Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada muxtar respublikanın daxili işlər orqanlarında vakant yerlərin tutulması məqsədilə elan edilən müsabiqənin test mərhələsi keçirilib.
TQDK-nın Naxçıvan Muxtar Respublikası Regional Bölməsi ilə birgə təşkil edilən və üç mərhələdən ibarət olan test imtahanında vakant yerlərin tutulması üçün 51 namizəd biliyini sınayıb. Namizədlər onlar üçün ayrılmış üç saat ərzində 100 suala cavab verməli olublar. Suallardan 80-i ixtisas biliklərindən, 20-si isə məntiqi təfəkkürün yoxlanılmasına aid test tapşırıqlarından ibarət olub.
Qeyd edək ki, test imtahanında müvəffəqiyyət qazanan namizədlər Daxili İşlər Nazirliyində keçiriləcək müsahibə mərhələsinə buraxılacaqlar. Müsahibəni uğurla başa vurmuş namizədlər muxtar respublikanın daxili işlər orqanlarında müstəntiq, təhqiqatçı, inspektor, post-patrul xidməti taqımının komandiri və digər vəzifələrə təyin ediləcəklər.
Xəbərlər şöbəsi