22 Dekabr 2024, Bazar

Muxtar respublikanın geologiyasına, neft-qazlılıq perspektivliyinə həsr olunmuş dəyərli kitab bu suala aydınlıq gətirir

Çoxsaylı əsərlərindən birini yazıb qurtardıqdan sonra “Bu gün mən növbəti kitabımın taleyini insan laqeydliyinin ixtiyarına buraxıram”, – deyən Don Migel Unamunonun fikrində nə qədər haqlı olduğunu qiymətləndirməkdə çətinlik çəksəm də, D.M.Yusifov və R.R.Rəhmanovun “Naxçıvan Muxtar Respublikasının neft-qazlılıq perspektivliyi” kitabına laqeyd qalmaq, ən azından, ədalətsizlik olardı. Bu kitab muxtar respublikanın geologiyasına və təbii ehtiyatlarına həsr olunmuş əsərlər arasında Ş.Əzizbəyovun məlum fundamental monoqrafiyasından (Ш.A.Aзизбеков. Гeoлoгия Нахичеванской АССР. Москва, 1961.502 стр.) sonra öz dəyərinə görə ikinci yeri tutmağa ən layiqli əsərdir.

Uzun illər muxtar respublika ərazisində aparılan geoloji kəşfiyyat işləri, əsasən, faydalı qazıntı yataqlarının axtarışı ilə bağlı olmuş, burada 250-dən artıq mineral su bulağı, zəngin dağ-mədən yataqları (travertin, mərmər, arsen, gips, mis-porfir, kobalt, qızıl, sürmə, polimetal, kükürd) aşkarlansa da, Naxçıvanın neft-qazlılıq perspektivliyinin araşdırılması zəif olmuşdur. İran və Türkiyənin neftli-qazlı əyalətləri ilə qonşu olması, kəsilişində böyük qalınlığa malik Paleozoy və Mezo-Kaynozoy yaşlı çökmə süxurların mövcudluğu bu bölgəni neft-qazlılığı güman olunan ərazi kimi düşünməyə imkan verir.

Bu problemə həsr olunmuş çoxlu sayda ədəbiyyat materiallarını saf-çürük etməklə  indiyə qədər məlum olanların işığında şəxsi araşdırmalarını çox oxunaqlı və yüksək elmi səviyyədə təqdim etmək bacarıqları müəlliflərin çox ciddi uğurları kimi dəyərləndirilməlidir. Faktların interpretasiyası müəlliflərin analitik qabiliyyətlərinin zənginliyindən, bilik və maraq dairələrinin çoxşaxəli və rəng­a­rəngliyindən, praktik səriştələrinin yetkinliyindən xəbər verir.
Naxçıvan Muxtar Respublikası ərazisində müəyyən həcmdə geoloji axtarış işlərinin aparılmasına baxmayaraq, burada geniş intişar edən Mezo-Kaynozoy və həmçinin Üst Paleozoy yaşlı (devon, karbon, perm) çöküntülərin neft-qazlılıq perspektivliyinin öyrənilməsi aktualdır. Bununla belə, burada qazılmış azsaylı axtarış quyularının nəticələri göstərir ki, ərazidə perspektivlik baxımından Mezozoy və Üst Paleozoy rezervuarları daha çox maraq doğurur.
Bölgənin  geologiyası, neft-qazlılığı ilə bağlı müəlliflərin təqdim etdikləri ümumi mənzərə  aşağıdakı kimidir.
Neft-qazlılığın əsas amillərinin (litofasial, struktur-tektonik, geokimyəvi) öyrənilməsi ərazidə mümkün neft-qaz əmələgəlmə zonalarını müəyyən etməyə və perspektivliyini qiymətləndirməyə imkan verir. Devon çöküntülərinin Ural və Volqaarası ərazilərdə, eləcə də bir sıra digər ölkələrdə böyük neft və qaz ehtiyatlarına malik olması muxtar respublika ərazisində də bu çöküntülərə marağın əsasında dayanır. Ordubad rayonu və Nehrəm dərəsi sahələrində litoloji tərkibi mergel, gil, alevrolit və qum daşları ilə təmsil olunan alt yarımmərtəbənin çöküntüləri neft-qazlılıq baxımından daha çox maraq doğurur.
Əsərdən öyrənirik ki, muxtar respublika ərazisində quyu və yerüstü çıxışlarda öyrənilən ən qədim çöküntü kompleksi devona aid olmaqla, bu çöküntülər bitumla zəngindir (təxminən 0,04 faiz). Devon çöküntülərinin kollektor (toplayıcılıq) xassələrinin qənaətbəxş olmasını əhəngdaşı və gilli şistlərin bitumlu olması faktı da təsdiq edir. Paleozoy çöküntüləri içərisində neft-qaz əmələgəlmə və toplanma zonalarının mümkünlüyü baxımından Perm çöküntülərinin yerüstü çıxışlarda  (Payadərə, Baysal, Qaraultəpə, Keçəltəpə) qumlu-dolomitli-əhəngdaşlı litofasiyadan ibarət olduğu başdan-başa neftli dəstələrə xas olan tündrəngli (bəzən qaraya qədər) gilli bitum, silisiumlu bitum və şistli bitumlu əhəngdaşların varlığı ilə təsdiqlənir. Perm çöküntülərinin belə litofasiyası və bitumluluğu onların neftli-qazlı olmasını düşünməyə əsas verir. Axura-Dəstə yaşayış məntəqələri arasındakı və Arpaçayın aşağı axarından Culfa şəhərinə qədər yerləşən zonada Perm çöküntüləri mümkün neftli-qazlı ərazi kimi maraq doğurur.
Əlincə-Naxçıvan çayları arası ərazidəki Orta Eosen çöküntüləri də neft-qaz yataqlarının axtarışı üçün yararlı obyekt ola bilər. Çöküntütoplanma hövzəsinin maksimal qalınlığa malik zonası (2,0-2,2 km) Əlincəçay hövzəsində yerləşən Qazançı kəndindən başlayaraq Ordubad və Dəstə yaşayış məntəqələri arasından keçməklə İran ərazisinə doğru uzanır.
Neft və qazın üzvi yolla əmələ gəlməsi nəzəriyyəsi baxımından bu və ya digər stratiqrafik intervalın neft-qazlılıq perspektivliyini əsaslandırarkən, ilk növbədə, uyğun çöküntütoplanma hövzəsi daxilində neft-qaz əmələgəlmə və toplanmanın baş verməsi üçün əlverişli geoloji-geokimyəvi şəraitlərin mövcudluğunu araşdırmaq lazım gəlir. Çöküntü kompleksində üzvi maddələrin toplanması, onların karbohidrogenlərə çevrilməsi, miqrasiyası, neft-qaz yataqlarının əmələ gəlməsi və saxlanılması üçün əlverişli şərait sedimentasiya hövzəsinin fasilələrlə, davamlı və uzun geoloji müddətdə çökməsi ilə izah oluna bilər.    
Üst Tabaşir çöküntülərinin litofasial, struktur-tektonik xüsusiyyətləri, paleotektonik, geokimyəvi və hidrogeoloji şəraitlərin kompleks araşdırılma nəticələri göstərir ki, kəsilişdə iştirak edən Turon, Kampan və Maastrixt çöküntüləri neft-qazlılıq cəhətcə daha çox perspektivli ola bilərlər.
Turon çöküntülərinin neft-qazlılıq perspektivliyini qonşu neftli-qazlı dövlətlərdə eyniyaşlı çöküntülərdən sənaye əhəmiyyətli neftin alınması da təsdiq edə bilər. Belə ki, Türkiyənin Diyarbəkir depressiyasında Turon mərtəbəsinin analoqu olan Mardin lay dəstəsinin dolomitləşmiş əhəngdaşlarından sənaye əhəmiyyətli (Selmo, Raman, Harzan yataqları) neft alınmışdır. İranın cənub-qərb hissəsində geniş yayılan Turonun mergelli əhəngdaşları da sənaye əhəmiyyətli neftli-qazlıdır.
Ağrıdağ çökəkliyinin Qarabağlar sahəsindəki quyuda olan 1284-2090 metr intervalında Turon əhəngdaşlarında neft-qaz əlamətləri qeydə alınmışdır.
Beləliklə, Naxçıvan Muxtar Respublikası ərazisində Turon rezervuarları axtarış obyektləri, Turonun kəsilişində iştirak edən qalın gil və argillit layları mümkün neft-qaz yataqlarının saxlanmasında qoruyucu süxur örtüyü rolunu oynaya bilərlər.
Üst Tabaşirin sedimentasiya hövzəsində neft-qaz əmələgəlmə zonası şimal-qərbdə Qahab qalxımından başlayıb, cənub-şərqdə Araz çayına qədər uzanaraq İran ərazisinə keçir. Üst Tabaşir çöküntüləri neft-qazlılıq perspektivliyinə görə dörd zonaya ayrılır. Birinci zonadakı Üst Tabaşir çöküntüləri qərbdə Qahab-Culfa, şərqdə isə regional dərinlik qırılması ilə hüdudlanır. Araz çayına qədər uzanan zonada Culfa, Yaycı, Dizə, Darıdağ, Qahab strukturu daha çox perspektivli güman olunur. İkinci zona birincidən qərbdə yerləşir və Nəzərabad, Çeşməbasar, Nehrəm sahələrindən Araz çayına qədər uzanır. Bu sahə də perspektivli zona kimi qəbul oluna bilər. Üçüncü və dördüncü zonalar isə neft-qazlılıq baxımından perspektivli hesab olunmurlar.
    Paleozoy və Mezo-Kaynozoy çöküntülərinin mümkün neft-qazlılıq perspektivliyinin kompleks qiymətləndirilməsi üçün müəlliflər dörd təkliflə çıxış edirlər:
1. Qahabdan Azaya qədər uzanan zona boyunca (eni 10 km) ümumi dərinlik nöqtələri üsulu ilə dəqiq seysmik kəşfiyyat işlərinin aparılması;  
2. Naxçıvan və Culfa qalxımları arasındakı Araz çayı boyu dəqiq qravimetrik və seysmik ölçmələrin aparılması;
3. Üst Paleozoy və Alt Mezozoy çöküntülərinin kəsilişini və neft-qazlılığını öyrənmək məqsədilə layihə dərinliyi 2800 metr olan axtarış quyusunun yüksək amplitudalı (300 metr) Qıvraq-2 qalxımının tağ hissəsində qazılması;  
4. Üst Tabaşir və Eosen kəsilişinin neft-qazlılığını öyrənmək üçün Culfa-2 qalxımında layihə dərinliyi 2500 metr olan kəşfiyyat quyusunun qazılması.  
Kitabla tanışlıqdan sonra Yer təkinin əsrarəngiz arxitekturasının formalaşmasında bənzərsiz rolu olan neftin sehrli yaranma dünyasına düşür, bu dünyanın gözəlliklərini duyub yaşamağa məhkum olursan. Milyon illər təbii proseslərlə formalaşan və qeyri-adi cazibəsi ilə saysız-hesabsız mütəxəssisi, maqnatı, siyasətçini özünə cəlb edən, kiminə gözyaşı, səfalət, kiminə miqdarı bilinməyən sərvət gətirən bu “qara qızıl” adlı nəsnə dünyanın müxtəlif nöqtələrində onun yeni yataqlarının axtarışına başlamaq komandası gözləyir. Çox sevindirici haldır ki, bu komandanın, belə demək mümkünsə, siqnalı bizim diyarımızda da eşidilməkdədir. Biz, hələlik, aşılması çətin olan dağın ətəklərindəyik. Lakin Azərbaycanın bugünkü iqtisadi durumu qarşımızdakı dağı uğurla aşacağımıza zəmanət  verir. Naxçıvan neftinin bölgənin insanlarına daha artıq rifah, xoşbəxtlik gətirəcəyi gün isə uzaqda deyil.
Bu gün əksər dünya ölkələrində Yer təkinin kəşfiyyatı ya yerli, ya da xarici şirkətləri cəlb etməklə həyata keçirilir. Geoloji kəşfiyyat ilbəil daha yüksək texnoloji yönləri ilə Yerin daha dərin qatlarına nüfuz etməklə bu sahənin mütəxəssislərini belə, heyrətləndirir. Ekologiyanın korlanmasına səbəb seysmokəşfiyyatın partlatma metodları artıq öz yerini silkələmə (vibrasiya) və impuls metodlarına güzəştə getməkdədir. Bu üsulla aparılan kəşfiyyat işlərində quyuda çox güclü silkələnmə yaratmaqla yüksək dəqiqliyə malik qəbuledici cihazlar vasitəsilə yeraltı strukturun reaksiyası və bununla da, faydalı qazıntıların həmin obyektdə olub-olmadığı müəyyən edilir. Hazırda çox sadə sistem hesab olunan 2D seysmik sistemi yerini daha dəqiq və etibarlı üçölçülü 3D sisteminə güzəştə getməkdədir.

İnanırıq ki, Azərbaycan neft  kəşfiyyatçıları da arsenallarında olan bu metodlardan istifadə etməklə Naxçıvanın neftli-qazlı güman olunan sahələrində kəşfiyyat işləri aparmaqla daha dəqiq nəticələrə imza atacaqlar.

Əliəddin ABBASOV
AMEA Naxçıvan Bölməsi Təbii Ehtiyatlar İnstitutunun direktoru,
kimya elmləri doktoru

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR