Fevralın 24-də Azərbaycanın Türkiyənin Qars şəhərindəki Baş Konsulluğunda Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar anma mərasimi keçirilmişdir.
Əvvəlcə Xocalı soyqırımı qurbanlarının və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Azərbaycan və Türkiyə respublikalarının Dövlət himnləri səsləndirilmişdir.
Azərbaycanın Qarsdakı Baş konsulu Ayxan Süleymanov çıxış edərək demişdir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin və döyüş texnikasının iştirakı ilə şəhərə hücum edərək azərbaycanlılara qarşı soyqırımı törətmişlər. Bu hərbi təcavüz zamanı Xocalı şəhəri darmadağın edilmiş, dinc sakinlərə divan tutulmuşdur.
Bildirilmişdir ki, Xocalı faciəsinə ilk hüquqi-siyasi qiymət ümummilli liderimiz Heydər Əliyev tərəfindən verilmişdir. Ulu öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən “Xocalı Soyqırımı Günü haqqında” Qərar qəbul olunmuşdur.
Baş konsul Xocalı soyqrımının dünya dövlətləri tərəfindən tanınması istiqamətində də ardıcıl tədbirlər həyata keçirildiyini bildirmişdir.
Azərbaycan Kültür və Dayanışma Dərnəyinin rəhbəri Göksal Kayğısız çıxış edərək Xocalı soyqırımını təkcə Azərbaycan xalqına qarşı deyil, bütün insanlığa qarşı törədilmiş ən ağır cinayət kimi dəyərləndirmişdir.
Çıxışlardan sonra “Qazi Qarabağ Azanı” səsləndirilmiş, “Qurani-Kərim”dən ayələr oxunmuşdur.
Mərasimdə Xocalı soyqırımı ilə bağlı hazırlanmış sənədli film və “Xocalıya ədalət” Beynəlxalq İnformasiya və Təşviqat Kampaniyası çərçivəsində hazırlanan videomaterial nümayiş etdirilmiş, tədbir iştirakçıları Dağlıq Qarabağ münaqişəsini və Xocalı soyqırımını əks etdirən fotostendlərə, kitab və jurnallardan ibarət sərgiyə baxmışlar. Dağlıq Qarabağ münaqişəsinə, Xocalı soyqırımına və erməni terrorçularının törətdikləri cinayətlərə həsr olunmuş “İrs Miras” jurnalı tədbir iştirakçılarına paylanmış, ehsan süfrəsi açılmışdır.
Tədbirdə Qars valisinin müavinləri Hakan Alkan, Cavat Uyanık, Qars şəhər bələdiyyə sədrinin müavini Zafer Aslanoğlu, Qars vilayəti Jandarma Alay Komutanının müavini yarbay Tuncay Koçak, Qars Qafqaz Universitetinin rektor müavini Mitat Şahin, Ədalət və İnkişaf, Milliyyətçi Hərəkat və Cümhuriyyət Xalq partiyalarının bölgə rəhbərləri, Qars Qafqaz Universitetinin müəllim və tələbələri, Qars ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Tədbir yerli kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmışdır.
“Şərq qapısı”