22 Dekabr 2024, Bazar

Dünya çox müharibələr görüb. Savaşan tərəflərin haqlı və haqsız olmağından asılı olmayaraq, müharibə dağıntı, ölüm, faciə deməkdir. Ancaq müharibənin də öz qayda-qanunları var. Döyüşən tərəflərdə ölümün də, dağıntının da, aclıq və xəstəliklərin də olması qaçılmazdır. Eyni zamanda müharibədə nifrətin olması labüddür. Və bu nifrət hər iki tərəfin özünəməxsus səbəbləri çərçivəsində formalaşır. Lakin bu gün baş verməsinin 22-ci ili tamam olan Xocalı faciəsi vəhşiliyin son həddi – soyqırımı hadisəsidir.

Tarixdən hamımıza məlumdur ki, istər keçən əsrin əvvəllərində baş verən faciələrin, istərsə də ən yaxın tarixdə törədilmiş Xocalı soyqırımının əsl səbəblərinin kökü Azərbaycan torpaqlarında erməni dövlətinin qurulmasına bağlanır. Yer üzərində, bəlkə də, ikinci bir “millət” yoxdur ki, başqa bir ölkənin tarixi ərazilərində dövlət qursun, sonra həmin ölkənin digər bölgələrinə torpaq iddiasına düşsün.

Və bu yolda yaşadığı ölkə­nin qədim və yerli sakinlərinə qarşı ağıla­gəlməz vəhşiliyə əl atsın. 1918-ci ilin 31 Mart soyqırımında da, 1992-ci ildə törədilmiş Xocalı soyqırımında da əsas məqsəd Azərbaycan adlı məmləkəti yer üzündən silmək, əhalisini son insanına qədər qırmaq, indiki Ermənistan sərhədlərini “genişləndirməkdən” ibarət idi.
Məlumat üçün onu qeyd edim ki, Xocalı şəhəri strateji mövqeyə malikdir. Qarabağ ərazisində yeganə hava limanı da burada yerləşirdi. Xankəndidən 10 kilometr cənub-şərqdə, Ağdam-Şuşa və Əskəran-Xankəndi yolunun üzərində yerləşən bu şəhərin işğal olunması ermənilər üçün çox lazım idi. Buna görə də fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini zəbt etdilər. Hücumdan əvvəl, fevralın 25-i axşam saatlarından şəhər toplardan və ağır zirehli texnikalardan atəşə tutulmuşdur. Nəticədə, şəhərdə yanğınlar baş vermiş və fevralın 26-sı səhər saat 5 radələrində şəhər tamamilə alova bürünmüşdür. Silahsız, əliyalın əhali yaxınlıqdakı Ağdam rayonuna tərəf gedərkən erməni silahlı dəstələri və motoatıcı alayın hərbçiləri tərəfindən gülləbarana məruz qalmışdılar.
İki gün sonra, fevralın 28-də tərkibində yerli jurnalistlərin də olduğu qrup 2 vertolyotla azərbaycanlıların həlak olduğu yerə çata bildilər. Gördükləri mənzərə hamını dəhşətə gətirdi. Bu vəhşiliklər haqqında xarici mətbuatın yazdıqlarından:
Faynenşl Tayms qəzeti (London), 9 mart 1992-ci il: ermənilər Ağdama tərəf gedən dəstəni güllələmişlər. Azərbaycanlılar 1200-ə qədər cəsəd saymışlar. Livanlı kinooperator təsdiq etmişdir ki, onun ölkəsinin varlı daşnak icması Qarabağa silah və adam göndərir.
Le Mond qəzeti (Paris), 14 mart 1992-ci il: Ağdamda olan xarici jurnalistlər Xocalıda öldürülmüş qadın və uşaqlar arasında ən vəhşi hərəkətlərin nişanəsi olan 3 nəfəri görmüşlər. Bu, azərbaycanlıların təbliğatı deyil, bu, reallıqdır.
İzvestiya (Moskva), 13 mart 1992-ci il: mayor Leonid Kravets: Mən şəxsən təpədə yüzə yaxın meyit gördüm. Hər tərəfdə xüsusi qəddarlıqla öldürülmüş qadın, uşaq, qocalar görünürdü.
Valer aktuel jurnalı (Paris), 14 mart 1992-ci il: erməni silahlı dəstələri Yaxın Şərqdən çıxmışlarla birlikdə müasir texnikaya, o cümlədən vertolyotlara malikdirlər. ASALA-nın Suriya və Livanda hərbi düşərgələri və silah anbarları vardır. Ermənilər yüzdən artıq müsəlman kəndində qırğınlar törədərək Qarabağdakı azərbaycanlıları məhv etmişlər.
Bəli, erməni silahlı dəstələri və 366-cı alayın şəxsi heyəti Xocalı şəhərində misligörünməmiş vəhşiliklərə imza atmışdılar. Onların hərəkətləri insan haqlarının kobud pozulması, beynəlxalq hüquqi aktlara – Cenevrə Konvensiyasına, Ümumdünya İnsan Haqları Bəyannaməsinə, Vətəndaş və Siyasi Hüquqlar barədə Beynəlxaq Sazişə, Fövqəladə vəziyyətlərdə və hərbi münaqişələr zamanı qadınların və uşaqların müdafiəsi Bəyannaməsinə məhəl qoyulmamasını bir daha təsdiq edir.
Milli tariximizin müxtəlif dövrlərində ölkə­mizin ərazi bütövlüyünə qarşı uzanan əllərin əsl mahiyyəti məlum olsa da, hadisələrin geniş çərçivədə törədilməsinin bir səbəbi də həmin dövrlərdə milli ordumuzun olmaması və ya yeni yaranması, vahid mərkəzdən idarə olunmaması kimi faktlarla əlaqədardır. Xatırladaq ki, 1992-ci ildə Xocalıda törədilmiş qanlı hadisələr zamanı şəhəri, əsasən, atıcı silahlarla silahlanmış yerli özünümüdafiə dəstələri qoruyurdular. Paytaxt Bakı şəhərində başı hakimiyyət davasına qarışmış ordu rəhbərlərinin vahid komandanlıq konsepsiyasının olmaması, özbaşınalıq, komandir vəzifələrinin dost-tanış arasında bölüşdürülməsi prinsipi yaxın bir il ərzində hələ çox torpaqlarımızın işğal edilməsi ilə nəticələnəcəkdi. Və bu proses ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışına qədər davam etdi. Elə buna görə də hakimiyyətə gələndən sonra dahi şəxsiyyətin qarşısında ən çətin, məsuliyyətli və həllivacib iki məsələ dururdu: atəşkəsi təmin etmək və ordunu əsaslı şəkildə yenidən qurmaq. Gərgin proseslərdən sonra – 1994-cü ilin may ayında tərəflər arasında atəşkəs haqqında razılığa gəlindi. Çünki hadisələrin bu cür cərəyan etməsi Azərbaycana müsbət heç nə vəd etmirdi. Bundan sonra ölkəmizdə milli ordu quruculuğuna start verildi. Çox çətin, ancaq həllivacib olan bu sahənin yenidən qurulması ölkəmizi yeni işğal dalğalarından qorudu, silahlı qüvvələrimiz sabitliyin, təhlükəsizliyin qarantına çevrildi. Azərbaycanın xoşbəxt gələcəyini təmin etmək, onun iqtisadi gücünü artırmaq üçün yorulmadan çalışan ulu öndər demişdir: “Ordu qurmaq, silahlı qüvvələr yaratmaq böyük bir bina tikmək deyil. Ordu canlı orqanizmdir. Bu, bir tərəfdən canlı orqanizm kimi yaşayır, ikinci tərəfdən isə canlı orqanizm kimi daim inkişaf etməlidir. Ona görə də biz silahlı qüvvələrimizi ilbəil təkmilləşdirməliyik, onun gücünü artırmalıyıq, peşəkarlıq səviyyəsini yüksəltməliyik, təchizatını ilbəil yaxşılaşdırmalıyıq”.
Həmin dövrdən bizi çox qısa zaman ayırsa da, bu gün Azərbaycan həm iqtisadi gücü, həm də müasir ordusu olan bir ölkədir. İndi ölkəmizin hərbi gücü ilə Ermənistan ordusu arasında kəskin uçurum mövcuddur. Eyni zamanda bu uçurum getdikcə dərinləşməkdədir. Azərbaycan Silahlı Qüvvələri indi düşmən ordusundan fərqli olaraq, dünyanın ən müasir texnologiya və hərbi maşınları ilə təchiz edilibdir. Bundan əlavə, respublikamızda hərbi sənayenin həcmi də ilbəil genişlənir. Ölkəmizin hərbi sənaye məhsulları dünyanın müxtəlif ölkələrində təşkil olunan hərbi sərgilərdə nümayiş etdirilir və bu sahədə ixrac potensialı ildən-ilə artır. Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikasında yerləşən hərbi birləşmələrinin maddi-texniki bazası təkmilləşdirilir, hərbi hissələrdə xidmət üçün ən müasir şərait yaradılır. Bütün bunlar hərbi hissələrin döyüş qabiliyyəti və peşəkar­lığının artmasına səbəb olur. Ordu quruculuğunda düşmənlərimizi vahiməyə salan növbəti addım isə Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən iki ay bundan əvvəl atıldı. Azərbaycan Prezidenti 2013-cü il dekabrın 18-də Müdafiə Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə Fərman imzaladı. Fərmana əsasən, Naxçıvan Muxtar Respublikasının müdafiə qabiliyyətinin möhkəmləndirilməsi, silahlı qüvvələrin hissə və bölmələrinin döyüş qabiliyyətinin artırılması, bir mərkəzdən idarəetmənin təkmilləşdirilməsi məqsədilə 5-ci Ordu Korpusunun əsasında Əlahiddə Ümumqoşun Ordusu yaradıldı. Naxçıvanın təhlükəsizliyinin qorunmasında mühüm rol oynayacaq Əlahiddə Ümumqoşun Ordusu muxtar diyarın təhlükəsizliyinə və ərazi bütövlüyünə edilən istənilən hücumun qarşısını almağa və düşmənə layiqli şəkildə cavab verməyə qadirdir.

Bəli, bir ölkənin təhlükəsizliyi üçün ordunun nə demək olduğunu indi Azərbaycanda hər kəs yaxşı bilir. O da bəllidir ki, ötən əsrin sonlarında Azərbaycanın hərbi gücünun olmaması və ya çox zəif olması Xocalı soyqırımı kimi faciələrin baş verməsinə, torpaqlarımızın işğal edilməsinə rəvac verdi. Ancaq tarix ədalətsizliyi sevmir. Azərbaycan Silahlı Qüvvələrinin işğal altında qalan torpaqlarımızı azad edəcəyi gün uzaqda deyil. Bu, bizim həm də Vətən qarşısında mənəvi haqqımızdır. Haqqımızı isə ORDUMUZ təmin edəcək!

Səbuhi HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR