20 Yanvar faciəsinin 23-cü ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Təbriz şəhərindəki Baş Konsulluğunda anım tədbiri keçirilmişdir.
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Baş konsul Əli Əlizadə çıxış edərək 20 Yanvar faciəsinin səbəbləri və nəticələri barədə ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, 20 Yanvar faciəsi xalqımızın azadlıq və mübarizə tarixinə əbədi həkk olunmuşdur. Faciənin törədilməsində əsas məqsəd xalqın müstəqillik uğrunda apardığı mübarizəni yerindəcə boğmaq, Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddialarına şərait yaratmaqdan ibarət olmuşdur. 20 Yanvar faciəsinə ilk dəfə xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymət verildiyini bildirən Baş konsul demişdir ki, Azərbaycan xalqı heç vaxt bu faciəni unutmayacaq, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə aparmış şəhidlərimizin əziz xatirəsi daim qəlblərdə yaşayacaqdır.
Sonra 20 Yanvar faciəsindən bəhs edən “19 yanvar və bir gün sonra” adlı sənədli film nümayiş olunmuş, iştirakçılara 20 Yanvar faciəsini əks etdirən əyani vəsaitlər paylanmış, hazırlanmış fotostendlərə baxış olmuş, ehsan süfrəsi açılmışdır.
Anım tədbirində İran İslam Respublikası Xarici İşlər Nazirliyinin Şimal-Qərb Nümayəndəliyinin rəhbəri, Şərqi Azərbaycan Vilayətinin dövlət rəsmiləri, Türkiyə Respublikasının Təbrizdəki Baş Konsulluğunun əməkdaşları, Təbrizdə yaşayan Azərbaycan vətəndaşları və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Qeyd edək ki, yanvarın 17-də Təbrizin çoxtirajlı mətbuat orqanlarından olan “Şəhriyar” qəzetinin 251 saylı buraxılışında “20 Yanvar: şəhidlik-qəhrəmanlıq” adlı məqalə də dərc olunmuşdur.
“Şərq qapısı”