Azərbaycan xalqının tarixinə nəzər salarkən aydın olur ki, tariximizin müxtəlif dövrlərində ərazimiz qəsbkar dövlətlərin və ya xalqların hücumuna məruz qalarkən xalqımız ölkənin müdafiəsinə qalxmış, torpaqlarımızın azadlığı uğrunda vuruşmuş, bu yolda çoxlu şəhidlər vermişdir. Bu, XX yüzilliyin əvvəllərində, 1918-1920-ci illərdə bütün Azərbaycan ərazisi kimi, Naxçıvan bölgəsi erməni təcavüzünə məruz qalarkən də belə olmuşdur.
Məlum olduğu kimi, I Dünya müharibəsində məğlub olaraq Qafqaz cəbhəsində geri çəkilən Rusiya ordusundan aldıqları döyüş sursatı hesabına güclü şəkildə silahlanan ermənilər Azərbaycanın mərkəzi Bakıda və digər bölgələrində olduğu kimi, Naxçıvanda da qırğınlar törədirdilər. Vəziyyəti ağırlaşdıran amillərdən biri də Andranik Ozanyanın quldur dəstəsinin bölgəyə hücumu idi.
Andranikin qoşun hissələri cənubdan Arazı keçərək Culfa bölgəsinin Yaycı, Ordubad bölgəsinin Düylün, Aza, Dizə kəndlərində qırğınlar törətmiş, Naxçıvan şəhərini tutmaq üçün qərbə doğru hərəkət edərkən digər kəndlərdə də çoxlu insan qətlə yetirmişlər. Ona görə də Naxçıvan əhalisi erməni qırğınlarına son qoymaq, onları bölgədən qovmaq, rahat yaşamaq üçün ölüm-dirim savaşına qalxmışdır. Naxçıvanda bir sıra kəndləri qılıncdan keçirən Andranik Nehrəm kəndi üzərinə hücuma keçərkən gözləmədiyi bir müqavimətlə qarşılaşmışdı. Kəndlərinə hücum ediləcəyini əvvəlcədən bilən nehrəmlilər qonşu kəndlərin köməyilə müdafiə hazırlıqları görmüşdülər. Buna görə də nehrəmlilər Hacı Mehdi və Kərbəlayi Muxtar Cəfərzadənin rəhbərliyi ilə 3 günlük döyüşdə Andranikin şiddətli hücumlarını uğurla dəf etmişlər. Müasirlərin xatirələrində qeyd olunur ki, döyüş zamanı Nehrəm əhalisi Andranikin Təzəkənddə toplaşan 300 nəfərlik daşnak silahlı dəstəsi ilə birləşmə cəhdinin qarşısını ala bilmişdir. Tabor komandanı Kərbəlayi Muxtar əlində mauzer, kəhər atın belində məhəllələri gəzmiş, əhalini döyüşə qaldırmış, atəş nöqtələrinə patron, çörək, su çatdırmışdır. Nəticədə, Nehrəmdə məğlubiyyətə uğrayan Andranikin dəstələri geri çəkilməyə məcbur olmuşdular.
Hadisələrin şahidi olan müasirlərin xatirələri, arxiv materialları təsdiq edir ki, Nehrəmdə uğursuzluğa düçar olan Andranikin quldur dəstələri bu dəfə Naxçıvan şəhərini hədəf seçmişdi. Onlar Naxçıvan əhalisindən silahları təhvil verməyi və tərk-silah olmağı tələb etmişlər. Ancaq əhali bu təklifi qəbul etməmiş və özlərindən dəfələrlə güclü olan düşmənlə vuruşmağa hazır olduqlarını bildirmişdir. Şəhərə hücum edən ermənilərlə qanlı döyüş başlanmışdır. 8 (20) iyulda ermənilər məğlubiyyətə uğradılıb geri çəkilməyə məcbur edilmişdir. Naxçıvanda Milli Şuranın sədri Cəfərqulu xan, onun oğlu Kalbalı xan, Rəhim xan, Kamran xan Naxçıvanskilərin, Cabbar ağa Vəzirov və başqalarının səyləri ilə yeni inzibati komitə bərpa olunmuşdur.
Məlumdur ki, Rusiyada fevral burjua inqilabından sonra Naxçıvanda və ətraf yerlərdə Milli komitələrin yaradılmasına başlanmışdı. Qarşısında duran əsas vəzifə milli hərəkata rəhbərlik etmək, bölgəni və əhalini erməni təcavüzündən qorumaq və ermənilərə qarşı mübarizəni təşkil etmək, seçkili və yerli hakimiyyət orqanlarının fəaliyyətini tənzimləmək və sairdən ibarət olan Milli komitələrin təşəbbüsü ilə Naxçıvan şəhərində, Culfada hərbi təşkilatlar və hər biri 200 nəfərdən ibarət olan süvari dəstələr təşkil edilmişdi.
Aparılan işlər nəticəsində qısa müddət ərzində 20-yə qədər könüllülər batalyonu yaradılmışdı. Hər biri 220-500 nəfərdən ibarət olan həmin batalyonların dördü Naxçıvanda, üçü Şərur-Dərələyəzdə, digərləri Vedibasar, Zəngibasar, Qəmərli və Başkənddə (Aralıqda) təşkil olunmuşdu.
Türkiyə I Dünya müharibəsində məğlub olduqdan sonra bağlanan Mudros müqaviləsinin şərtlərinə uyğun olaraq, türk qoşunları Azərbaycan ərazisini, o cümlədən Naxçıvanı tərk etmişdir. Bu zaman Naxçıvanı erməni təcavüzündən qorumaq üçün bir dövlət qurumunun yaradılması zərurəti yaranmışdır.
Bölgənin erməni təcavüzündən müdafiəsini, əhalinin qorunmasını təşkil etmək məqsədilə 3 noyabr 1918-ci ildə Araz-Türk hökuməti yaradılmışdır. Qarşıya qoyulan məqsədə uyğun olaraq, paytaxtı Naxçıvan şəhəri olan bu hökumət bir sıra işlər görmüş, qərarlar qəbul etmişdir. Hökumətin ilk iclaslarının birində Naxçıvanın nüfuzlu şəxsləri bu qərarları qəbul etmişdilər: 1. Məcburi səfərbərlik; 2. Əsgərləri batalyonlara bölmək və kazarmalarda saxlamaq; 3. Hökumət anbarında olan buğdadan əsgərlərin qidalanması üçün 14 min pud verilməsi; 4. Təzə əsgərlərə hökumət tərəfindən geyim və sair əşyanın verilməsi; 5. Əsgərliyə getməyən əhalidən silahları yığaraq silahı olmayan əsgərlərə paylamaq; 6. 20-35 yaşlar arasında kişilərin hamısını əsgərliyə çağırmaq.
Göründüyü kimi, Araz-Türk hökuməti qarşıda duran əsas məqsədin uğurlu həllinə nail olmaq üçün yarandığı andan bu istiqamətdə fəaliyyətə başlamışdır.
Az müddət yaşamasına baxmayaraq, Araz-Türk hökuməti ərazinin erməni işğalından qorunmasında olduqca əhəmiyyətli tədbirlər həyata keçirmişdir.
1919-cu ilin iyun ayında daşnaklar ingilis zabitlərinin köməyi və iştirakı ilə Naxçıvanın bir hissəsini tutsalar da, Naxçıvan Milli Komitəsinin hərbi hissələri daşnakların nizami qoşun birləşmələrini darmadağın edərək Naxçıvan ərazisindən kənarlaşdıra bilmişdilər. Həmin ilin iyun ayında Naxçıvan şəhərində və Şərur qəzasında ingilis-erməni təcavüzkarlığına qarşı üsyan baş vermişdir. Üsyan, demək olar ki, bütün Naxçıvan qəzasını bürümüşdür. İngilislərin Naxçıvanda qubernator Varşamyanın başçılığı ilə yaratmış olduğu erməni daşnak hökuməti qovulmuşdur. Həmin ilin iyulunda daşnak hərbi dəstələri ingilislərin köməyi ilə Şərur mahalını tutsalar da, yerli hərbi qüvvələr daşnakların hərbi hissələrini buradan qovmuşdular. Məhz bütün bunlara görə Azərbaycan Xalq Cümhuriyyətinin rəhbərləri naxçıvanlıların bu qəhrəmanlığını yüksək qiymətləndirir, hətta parlamentin iclaslarında bunu qeyd edirdilər. Parlamentin 18 avqust 1919-cu il tarixli iclasında bu məsələdən bəhs edən Nəsib bəy Yusifbəyli Naxçıvanın öz qüvvələri ilə istilaçıları devirərək Azərbaycanla birləşməyə hazır olduğunu vurğulamışdı. 22 dekabr 1919-cu ildə parlamentdə çıxış edən Baş nazir N.Yusifbəyli yenidən bu məsələyə qayıdaraq demişdi: “İgid naxçıvanlılar, şərurlular və vedibasarlılar bu məsələni özləri həll ediblər, onlar həyatlarını... riskə qoyaraq doğma torpağa – Vətənə qovuşmaq üçün ayağa qalxıb azad oldular və bununla da, hökumətin işini asanlaşdırdılar. Güman edirəm ki, haqq və ədalət tərəfdarları bu qətiyyəti, fədakarlığı və vətənpərvərliyi görəndən sonra onların qanuni hüquqlarını danmayacaqlar...”
