22 Dekabr 2024, Bazar

Və yaxud 1990-cı ilin 20 Yanvar hadisələri ilə bağlı “Şərq qapısı” qəzetində ilk etiraz məqalələrini kimlər yazıb?

Cəmiyyət ayrı-ayrı insanların, fərdlərin sosial əlaqələri, qarşılıqlı təsir münasibətlərinin nəticəsi olaraq meydana çıxan bir sistemdir. Yəni insanlar şüurlu şəkildə, ortaq maraqlar uğrunda birləşmək, cəm olmaq bacarığına yiyələnəndən sonra cəmiyyətə çevriliblər. Birləşmənin, bildiklərini təkcə özü üçün deyil, ətrafındakı insanların ümumi mənafeyi naminə sərf etmənin fərqinə isə ilk dəfə, yəqin ki, təfəkkürü daha yüksək inkişaf etmiş insanlar varıblar. Təkcə özlərinin deyil, ətrafdakı insanların da yoluna işıq saçmaq haqqında düşünən o insanları, bəlkə də, elə buna görə bəşər cəmiyyətinin ilk beşiklərindən olan Azərbaycanda ziyalı adlandırıblar.

Həqiqətən də, bizim cəmiyyətdə təkcə özünü inkişaf etdirib öz yoluna işıq saçanlara deyil, özünü cəmiyyət üçün inkişaf etdirib cəmiyyətin yoluna işıq saçanlara ziyalı deyiblər. Həqiqi ziyalı xalqının, ölkəsinin ən çətin günlərində xalqının sözünü deyə bilən insandır. Ölkəmizin, o cümlədən Naxçıvanımızın tarixinin ən çətin dövrlərindən birini 1990-cı ilin yanvarında yaşadığı kimsəyə sirr deyil. AMEA Naxçıvan Bölməsinin Tarix, Etno­qrafiya və Arxeologiya İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Musa Quliyev o zamankı hadisələrin müstəqil bir mətbu orqan olaraq çapdan çıxan “Şərq qapısı” qəzetinin ilk 7 sayında əksini tapdığını dedi və şəxsi arxivindən tapdığı qəzetin 6 sayını mənə təqdim etdi.

Qəzetin ilk nömrəsi 1990-cı ilin 20 yanvarında çıxmışdır. Qəzetin birinci səhifəsində o zaman Naxçıvan əhalisinin təkidli tələbi nəticəsində qəbul edilmiş “Naxçıvan Muxtar Sovet Sosialist Respublikasında yaranmış ictimai-siyasi vəziyyət haqqında” Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin Qərarının mətni yer almışdır. Bu, böyük sovet imperiyası haqqında mifin dağılmasının başlanğıcı olmuşdu. İkinci səhifədə Naxçıvan sakinlərinin BMT üzvü olan dövlətlərə, islam ölkələrinə, demokratik qruplara və təşkilatlara müraciəti əksini tapmışdır. Müraciətdə təkcə sovet rejimi tərəfindən Naxçıvanda deyil, ümumilikdə, Azərbaycan miqyasında baş verən hadisələrə diqqət yönəldilmişdir. Qəzetin elə həmin nömrəsində Bakıda törədilmiş qanlı hadisələr haqqında məlumat da verilmişdir. Qəzetin 21 yanvar tarixli ikinci nömrəsində yanvarın 18, 19, 20-si tarixlərində erməni millətçilərinin Sədərək kəndində törətdikləri qırğınlarla bağlı dünya xalqlarına müraciət, 23 yanvar tarixli üçüncü nömrəsində baş verən hadisələrlə bağlı Naxçıvan qadınlarının dünya qadınlarına müraciəti, 25 yanvar tarixli beşinci nömrəsində Naxçıvan ziyalılarının dünya xalqlarına müraciəti çap olunmuşdur. O günlərdə bir çox dəyərli ziyalılarımız, qələm sahiblərimiz də hadisələrlə bağlı vətəndaş mövqelərini ortaya qoymuş və hələ mövcudluğunu qoruyub saxlamaqda olan sovet rejiminə qarşı, işğalçıya qarşı həqiqi ziyalı kimi xalqla birlikdə olmuşlar. 
Fərman Xəlilovun qəzetin 21 yanvar tarixli sayında dərc olunan “Lənət belə “qardaşa!” adlı məqaləsində Sovet İttifaqının rəhbəri M.S.Qorbaç­ovun mərkəzi televiziya ilə 20 yanvar tarixli çıxışında Azərbaycanla bağlı səsləndirdiyi fikirlər kəskin tənqid olunmuşdur. Qorbaçovun çıxışında erməni fitnəkarlığının diqtəsi ilə rus şovinizminin birləşdiyini ifadə edən müəllif yazır: “Çıxışın hər sətrinin arxasında, demək olar ki, Azərbaycan xalqına qarşı yönəldilən hədə-qorxular, qərəzlər, iftiralar, ittihamlar və digər alçaq niyyətlər məharətlə gizlədilmişdir ki, bu üslub da xalqımıza “çar baba”nın vaxtından bəllidir”.
Qəzetin elə həmin nömrəsində şair-dramaturq Hüseyn Razinin “Xəyanət və qəddarlıq fəlsəfəsi” adlı irihəcmli məqaləsi gerçək ziyalı mövqeyi baxımından diqqət çəkir. Sovet İttifaqının “Hər şey insan üçün, hər şey insan naminə” şüarının, əslində, real mahiyyətinin artıq təhrifə uğradığını vurğulayan müəllif yazmışdır: “İllər boyu özünün qızıl qanını imperiyanın damarlarına axıdan, sərvətlərini təmənnasız paylayan, nankor və azğın erməni siyasətçilərinin süfrəsini bol nemətlərlə dolduran Azərbaycan bu gün qatı xəyanət və qəddarlıq fəlsəfəsindən doğan milli fəlakət həddində durmuşdur. Bunu doğma Bakımızın çöhrəsini bürümüş qəzəb və dəhşətli matəm buludları, Qarabağımızı zəncirləyən qara qüvvələr, qədim Naxçıvanın hüdudlarını tutmuş quldur dəstələri bir daha çılpaqlığı ilə göstərir”.
Yanvarın 20-də efirə gedən “Zaman” xəbərlər proqramının Azərbaycanla bağlı məlumatlarının saxtakarlıqla dolu olduğunu ifadə edən bu ziyalı M.Qorbaçova qarşı xalqın qəzəbini belə təsvir etmişdir: “M.S.Qorbaçov öz çıxışında bizi regionda baş verən hadisələrin günahkarı kimi təsvir etməklə özünün mənfur xəyanət və qəddarlıq fəlsəfəsini əsaslandırmağa çalışdı. Onun Bakıda yaratdığı cəhənnəmi heç bir elmi, siyasi, mənəvi, əxlaqi, dini, insani dəlillərlə əsaslandıra bilməsə də, hökumət başçısı qatı düşmənlərin qızışdırdığı alovun üstünə yağ töküb özünün bədnam siyasətini və hökmünü “vaxtında həyata keçirilmiş tədbir” kimi mənalandırmağa cəhd etdi”. Məqalədə Sədərəkdə baş verən hadisələrin də təhrifinə ciddi şəkildə etiraz ifadə olunmuşdur: “Zaman” xəbərlər proqramında Sədərəkdə baş verən hadisələrdə bizi günahkar və qəsbkar kimi göstərməyə çalışdılar. Məntiqsiz görünsə də, adi bir kəndin bütün Ermənistana qarşı qəsd etməyə hazır olduğunu sübut etməyə çalışmaq olsa-olsa, bütün insani məziyyətlərdən uzaqlaşmağın nəticəsidir”.
Azərbaycanın və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvanın o çətin, ağır günlərində şairlərimiz də səssiz qalmamış, düşmənə, işğalçıya və erməni millətçilərinə qarşı nifrəti şeirlərində ifadə etmişlər. Bu mənada qəzetin 23 yanvar tarixli nömrəsində çapdan çıxmış şair Səhlabın “Vaxtıdır” rədifli şeri xalqın igid övladlarını Vətəni qorumaq uğrunda ayağa qalxmağa səsləyir:

          Ümid qalıb təkcə gücə, yarağa,
          Öz haqqını, öz payını almağa,
          Xan Arazdan dəmir körpü salmağa,
          Qıratları yəhərləmək vaxtıdır.

Qəzetin həmin sayında çap olunan, imperiyanın xalqa qarşı törətdiyi qırğınlara ziyalı nifrətini ifadə edən ən maraqlı yazılardan biri də tarix üzrə fəlsəfə doktoru Musa Quliyevin “Azadlıq nəğmələri” yazısıdır. Müəllif ermənilərin tarixin bütün dövrlərində olduğu kimi, yenə də böyük dövlətlərin əlində alətə çevrildiyini və sovet imperiyası rəhbərlərinin də bu fitnəkarlığa dəstək verdiklərini qeyd edərək o günlərdə baş verən hadisələri Stalin terroru ilə müqayisə etmiş, lakin bütün qırğınlara baxmayaraq, xalqın azadlıq nəğməsinin daha gur səsləndiyini vurğulamışdır: “Bu çətin günlərdə xalqımız azadlıq nəğməsi oxuyur. Bu nəğmə göz yaşlarına qarışır və qara matəm bayraqları altında daha gur səslənir. Ancaq qara rəngin bir rəmzi mənası da var: qüdrətli, güclü olmaq. Bu ağır sınaq günlərində Azərbaycan xalqı mütəşəkkil birləşib. ...Gəlin hamımız Vətənimizin, torpağımızın müdafiəsi uğrunda şəhid olanların müqəddəs ruhuna, pak məzarına and içək. Onların oxuduqları azadlıq nəğmələrini daha gur səslə oxuyaq”.
“Şərq qapısı”nın 24 yanvar tarixli dördüncü nömrəsi. Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Yadigarın “Nahaq qan yerdə qalmaz” sərlövhəli məqaləsi. Məqalədə 1990-cı ilin yanvarında Bakıda baş verən hadisələr milli faciə kimi təsvir olunmuşdur. Bu faciənin rejissorunun M.S.Qorbaçov, aktyorlarının sərxoş rus əsgərləri, tamaşaçılarının daşnak ermənilər, rəssamları və qrimçilərinin isə efirlərə yalan, qan çiləyən “Zaman” xəbərlər proqramı, “Pravda”, “İzvestiya” qəzetləri olduğu qeyd edilmişdir. Məqalədə həmçinin belə bir ağır zamanda erməni quldurlarının müxtəliftipli raket və iriçaplı silahlarla Sədərəkdə törətdikləri qanlı qırğınlar təsvir olunmuşdur.
Qəzetin 27 yanvar 1990-cı il tarixli 7-ci sayında dəyərli ziyalılarımızdan, hazırda ömrünün və yaradıcılığının müdriklik çağlarını yaşayan filologiya elmləri doktoru, professor Yavuz Axund­lu, akademik İsa Həbibbəyli və Arif Əliyevin “Bu günlə səsləşən faciələr” məqaləsi, müəlliflərin təqdim etdikləri görkəmli ədib Məmməd Səid Ordubadinin “İfadeyi-məram” məqaləsi xüsusilə maraq doğurur.
“Bu günlə səsləşən faciələr” məqaləsində ermənilərin əsrlər boyu azərbaycanlılara qarşı törətdikləri qırğınlar, xəstətəfəkkürlü daşnakların “Böyük Ermənistan” ideyasının əsl mahiyyəti haqqında oxuculara maraqlı məlumatlar verilmişdir. Yazıda erməni obrazının real təsviri verilmişdir: “Onların əsas üsullarından biri də yalançı hay-küy salmaq, saxta şivən qoparmaq, özlərinin miskin əməllərini başqa xalqların ünvanına yazmaq, “yazıq erməni milləti” obrazı illüziyası yaratmaq olmuşdur”.
Məqalədə XX əsrin əvvəllərində millətlərarası münasibətlərin, erməni daşnaklarının Qafqazda, o cümlədən Azərbaycanda həyata keçirdikləri bəd əməllərinin obyektiv sübutu olan M.S.Ordubadinin “Qanlı sənələr” kitabından bəhs edilmiş, daha sonra isə yuxarıda da vurğuladığımız kimi, görkəmli yazıçının “İfadeyi-məram” adlı yazısı oxuculara təqdim olunmuşdur.

P.S. Əslində, bu məqaləni yazmaqda, o illərdə baş verən qanlı hadisələrə nəzər salmaqda məqsədim 1990-cı ilin yanvar hadisələrinin nə qədər qanlı, nə qədər məkrli olduğunu o dövrün qələm sahiblərinin yazılarının dilində bir daha oxucularımıza çatdırmaq idisə, digər tərəfdən bu gün özlərini “Naxçıvan ziyalısı” kimi təqdim edən, ölkəmizə və Naxçıvanımıza, burada görülən işlərə, inkişafa və tərəqqiyə qara yaxmaq istəyən adamlara əsl ziyalıların kim və necə olduğunu bir daha xatırlatmaqdır.
Ziyalı xalqının yanında olmalıdır, Azərbaycanın yanında olmalıdır, qanlar bahasına əldə edilmiş müstəqilliyimizi qorumanın davasında olmalıdır. Əsl ziyalılar o zaman da Azərbaycan xalqının yanında idilər, Azərbaycanımızın və Naxçıvanımızın inkişafına çalışırdılar, bu gün də burdadırlar. Unutmayın, heç kim və heç nə unudulmur!

Elnur Kəlbizadə

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR