26 fevral – Xocalı soyqırımı ilə əlaqədar “Silahlı münaqişələr zamanı uşaqlara qarşı zorakılıq” mövzusunda IV muxtar respublika inşa yazı, şeir və rəsm müsabiqəsi keçirilmişdir. Naxçıvan şəhərindəki Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində təşkil olunan tədbirdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aytən Məmmədova, Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Yadigar, Rəssamlar Birliyinin üzvü, sənətşünas Nizami Alıyev, Təhsil Nazirliyinin əməkdaşı Elxan Babayev çıxış edərək Xocalı soyqırımından bəhs etmişlər. Bildirilmişdir ki, soyqırımı nəticəsində qətlə yetirilmiş 613 nəfər dinc sakindən 63-ü uşaq olmuş, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirmişdir.
“Silahlı münaqişələr zamanı uşaqlara qarşı zorakılıq” mövzusunda ümumtəhsil məktəblərinin və məktəbdənkənar müəssisələrin şagirdləri arasında keçirilən müsabiqəyə 10 inşa yazı, 10 şeir və 24 rəsm işi təqdim olunmuşdur. “Silahlı münaqişələr zamanı uşaqlara qarşı zorakılıq” mövzusunda IV muxtar respublika inşa yazı, rəsm və şeir müsabiqəsində müvafiq olaraq birinci yerləri Naxçıvan Qızlar Liseyinin şagirdi Aysu Süleymanova, Ordubad Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvü Kənan Məmmədli, Naxçıvan şəhər 2 nömrəli tam orta məktəbin şagirdi İsmayıl Quliyev, ikinci yerləri Naxçıvan şəhər 9 nömrəli tam orta məktəbin şagirdi Fatimə Əliyeva, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvü Gözəl Abbasova və Culfa şəhər 2 nömrəli tam orta məktəbin şagirdi Elyar Nəcəfov, Babək rayon Kültəpə kənd tam orta məktəbinin şagirdi Zərifə Səfərəliyeva, üçüncü yerləri Kəngərli rayon Yurdçu kənd tam orta məktəbinin şagirdi Sunay Abdullayeva, Naxçıvan Muxtar Respublikası Texniki Yaradıcılıq Mərkəzinin dərnək üzvü Şahin Məhərrəmli, Sədərək rayon Sədərək kənd 2 nömrəli tam orta məktəbin şagirdləri Cahangir Seyidov və Songül Mahmudova tutmuşlar.
Sonda müsabiqə qaliblərinə təşkilatçılar tərəfindən diplomlar təqdim edilmişdir.
Xəbərlər şöbəsi