Dünən Babək Rayon İcra Hakimiyyətində 2012-ci ildə görülən işlər və qarşıda duran vəzifələrə həsr olunan müşavirəni rayon İcra Hakimiyyətinin başçısı Elçin Hüseynəliyev açaraq məruzə edib.
Ötən il rayonda həyata keçirilən tədbirlər, əldə edilən nəticələr, qarşıda duran vəzifələr haqqında danışan icra başçısı deyib ki, muxtar respublikada aparılan quruculuq işlərindən Babək rayonu da xeyli bəhrələnib. Belə ki, rayonun kənd yaşayış məntəqələrində və Babək qəsəbəsində onlarla müxtəlif təyinatlı binalar tikilərək istifadəyə verilib, yeni binaların inşa olunmasına başlanılıb. Yeni yollar çəkilib, mövcud olanlar təmir edilib, körpülər salınıb, əhalinin suya, elektrik enerjisinə, mavi yanacağa, istiliyə olan tələbatının ödənilməsi üçün məqsədyönlü işlər həyata keçirilib.
Bəhs edilən dövrdə rayon Tikinti-Quraşdırma İdarəsi tərəfindən 4 milyon 514 min manatlıq iş aparılıb, rayon Yol Təmir-İstismar İdarəsi tərəfindən 242 min 565 manatlıq iş icra edilib. Ötən il rayonda 247 fiziki və 2 hüquqi şəxs qeydiyyata alınıb, onlara sahibkarlıq fəaliyyəti üçün hər cür şərait yaradılıb.
Rayonda aqrar sahənin inkişafı üçün münbit şəraitin olması səbəbindən kənd təsərrüfatına xüsusi önəm verilib. Ötən il 10 min 19 hektar sahədə taxıl biçini keçirilib, 30 min 730 ton məhsul əldə edilib. Hesabat dövründə taxıl əkininə görə torpaq mülkiyyətçilərinə dövlət tərəfindən 548 min 48 manat vəsait, 1177,7 ton azot, 79,2 ton fosfor gübrəsi olmaqla, cəmi 1256,9 ton güzəştli gübrə verilib. 2012-ci ildə rayonda 5 min 841 ton meyvə, 5 min 427 ton üzüm, 23 min 819 ton bostan, 16 min 212 ton tərəvəz məhsulları, 5 min 373 ton kartof, 197 ton günəbaxan və 540 ton dənli-paxlalılar istehsal olunub.
Keçirilən iməciliklərdə 22,9 hektar sahədə meşəsalma və 24 hektar sahədə meşəbərpa olmaqla, cəmi 46,9 hektar sahədə yaşıllıqlar salınıb. Bu məqsədlə 25 min 630 ədəd meyvə, 1450 ədəd meşə ağacı əkilib.
Qeyd olunub ki, rayonda sığorta ödənişlərinin həcmi artırılıb, cəmi 333 min 165 manat sığorta tədiyyəsi toplanıb.
Məruzə ətrafında rayon Maliyyə Şöbəsinin müdiri Kamal Cabbarov, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Babək Rayon Şöbəsinin müdiri Natiq Hacıyev, Vergilər Şöbəsinin rəisi Səftər Əliyarov, Elektrik Şəbəkəsinin direktoru Kazım Xudiyev və Rabitə İdarəsinin rəisi İsgəndər Qasımov çıxış ediblər.
* * *
Dünən Culfa Rayon İcra Hakimiyyətində keçirilən müşavirəni icra başçısı Şükür Babayev açaraq məruzə ilə çıxış etmişdir. Qeyd olunmuşdur ki, yola saldığımız 2012-ci ildəki sosial-iqtisadi inkişafın təhlili göstərir ki, əvvəlki illərdə olduğu kimi, ötən ildə də rayonda bir sıra uğurlara nail olunmuşdur. Bu uğurları ilk olaraq tikinti-quruculuq işlərində görmək mümkündür.
Bildirilmişdir ki, 2012-ci ilin ilk 11 ayında bütün maliyyə mənbələrindən əsas kapitala 37 milyon 616 min manat investisiya yönəldilmişdir. Tikinti-quraşdırma işlərində istifadə olunmuş investisiyanın həcmi 35 milyon 319 min manat olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamının icrası ilə əlaqədar 2012-ci ildə 57,6 kilometrlik Çeşməbasar-Boyəhməd avtomobil yolunun əsaslı təmiri və yenidən qurulması, Ləkətağ, Milax və Boyəhməd yaşayış məntəqələrində kənd və xidmət mərkəzlərinin, Ləkətağ kəndində yeni məktəb binasının, həmçinin Culfa Sərhəd Zastavasının, Culfa Gömrük İdarəsinin ərazisində rüsumsuz ticarət mağazasının tikintisi, Milax və Boyəhməd, Yaycı kənd 1 nömrəli tam orta məktəblərinin binalarının əsaslı təmiri başa çatdırılmışdır.
Hazırda bir neçə obyektdə tikinti-quraşdırma tədbirləri davam etdirilir. Bu sırada “Şəhər su təchizatı və kanalizasiya layihəsi” çərçivəsində görülən işləri xüsusi qeyd etmək lazımdır.
Bildirilmişdir ki, 2012-ci ilin 11 ayında rayonda 6 milyon 482 min 500 manatlıq sənaye məhsulu istehsal edilmişdir. Bu da 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 7,1 faiz çoxdur.
Rayon iqtisadiyyatında aparıcı sahə olan kənd təsərrüfatının inkişafı diqqət mərkəzində saxlanılmış, bu sahənin dinamik inkişafı təmin edilmişdir.
2012-ci ilin 11 ayında rayonun kənd təsərrüfatında ümumi məhsul istehsalı 36 milyon 979 min 100 manat dəyərində olmuşdur.
Məruzə ətrafında rayon Maliyyə Şöbəsinin müdiri Əhməd Məmişov, Vergilər Şöbəsinin rəisi Nəcəf Allahverdiyev və Dövlət Sosial Müdafiə Fondu Culfa Rayon Şöbəsinin müdiri Mahir Məmmədov çıxış etmişlər.
* * *
Yanvarın 18-də Kəngərli Rayon İcra Hakimiyyətində ötən ilin yekunlarına və 2013-cü ildə qarşıya qoyulan vəzifələrin müzakirəsinə həsr olunmuş müşavirə keçirilmişdir. Müşavirəni rayon İcra Hakimiyyətinin başçısı Ramiz Cəfərov açaraq məruzə ilə çıxış etmişdir.
Qeyd olunmuşdur ki, yola saldığımız 2012-ci ildə də rayonda həyata keçirilən tikinti-quruculuq tədbirləri geniş vüsət almış, rayon mərkəzində Heydər Əliyev Mədəniyyət və İstirahət Parkı, rayon Mədəniyyət Evi, “N” hərbi hissənin qərargah binası, əsgər yataqxanası, yeməkxana və məişət kompleksi üçün yeni binalar istifadəyə verilmişdir. Həmçinin Çalxanqala kəndində kənd mərkəzi, 378 şagird yerlik tam orta məktəb və Uşaq Musiqi Məktəbi üçün binalar, həkim ambulatoriyası, xidmət mərkəzi inşa olunmuşdur.
“Kəngərli rayonunun sosial-iqtisadi inkişafına göstərilən dövlət qayğısı digər sahələrlə yanaşı, sənayenin və kənd təsərrüfatının da inkişafına geniş imkanlar yaratmışdır”, – deyən icra başçısı əlavə etmişdir ki, il ərzində rayonda 14 milyon 112 min manatlıq sənaye məhsulu, 24 milyon 277 min manatlıq 43 min 182 ton kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur.
Meyvə bağlarının genişləndirilməsi məqsədilə rayonda 4 nəfərə kreditlər verilmişdir. Rayonun meyvə bağlarından, ümumilikdə, 4428 ton meyvə və 467 ton üzüm yığılmışdır.
Rayonda ekoloji tarazlığın qorunması, yaşıllıqların artırılması və təmizliyə nəzarətin gücləndirilməsi istiqamətində 11 hektar ərazidə yeni meyvə bağları salınmış, 14 hektar ərazidə meşəbərpa işləri aparılmışdır.
Bildirilmişdir ki, 2012-ci ildə Kəngərli rayonunda yol infrastrukturunun yenilənməsi diqqət mərkəzində saxlanılmış, 39 kilometrlik Naxçıvan-Sədərək magistralı-Təzəkənd-Çalxanqala-Qıvraq dairəvi avtomobil yolu istismara verilmişdir.
2012-ci ildə rayonda 125 nəfər abunəçiyə yeni telefon xətti çəkilmiş, Çalxanqala və Yurdçu kəndlərində yeni ATS quraşdırılmış, ümumilikdə, rayon əhalisinə 201 min 851 manatlıq rabitə xidməti göstərilmişdir.
Rayon ərazisində əhalinin keyfiyyətli elektrik enerjisi ilə təmin olunması və enerji itkisinin qarşısının alınması məqsədi ilə bir sıra işlər görülmüş, 69 yeni abonent elektrik enerjisi ilə təmin olunmuşdur. Bununla yanaşı, təbii qazla təminat və qaz xətlərinin təmiri ilə əlaqədar görülən işlərin keyfiyyəti artırılmış, 46 fərdi yaşayış mənzilinə qaz xətti çəkilmişdir.
2012-ci ildə rayonun təhsil müəssisələrinin uğurları artmış, təhsilin məzmunu yenilənmiş, keyfiyyət yüksəlmiş, təhsil ocaqlarının maddi-texniki bazası möhkəmləndirilmişdir.
Sonra məruzə ətrafında çıxışlar olmuşdur.
Xəbərlər şöbəsi