Sədərək Rayon İcra Hakimiyyətində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə seminar keçirilib. Seminarda vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının qanunvericiliyin tələblərinə uyğun aparılması sahəsində rayondakı mövcud vəziyyət müzakirə edilib.
Tədbiri giriş sözü ilə Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Həbib İbrahimov açaraq deyib ki, sərhəd bölgəsində inzibati ərazi dairəsi üzrə nümayəndəliklər üçün müasir standartlara uyğun iş şəraiti yaradılıb. Yaradılan şəraitin müqabilində icra nümayəndələri yüksək iş keyfiyyəti nümayiş etdirməli, qanunvericiliyin tələblərinə əməl olunmasına maksimum səy göstərməlidirlər.
Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri Suliddin Əliyev çıxış edərək bildirib ki, qanun üzrə hüquq və vəzifələrin meydana gəlməsi, dəyişdirilməsi və onlara xitam verilməsinə səbəb olan hadisələr və vətəndaşların hərəkətləri vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı vasitəsilə rəsmiləşdirilir. Muxtar respublika Ədliyyə Nazirliyinin rayon və şəhər Qeydiyyat şöbələri ilə yanaşı, inzibati ərazi dairəsi üzrə nümayəndəliklər də doğumun, nikahın bağlanması və ölümün qeydiyyatını aparır.
Qeyd edilib ki, Sədərək rayonunda doğum, nikah və ölümün qeydiyyatı 3 inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən rəsmiləşdirilir. 2009-2013-cü illər ərzində rayonun icra nümayəndəlikləri tərəfindən doğum, nikah və ölümün qeydiyyatı ilə bağlı 1422 əməliyyat aparılıb. Onlardan 259 əməliyyat 2013-cü ilin payına düşüb. 2009-2013-cü illər ərzində Sədərək rayonunda icra nümayəndələri üçün 14 dəfə seminar təşkil olunub. Nazirlik tərəfindən icra nümayəndələri müvafiq reyestr, akt qeydləri və şəhadətnamələrlə vaxtında təmin ediliblər. Sədərək rayonundakı inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı vəziyyətinin öyrənilməsi məqsədilə 2009-2013-cü illər ərzində rayon İcra Hakimiyyəti ilə birlikdə 10 dəfə yoxlama aparılıb, aşkar olunan nöqsanların aradan qaldırılması üçün metodik köməkliklər göstərilib.
Nazir diqqətə çatdırıb ki, hər bir icra nümayəndəsi fəaliyyətini qanunvericiliyə uyğun təşkil etməli, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin, kargüzarlıq qaydalarını müəyyən edən təlimatın tələblərinə əməl etməlidir.
Tədbirə Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Həbib İbrahimov yekun vurub.
Xəbərlər şöbəsi