda məruzə ilə çıxış etmişdir. Bildirilmişdir ki, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası çox mürəkkəb, çətin və kəşməkəşli tarixi inkişaf yolu keçmişdir. Vaxtilə coğrafi cəhətdən Azərbaycanın mərkəzi ərazilərindən olan Naxçıvan XX əsrin əvvəllərində Azərbaycandan ayrı düşmüş, onunla sərhədi ləğv olunmuşdur. Erməni daşnakları böyük güclərin dəstəyi ilə yaranmış bu şəraitdən yararlanaraq Naxçıvanı işğal etməyə çalışmışlar. Lakin qəhrəman naxçıvanlıların mərdlik və igidliklə apardıqları mübarizə məkrli düşmənlərin arzularının reallaşmasına imkan verməmişdir. Naxçıvan diyarının əhalisi heç vaxt özünü Azərbaycan­dan ayrı təsəvvür etməmiş və 1921-ci ilin yanvarında keçirilən rəy sorğusunda mahalın muxtar respublika hüququnda Azərbaycanın tərkibində qalmasına səs verilmişdir.

Qeyd olunmuşdur ki, Naxçıvanın Azərbaycanın tərkibində qalmasında görkəmli diplomat Behbud ağa Şahtaxtinskinin böyük əməyi və xidməti olmuşdur. Onun təklifi, Türkiyə tərəfinin tələbi ilə Naxçıvan üzərində Azərbaycanın suverenliyinin təmin edilməsinə və ən nəhayət, Naxçıvan əhalisinin apardığı inadlı mübarizə Naxçıvanın Azərbaycanın tərkibində qalmasına səbəb olmuşdur. Güney Qafqaz respublikaları ilə Türkiyə arasında 1921-ci ildə imzalanan Qars müqaviləsi Naxçıvanın ərazi mənsubiyyəti məsələsini bir daha təsdiqləmiş və onun sərhədlərini qəti surətdə müəyyənləşdirmişdir. Vurğulanmışdır ki, ötən əsrin sonlarında, Naxçıvanda ictimai-siyasi proseslərin gərginləşdiyi bir dövrdə Qars müqaviləsi ümummilli lider Heydər Əliyev tərəfindən yenidən gündəmə gətirilmiş, regionun təhlükəsizliyinin təmin edilməsində bu sənəd mühüm əhəmiyyət kəsb etmişdir.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Gülbuta Babayevanın “Naxçıvan Muxtar Respublikasının 90 illiyinin dövlət səviyyəsində qeyd olunması və 2014-cü ilin Naxçıvan Muxtar Respublikasında “Muxtariyyət ili” elan olunması tarixi hadisədir”, Heydər Əliyev Muzeyinin direktoru Ramil Oruc­əliyevin “Ulu öndər Heydər Əliyev və Naxçıvanın muxtariyyəti”, Naxçıvan Muxtar Respublikası Ədəbiyyat Muzeyinin direktoru Aləmzər İbrahimovanın “Naxçıvan mədəniyyəti və ədəbiyyatı muxtariyyət illərində” mövzularında məruzələri dinlənilmişdir.
Tədbirdə Naxçıvan Qızlar Liseyinin şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.
Sonda tədbir iştirakçıları muzeydə yeni hazırlanmış “Naxçıvan Muxtar Respublikası – 90” adlı sərgiyə baxmışlar.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR