22 Dekabr 2024, Bazar

Ölkəmizin BMT-yə üzvlüyündən 22 il ötür

1992-ci il martın 2-də Azərbaycan dünyanın ən mötəbər dövlətlərarası təşkilatına – Birləşmiş Millətlər Təşkilatına üzv qəbul edilmişdir. Bu gün dünya birliyinin üzvü olmaq və beynəlxalq aləmdə cərəyan edən proseslərdə fəal iştirak etmək üçün hər bir dövlət BMT-nin üzvlüyünə daxil olmağı əsas vəzifələrdən biri kimi qarşıya qoyur. Digər bir tərəfdən BMT-yə üzvlük dövlət müstəqilliyinin beynəlxalq aləmdə rəsmiləşməsi və təsdiqi kimi qəbul edilir.

Azərbaycan 1991-ci il oktyabrın 29-da BMT-nin Baş Məclisinə üzvlük haqqında müraciət etmişdir. 1992-ci il fevralın 14-də Azərbaycanın müraciəti BMT Təhlükəsizlik Şurasında müzakirə olunmuş və beləliklə, BMT Baş Məclisinin 1992-ci il martın 2-də keçirilən 46-cı sessiyasında Azərbaycan Respublikasının BMT-nin üzvlüyünə qəbul olunması barədə qətnamə qəbul edilmişdir. Həmin gün Nyu-Yorkda BMT-nin mənzil qərargahında Azərbaycanın üçrəngli dövlət bayrağı qaldırılmış, 4 gün sonra isə Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi fəaliyyətə başlamışdır.

1993-cü ildə ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra ölkəmizin BMT ilə əlaqələri sistemli xarakter daşımış, fəal və ardıcıllıq prinsiplərinə əsaslanmışdır. Ümummilli liderin təşəbbüsü ilə milli dövlətçilik maraqları üzərində qurulmuş xarici siyasət konsepsiyasının işlənilib hazırlanması, çoxistiqamətli diplomatiyanın reallaşdırılması BMT ilə əlaqələrin yeni səviyyəyə yüksəlməsinə səbəb olmuşdur. Müstəqil Azərbaycan dövlətinin başçısı kimi ilk dəfə məhz ulu öndər Heydər Əliyev 1994-cü ilin sentyabrında Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 49-cu sessiyasında çıxış edərək Azərbaycan, Qafqaz regionu və ümumilikdə, dünya üçün həyati əhəmiyyət kəsb edən qlobal məsələlərlə bağlı ölkəmizin mövqeyini dünya ictimaiyyətinə çatdırmışdır.
1995-ci ilin oktyabrında BMT-nin 50 illik yubileyi ilə bağlı keçirilən BMT Baş Məclisinin xüsusi təntənəli iclasında və 2000-ci ilin sentyabr ayında BMT-də minilliyin sammitində çıxışı zamanı da ulu öndər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair Azərbaycanın mövqeyini bir daha bildirmiş, BMT-nin gələcək fəaliyyətini daha da gücləndirmək məqsədilə təşkilatda islahatların aparılması ideyasını irəli sürmüşdür. Bu müddət ərzində Azərbaycan həm də BMT-nin müxtəlif orqanları ilə səmərəli əməkdaşlıq qurmuşdur. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, YUNESKO, YUNİSEF və digər qurumlarla sıx əməkdaşlıq edən Azərbaycan BMT Təhlükəsizlik Şurasına üzv olan dövlətlərlə də əlaqələrini gücləndirmişdir.
2003-cü ildən etibarən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan-BMT əlaqələri daha da genişlənmiş, ölkəmiz bu mötəbər qurumda söz sahibi olan dövlətə çevrilmişdir. İlk dəfə Azərbaycan Respublikasının Baş naziri kimi 2003-cü ilin sentyabrında BMT Baş Assambleyasının 58-ci sessiyasında çıxış edən cənab İlham Əliyev beynəlxalq aləmdə mürəkkəb proseslərin cərəyan etdiyi dövrdə üzvlər arasında qarşılıqlı anlaşılmazlıqların meydana çıxmasına görə BMT Təhlükəsizlik Şurasının şəraitə uyğun çevik və adekvat münasibət göstərə bilməməsini qeyd edərək islahatların vacib məsələyə çevrildiyini bəyan etmişdi. BMT Baş Məclisinin 2004-cü ilin sentyabrında keçirilən 59-cu sessiyasında isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin hələ də yerinə yetirilmədiyini vurğulamış və onların həyata keçirilməsinin işlək mexanizminin yaradılmasını ümdə məsələ kimi irəli sürmüşdü. Bununla yanaşı, həmin il oktyabrın 29-da BMT Baş Məclisinin sessiyasında Azərbaycan nümayəndə heyətinin təşəbbüsü ilə “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı məsələ iclasın gündə­liyinə salınmışdır. Daha sonra BMT Baş Məclisinin 2006-cı il sentyabrın 7-də keçirilən 60-cı sessiyasının 98-ci plenar iclası və 2008-ci il martın 14-də keçirilən 62-ci sessiyasının 86-cı plenar iclasında “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” adlı qətnamələr qəbul edilmişdir. Artıq ölkəmizin bu beynəlxalq qurum çərçivəsində görülən işlərə verdiyi töhfələr sırasında qlobal səviyyədə terrorizmə qarşı aparılan mübarizədə fəal şəkildə iştirakı xüsusilə qeyd edilməlidir.
Azərbaycan Respublikası 2012-2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə keçirilən seçkilərdə Şərqi Avropa dövlətləri qrupundan namizədliyini irəli sürmüşdür. Azərbaycan seçkilərdə 155 səs toplayaraq 2011-ci il oktyabrın 24-də Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda BMT Təhlükəsizlik Şurasının üzvü seçilən ilk ölkə kimi tarixə düşmüşdür. Azərbaycan 2012-ci ilin may və 2013-cü ilin sentyabr aylarında Təhlükəsizlik Şurasına sədrlik etmişdir. BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv qəbul olunması Azərbaycanın diplomatiya tarixində əldə edilmiş ən böyük nailiyyətlərdən biri olmaqla yanaşı, həm də ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun göstəricisi kimi qiymətləndirilməlidir. Bununla əlaqədar olaraq, ölkə başçısı cənab İlham Əliyev demişdir: “Müstəqilliyimiz dövründə belə böyük uğurun əldə edilməsi, doğrudan da, tarixi nailiyyətdir. Biz müstəqil ölkə kimi özümüzü dünyada təsdiq edə bilmişik. Biz sübut edə bilmişik ki, Azərbaycan etibarlı tərəfdaşdır, Azərbaycan dost ölkədir və dostların sayının artması bizim siyasətimizin təntənəsidir. Bu göstərir ki, Azərbaycan müstəqil dövlət, dünyada böyük şöhrətə malik olan ölkə kimi özünü göstərib. Bu qələbə Azərbaycan xalqının qələbəsidir. Bu qələbə Azərbaycan dövlətinin qələbəsidir, siyasətimizin təntənəsidir”.
2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi fəaliyyəti müddətində Azərbaycan Respublikası bir sıra məsələlərin gündəliyə çıxarılmasına nail olmuşdur. Təkcə onu qeyd etmək kifayətdir ki, ölkəmizin bu quruma hər iki sədrliyi müddətində, ümumilikdə, qurumun 59 açıq və qapalı iclası keçirilmiş, 7 qətnamə, şura sədrinin 3 bəyanatı və 13 mətbuat bəyanatı qəbul edilmişdir.
Naxçıvan Muxtar Respublikasının 1996-cı ildən başlayan sürətli sosial-iqtisadi inkişafı da daim bu beynəlxalq qurumun diqqətində olmuşdur. 1997-ci ilin mayında Birləşmiş Millətlər Təşkilatının rezident əlaqələndiricisi Naxçıvana səfər etmiş, Naxçıvan Muxtar Respublikası Ali Məclisində nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüş zamanı Naxçıvandakı mövcud durum, blokada şəraiti, iqtisadiyyatın inkişaf etdirilməsi məqsədilə həyata keçirilən işlər və digər məsələlər barədə müzakirələr aparılmışdır. BMT nümayəndələri ötən ilin may ayında muxtar respublikaya növbəti səfər etmişlər. Muxtar respublikada Birləşmiş Millətlər Təşkilatının Azərbaycan Kənd İnvestisiya Proqramı üzrə 130-dan artıq layihəsi icra olunmuşdur.

Bu gün Azərbaycan beynəlxalq aləmdə öz layiqli yerini tutmuş, BMT-də söz sahibi olan dövlətlərdən birinə çevrilmişdir. Bu isə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən müəyyənləşdirilən xarici siyasət kursunun ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla inkişaf və davam etdirilməsinin nəticəsidir.

“Şərq qapısı”

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR