22 Dekabr 2024, Bazar

Hər il mart ayının 1-i “Ümumdünya Mülki Müdafiə Günü” kimi qeyd edilir. Bu günün qeyd olunmasında məqsəd dünya ictimaiyyətinin diqqətini mülki müdafiə xidmətlərinin, insanların və onların əmlakının xilası, təhlükəsizliyinin təmin edilməsi və ətraf mühitin qorunmasına yönəltməkdir.
Beynəlxalq Mülki Müdafiə Təşkilatına dünyanın 50-dən çox dövləti qoşulmuş, bir sıra ölkələr isə müşahidəçi qismində onun tədbirlərində iştirak edir. Azərbaycan Respublikası 1993-cü ildə Beynəlxalq Mülki Müdafiə Təşkilatının üzvlüyünə qəbul edilmişdir. Hazırda dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da mülki müdafiə sisteminin qarşısında iki mühüm məsələnin həlli durur. Birincisi, əhalini və iqtisadiyyatı təbii fəlakətlərin, habelə istehsalatda, nəqliyyatda və məişətdə baş verən dəhşətli qəzaların nəticələrindən xilas etmək, ikincisi isə müharibə dövründə dinc əhalini və iqtisadiyyatı qorumaqdır.

Azərbaycanda 1961-ci ildə yaradılmış ilk mülki müdafiə sistemi sovet imperiyasının mənafeyinə tabe etdirildiyindən respublika ərazisinin çox böyük hissəsi mühafizədən kənarda qalmış, ölkənin hərbi-strateji və iqtisadi əhəmiyyəti, təbii və digər xüsusiyyətləri nəzərə alınmamışdır. Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra mülki müdafiə sisteminin formalaşdırılması yolunda qətiyyətli addımlar atılmış, mühafizə işini müasir tələblər səviyyəsində qurmağa imkan verən bir çox normativ-hüquqi sənədlər qəbul olunmuşdur. Dahi şəxsiyyətin səyi nəticəsində mülki müdafiəyə rəhbərlik gücləndirilmiş, yerlərdə mülki müdafiə işinin təşkilinə nəzarət İcra Hakimiyyəti başçılarına, xalq təsərrüfatı sahələrində isə müvafiq sahə rəhbərlərinə həvalə edilmiş, təşkilatlarda mülki müdafiə tədbirlərinin planlaşdırması və təşkil edilməsi məqsədilə mülki müdafiə qərargahları fəaliyyətə başlamışdır. Bu dövrdə ölkəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması məqsədilə mülki müdafiə sistemi daha da təkmilləşdirilmiş, təbii və texnogen fəlakətlərdən əhalinin etibarlı şəkildə mühafizəsinin təşkili üçün konkret addımlar atılmış, 1997-ci il iyunun 10-da “Yanğın təhlükəsizliyi haqqında”, 1997-ci il dekabrın 30-da “Mülki müdafiə haqqında” Azərbaycan Respublikasının qanunları qəbul olunmuşdur. Ölkə başçısının müvafiq fərmanı ilə 2005-ci il dekabrın 16-da Azərbaycan Respublikasında Fövqəladə Hallar Nazirliyi təşkil olunmuş, onun maddi- texniki bazası gücləndirilmişdir.
Naxçıvan Muxtar Respublikası təbii və texnogen ərazi olduğundan burada ehtimal olunan fövqəladə hadisələrin qarşısının alınması və nəticələrinin aradan qaldırılması daim diqqət mərkəzində saxlanılır. 2004-cü ildə Naxçıvan Mülki Müdafiə Mərkəzinin tikilib istifadəyə verilməsi, onun bazasında əlahiddə mülki müdafiə xilasetmə taborunun yaradılması bu sahəyə göstərilən diqqətin daha bir ifadəsidir.
Son illər muxtar respublikamızda ehtimal olunan təbii və texnogen xarakterli fövqəladə hadisələrin qarşısının alınması və nəticələrinin aradan qaldırılması, yanğınların söndürülməsinin təşkili və mülki müdafiə işinin təkmilləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Ali Məclis Sədrinin 2005-ci il 30 dekabr tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin yaradılması da bu məqsədə xidmət edir. Ötən dövrdə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin inkişafına xüsusi diqqət göstərilmiş, onun maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilmişdir. Nazirlik sistemində struktur islahatlarının aparılması, idarəetmənin təkmilləşdirilməsi, peşəkar kadr potensialının yaradılması, müasir texnika və texnologiyaların iş prosesində tətbiqi diqqət mərkəzində saxlanmış, bununla bağlı kompleks tədbirlər həyata keçirilmişdir.
2008-ci ildə Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi və Naxçıvan Şəhər Şöbəsinin inzibati binası əsaslı təmir işlərindən sonra, 2009-cu ildə Kəngərli, Şahbuz, Ordubad rayon şöbələri, 2013-cü ildə isə Şərur və Babək rayon şöbələri üçün yeni inzibati binalar və texniki qarajlar tikilərək istifadəyə verilmişdir. Yanğın təhlükəsizliyi şöbələri üçün yaradılan müasir iş şəraiti muxtar respublikada yanğın təhlükəsizliyinin etibarlı təmin olunması, baş verə biləcək yanğınların vaxtında qarşısının alınması və söndürülməsi üçün yanğından mühafizə bölmələrinin fəaliyyətinin gücləndirilməsinə təkan vermişdir.
Muxtar respublika ərazisində ehtimal olunan fövqəladə hallara çevik reaksiyanın verilməsi, onların nəticələrinin aradan qaldırılması zamanı xüsusi riskli axtarış və qəza-xilasetmə əməliyyatlarının aparılması, zərərçəkmişlərə ilkin yardım və təxirəsalınmaz tibbi yardım göstərilməsi məqsədilə 2009-cu ildə Xüsusi Riskli Xilasetmə Xidməti yaradılaraq onun fəaliyyətinin təşkili üçün zəruri tədbirlər həyata keçirilmişdir. 2010-cu ildə isə Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsi fəaliyyətə başlamışdır. Nazirliyin mühüm fəaliyyət sahələrindən biri olan Aviasiya Manqasının yaradılması və fəaliyyətinin təmin olunması istiqamətində də müvafiq addımlar atılmış, 2010-cu ildə ən müasir standartlara cavab verən Mİ-17-1B vertolyotu gətirilmiş və Mülki Müdafiə Alayının təlim mərkəzində vertolyot meydançası tikilmişdir. Bu da fövqəladə hallar zamanı çevik müdaxilənin həyata keçirilməsində, rəhbər heyətin və xilasedicilərin hadisə rayonuna operativ çatdırılmasında mühüm rol oynayır.
Ötən il fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasında mühüm tapşırıqları yerinə yetirən Mülki Müdafiə Alayının maddi-texniki bazası əhəmiyyətli dərəcədə təkmilləşdirilərək onun ərazisində avtomobil parkı və təlim mərkəzi müasir standartlara uyğun tikilib istifadəyə verilmişdir. Avtomobil parkının texniki bokslarında, ümumilikdə, 36 ədəd xüsusi təyinatlı nəqliyyat vasitələrinin saxlanılması və təlimata uyğun texniki xidmətlərin göstərilməsi üçün lazımi şərait yaradılmışdır. Təlim mərkəzində şəxsi heyətin peşəkarlığının və fiziki hazır­lığının artırılması, onların peşə vərdişlərinin təkmilləşdirilməsi məqsədilə maneələr zolağı, alpinist və mühəndis şəhərcikləri yenidən qurulmuşdur. Radioaktiv və kimyəvi təhlükəli obyektlərdə qəzalar zamanı əhalinin və ərazilərin zəhərlənmələrdən mühafizəsinin təmin edilməsində, onların qarşısının alınması və ləğv edilməsində iştirak edən şəxsi heyətin bilik və bacarığının artırılması üçün kimya şəhərciyi təkmilləşdirilərək maddi-tədris bazası müasirləşdirilmişdir.
Nazirliyin inzibati binasında yaradılan Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin idarəetmə zalı fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması zamanı müvafiq qurumlarla birlikdə baş vermiş hadisənin təhlil edilməsi və həlli üzrə qərarların qəbulu üçün nəzərdə tutulmuşdur. İdarəetmə zalı hadisə yerini birbaşa izləmək üçün monitorla təchiz edilmiş, burada videokonfrans əlaqəsi qurmaq və baş verən hadisəni izləmək üçün zəruri qurğular quraşdırılmışdır. Əməliyyat zalındakı elektron xəritədə muxtar respublikanın bütün infrastrukturu haqqında məlumat bazası yerləşdirilmişdir.
Muxtar respublikada fövqəladə hallar zamanı əhalinin tələbatının ödənilməsi, yaşayışın və qidalanmanın normal təşkil edilməsi sahəsində də ardıcıl tədbirlər görülür. Ötən il Mülki Müdafiə Alayında səfərbərlik ehtiyat anbarı yaradılmışdır.
Mülki müdafiənin başlıca vəzifələrindən biri də əhalinin mülki müdafiə və fövqəladə hallar zamanı maarifləndirilməsidir. Ötən müddət ərzində bu sahədə işlər günün tələbləri səviyyəsində qurulmuş, idarə, müəssisə və təşkilatlarda tədris qrupları yaradılaraq mülki müdafiə dərslərinin keçilməsinə metodik  yardım göstərilmiş, bir çox müəssisələrdə mülki müdafiə, əhalinin və ərazilərin fövqəladə hallardan qorunması, yanğın təhlükəsizliyinin təmin olunması ilə bağlı maarifləndirici tədbirlər keçirilmişdir.
Fövqəladə Hallar Nazirliyinin kollektivi bundan sonra da əhalinin sağlamlığı və dövlət əmlakının qorunması istiqamətində səylə çalışacaq, muxtar respublikada mülki müdafiənin təşkili diqqət mərkəzində saxlanılacaqdır.

Naxçıvan Muxtar Respublikası
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR