Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev Universitetinin dünən 179-cu məşğələsi keçirilmişdir.
“Muxtariyyət ili”nə həsr olunmuş növbəti məşğələni universitetin rektoru, professor Saleh Məhərrəmov açmışdır.
Sonra universitetin Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Elçin Zamanovun “Heydər Əliyev və Naxçıvanın muxtariyyəti” mövzusunda məruzəsi dinlənilmişdir.
Bildirilmişdir ki, ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəlləri bütün Azərbaycanda, o cümlədən onun tərkib hissəsi olan Naxçıvanda ictimai-siyasi hadisələrin ən mürəkkəb dövrü kimi xarakterizə olunur. Həmin dövrdə sovet imperiyası rəhbərliyinin Azərbaycanın milli maraqlarına zidd siyasəti, ermənilərin Naxçıvana ərazi iddiaları və sərhədlərdə hərbi toqquşmalar yaratması muxtar respublikanın həyatına ciddi təsir göstərmişdir.
Bu dövrdə Naxçıvanda xalqın azadlıq uğrunda apardığı mübarizəni qələbə ilə başa çatdırmaq, eyni zamanda regionun muxtariyyət statusunun gündəmə gətirilməsi üçün siyasi təcrübəyə, diplomatik qabiliyyətə malik rəhbər lazım idi. Belə bir rəhbər xalqımızın müdrik oğlu, görkəmli dövlət xadimi Heydər Əliyev idi. 1990-cı il iyulun 22-də Naxçıvana gələn dahi rəhbər bu dövrdən etibarən muxtar respublikanın gələcək taleyi üçün mühüm addımlar atmışdır. Naxçıvan Muxtar Respublikasının blokada şəraitindəki ağır vəziyyətini nəzərə alan ümummilli lider qonşu İran və Türkiyə respublikaları ilə siyasi-iqtisadi əlaqələr yaratmış, Naxçıvanın muxtariyyət məsələsini yenidən gündəmə gətirmişdir.
Vurğulanmışdır ki, dahi şəxsiyyət Heydər Əliyevin Naxçıvandakı siyasi fəaliyyətini üç istiqamətdə xarakterizə etmək olar. Birincisi, ümummilli liderin həmin dövrdə atdığı tarixi addımlar nəticəsində Naxçıvan Muxtar Respublikası düşmən hücumlarından layiqincə qorundu. İkincisi, milli azadlıq hərəkatının təməli burada qoyulmuş və böyük şəxsiyyətin rəhbərliyi ilə bütün Azərbaycana yayılmışdır. Və nəhayət, ilk dəfə ulu öndər Heydər Əliyev tərəfindən Naxçıvanda milli dövlət strukturlarının yaradılmasına başlanılmışdır. Məhz tarix üçün çox qısa bir dövrdə görülmüş bu işlər Heydər Əliyev ideyalarının misilsiz dəyərini ortaya qoymaqla bərabər, muxtar respublikanı da geniş tərəqqi yoluna çıxarmışdır.
Məşğələyə universitetin rektoru, professor Saleh Məhərrəmov yekun vurmuşdur.
Səbuhi HƏSƏNOV