Naxçıvan əhalisi böyük dövlətlərin Naxçıvanda ermənilərin xeyrinə həyata keçirmək istədikləri planların iflasa uğramasında fəal iştirak etmişdir. 28 avqust 1919-cu ildə Bakıya gələn Amerika Birləşmiş Ştatları ordusu baş qərargahının polkovniki Vilyam Haskelin Naxçıvana gələn ermənipərəst nümayəndələri Naxçıvanda Amerika general-qubernatorluğu yaratmaq istəyirdilər. 1919-cu il avqust ayının sonlarında Naxçıvana gələn polkovnik Rey Naxçıvan Milli Komitəsinin rəhbəri Cəfərqulu xanla danışıqlar zamanı ABŞ hökumətinin bu fikrini – Naxçıvanda ABŞ general-qubernatorluğunun yaradılması ideyasını elan etmişdi. Ancaq ABŞ-ın Naxçıvan barədə fikrini bilən Milli Komitə rəhbərləri bu ideyanı qəbul etmədilər. Naxçıvan, Şərur, Sürməli, Vedibasar, Melistan əhalisi adından Əli Səbri Qasımov, Z.Məmmədov, G.Əsgərov və başqaları tərəfindən memorandum (diplomatik sənəd) imzalanaraq ali komissar V.Haskelə təqdim olundu. Əhalinin başlıca tələbi bundan ibarət idi ki, Naxçıvan, Şərur-Dərələyəz və Ordubad qəzalarını heç bir qüvvə doğma Azərbaycandan ayıra bilməz. Memorandumun sonunda belə bir fikir ifadə olunurdu: “Əhali əmindir ki, Azərbaycanın müttəfiqləri Sürməli, Vedibasar, Melistan, Şərur, Dərələyəz, Naxçıvan və Ordubad rayonlarının əhalisinin qanı bahasına aldığı azadlıq hüququna toxunmayacaq”.
Buna baxmayaraq, Naxçıvanı və Şəruru bitərəf zona elan etmək, son nəticədə, ermənilərə vermək fikrində olan V.Haskel Naxçıvanda yaradılması nəzərdə tutulan Amerika general-qubernatorluğuna rəhbərlik etmək üçün 24 oktyabr 1919-cu ildə polkovnik Edmond Dellini Naxçıvana göndərmişdir. ABŞ nümayəndəsinin əsl niyyətindən xəbərdar olan Naxçıvanın qabaqcıl adamları xalqın dəstəyi ilə bu planın pozulmasına nail olmuşlar. Həmin vaxt Naxçıvanda təşkil olunan ümumi şəhər yığıncağında əhalinin adından çıxış edən Hacı Həsənəli Qurbanov tərcüməçi vasitəsi ilə Edmond Delliyə demişdi: “Biz ingilis hökumətinin qərarı ilə razılaşmayacağıq. Naxçıvan ölkəsini hər cür təcavüzkarlardan öz qanımızla müdafiə edəcəyik”. Ona görə də E.Delli Naxçıvanda general-qubernator kimi deyil, Paris Sülh Konfransının nümayəndəsi kimi işə başlamışdır. Xalqın tələbi qarşısında aciz qalan E.Delli ermənilərin təkliflərinə məhəl qoymamış və Naxçıvana gəlmiş amerikalı zabitləri İrəvana göndərmişdir. Az sonra – 1920-ci ilin yanvarında isə polkovnik E.Delli bütün amerikalı zabitlərlə birlikdə Naxçıvanı tərk etmişdir.
1919-cu il yanvarın 25-də Naxçıvanda demokratik ziyalıların və milli burjuaziyanın təşəbbüsü ilə Cəfərqulu xan başda olmaqla Müsəlman Milli Şurası yaradılmışdır. Milli Şura yarandığı andan Naxçıvanın erməni təcavüzündən qorunması və bölgənin ərazi bütövlüyünün təmin olunması üçün mühüm əhəmiyyətli tədbirlər həyata keçirmişdir.
1919-cu ilin axırlarından 1920-ci ilin iyul ayına kimi ermənilər yenidən fəallaşmış, bir sıra yerləri işğal etmişdilər. 1920-ci il iyulun əvvəllərində Şərur və Sədərək ermənilər tərəfindən işğal olunsa da, A.Şadlinskinin rəhbərlik etdiyi Qırmızı tabor və Naxçıvan polkunun gücü ilə həmin ilin noyabrın axırı, dekabrın əvvəllərində bu ərazilər, həmçinin Ordubad erməni işğalçılarından təmizlənmişdir.
Bütün bu sadalanan faktlar təsdiq edir ki, Naxçıvan bölgəsinin erməni təcavüzündən xilas edilməsində və Azərbaycanın ərazi bütövlüyünün qorunub-saxlanmasında yerli əhali mühüm rol oynamışdır. Naxçıvan əhalisinin ciddi müqaviməti sayəsində ermənilərin və onları müdafiə edən iri dövlətlərin Naxçıvan bölgəsi ilə əlaqədar işğalçılıq planları pozulmuşdur. Təsadüfi deyildir ki, Ermənistanın Baş naziri O.Kaçaznani 1923-cü ildə etiraf edirdi ki, “Müsəlman Naxçıvanı və Şərurunda, ...müsəlman rayonlarında inzibati tədbirlərlə qayda-qanun yarada bilmədik, silaha əl atmağa, qoşun yeritməyə, dağıtmağa və qırğın törətməyə məcbur olduq. Vedibasar, Şərur, Naxçıvan kimi mühüm yerlərdə öz hakimiyyətimizi hətta silah gücünə qura bilmədik, məğlub olduq və geri çəkildik”.
Fəxrəddin SƏFƏRLİ
AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya
İnstitutunun direktoru, professor