Martın 4-də “Muxtariyyət ili” ilə əlaqədar Heydər Əliyev Muzeyində Babək rayon Nehrəm kənd 1 və 3 nömrəli tam orta məktəbləri şagirdlərinin iştirakı ilə açıq dərs keçilmişdir.
Açıq dərsdə Nehrəm kənd 1 nömrəli tam orta məktəbin tarix müəllimi Şəlalə Vəlisoy və 3 nömrəli tam orta məktəbin tarix müəllimi Nazilə Həsənova “Muxtariyyət statusunun qorunmasında ulu öndər Heydər Əliyevin rolu” mövzusunda danışmışlar. Bildirmişlər ki, ötən əsrin sonlarında SSRİ-nin süqutundan sonra Azərbaycan, o cümlədən onun tərkib hissəsi olan Naxçıvan özünün mürəkkəb dövrünü yaşamış, sovet rəhbərliyinin ölkəmizin maraqlarına zidd siyasəti, ermənilərin Naxçıvana ərazi iddiaları muxtar respublikamızın ictimai-siyasi həyatına ciddi təsir göstərmişdir. Məhz həmin dövrdə Azərbaycan xalqının müdrik oğlu, ümummilli lider Heydər Əliyevin Bakıya, sonra isə Naxçıvana gəlişi regionun təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynamışdır.
Ermənilərin Naxçıvana əsassız ərazi iddialarının və muxtar respublikaya silahlı hücumlarının qarşısının alınması yalnız dahi şəxsiyyətin qətiyyətli addımları sayəsində mümkün olmuşdur. Belə ki, ümummilli lider Heydər Əliyevin səyləri nəticəsində Naxçıvanın muxtariyyət statusunu təsdiq edən Qars müqaviləsi gündəmə gətirilmişdir. 1921-ci ildə imzalanmış bu müqavilənin hüquqi statusunun tanınması regionun təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynamışdır.
Qeyd edilmişdir ki, dahi şəxsiyyətin təşəbbüsü ilə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adının dəyişdirilərək Naxçıvan Muxtar Respublikası adlandırılması, Azərbaycan Xalq Cümhuriyyətinin milli istiqlal rəmzi olan üçrəngli dövlət bayrağının Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərarlar qəbul olunmuşdur. Hansı ki, bu tarixi qərarlar sonra Azərbaycanın müstəqil dövlət kimi formalaşmasında əsas amillərdən olmuşdur. Beləliklə, Naxçıvanın muxtariyyət statusunu özündə ehtiva edən Qars müqaviləsinin yenidən gündəmə gətirilməsi, milli dövlətçilik strukturlarının bərpası və həmin dövrdə qonşu İran və Türkiyə respublikaları ilə bağlanmış əməkdaşlıq müqavilələri əsasında ikitərəfli əlaqələrin bütün sahələr üzrə inkişaf etdirilməsi muxtar respublikamızın sonrakı inkişaf mərhələlərində də öz müsbət nəticələrini ortaya qoymuşdur. 1991-1993-cü illərdə ümummilli lider Heydər Əliyevin Naxçıvandakı siyasi fəaliyyəti muxtar respublikanı geniş tərəqqi yoluna çıxarmış, onu ölkəmizin öndə gedən regionlarından birinə çevirmişdir.
Sonra şagirdlər muzeyin ekspozisiyası ilə tanış olmuşlar.
Xəbərlər şöbəsi