22 Dekabr 2024, Bazar

Ulu öndər Heydər ƏLİYEV: Xocalı faciəsi xalqımızın, millətimizin tarixində qara bir səhifədir, xalqımızın faciəsidir. Eyni zamanda bu faciə xalqımızın, vətəndaşlarımızın öz Vətəninə, torpağına, millətinə sadiqliyinin nümunəsidir. Xocalıda şəhid olanlar, həlak olanlar Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda mübarizədə, Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə şəhid olublar, özlərini qurban veriblər. Onların xatirəsi heç vaxt unudulmayacaqdır. Onların şəhidliyi gələcək nəsillərimiz üçün qəhrəmanlıq nümunəsi olacaq və onların xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır.

Azərbaycan xalqı son 200 il ərzində erməni millətçi şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalmışdır. Həmvətənlərimiz tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunmuşdur. Qarabağın dilbər guşələrindən biri olan Xocalı ötən əsrin əvvəllərində də erməni daşnakları tərəfindən yandırılıb, viran edilmişdi. Amma 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilən soyqırımının nəticələri daha ağılasığmaz, daha dəhşətli oldu. Öz miqyasına görə Xocalı soyqırımı təkcə Azərbaycan xalqına qarşı deyil, bütün insanlıq və bəşəriyyət əleyhinə yönəlmiş ən ağır cinayətlərdən biridir.

Qarabağ silsiləsinin ətəyində yerləşən Xocalı şəhəri şimaldan və şimal-qərbdən Kəlbəcər, Ağdam, cənubdan və cənub-şərqdən Şuşa, Xocavənd və Laçınla həmsərhəddir. Azərbaycanın çox qədim yaşayış məskəni olan bu ərazi 1905, 1906, 1917, 1918-ci illərdə dəfələrlə erməni quldurları tərəfindən yandırılaraq dağıdılmışdır.
Xocalı soyqırımına qədər də ermənilər azərbaycanlılara qarşı bir sıra qanlı əməliyyatlar həyata keçirmişdilər. Məsələn, 1988-ci ilin fevralında ermənilər Sumqayıt hadisəsini törətmişdilər. Həmin ilin payızında əzəli Azərbaycan torpağı olan indiki Ermənistanda yaşayan bütün azərbaycanlılar işgəncə ilə qovulmuş, xeyli insan məhv edilmişdi. Beləliklə, Xocalı soyqırımına yol açan xəyanətlər bir-birinə bağlanaraq uzanmaqda idi.
1990-cı ilin yanvarında Bakıda faciə törədilmiş, dinc əhali qətlə yetirilmiş, respublikamızın paytaxtı vəhşicəsinə gülləbaran edilmişdi. Sonra Azərbaycan torpaqlarının ermənilər tərəfindən kənd-kənd, rayon-rayon işğalına başlanmışdı. Xocalıdan öncə ətraf kəndlər ermənilər tərəfindən dağıdılır, yandırılırdı. Cəmilli, Meşəli, Quşçular, Qarabağlı kəndləri yandırılmış, əhalisi qətlə yetirilmişdi.
Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğalı zamanı əsas hədəflərdən biri də Xocalı olmuşdur. Ciddi strateji əhəmiyyət daşıyan Xocalı faktiki olaraq ermənilərin yolu üstündə böyük bir maneə idi. Xocalı öz coğrafi mövqeyi ilə Dağlıq Qarabağda həm magistral yolun, həm də dəmir yolunun üstündə yerləşirdi. Dəmir yolu Xocalının içindən keçirdi, hava limanı da burada idi. Ona görə də ermənilər hər vəchlə Xocalı əhalisini didərgin salmağa, məhv etməyə və bu ərazini ələ keçirməyə çalışırdılar. Onlar Xocalı şəhərini hədəfə almaqla Qarabağın dağlıq hissəsində strateji əhəmiyyətli maneəni aradan qaldırmaq istəyirdilər. İkinci səbəb Xocalının tarixən azərbaycanlılara məxsus olduğunu sübut edən qədim tarixi abidələrlə zəngin olması idi. Xocalı o yaşayış məskəni idi ki, Azərbaycan tarixinin qədim dövrlərdən müasir dövrə qədərki mərhələsini özündə əks etdirirdi. Tarixə Xocalı-Gədəbəy mədəniyyəti kimi düşən zəngin mədəniyyət məhz burada təşəkkül tapmışdı. Bu ərazi siklopları, kurqanları və digər abidələri ilə Azərbaycanın qədim tarixini yaşadırdı. Deməli, məqsəd həm də azərbaycanlılara məxsus bu mədəniyyəti yer üzündən silmək idi. Təsadüfi deyil ki, Xocalı şəhəri işğal edilən kimi onun ətrafında olan və dünyanın ən qədim məzarlıqlarından sayılan Xocalı qəbiristanlığı xüsusi texnika ilə darmadağın edilmişdir. Ərazisi ən qədim memarlıq və ilk mədəniyyət abidələri ilə zəngin olan Xocalıda XIV əsrə aid türbə, 1356-1357-ci illərdə tikilmiş dairəvi türbə, Kərkicahan qəsəbəsi, Kosalar, Cəmilli və Meşəli kəndlərindəki qədim qəbiristanlıqlar, XIV əsrə aid olan Xocalı məqbərəsi və Xocalı Məbəd Yeri dağıdılmışdı.
...Xocalı 1991-ci ilin oktyabrından blokadada idi. Oktyabrın 30-da avtomobil əlaqəsi kəsildiyindən yeganə nəqliyyat vasitəsi olaraq vertolyotdan istifadə edilirdi. Xocalıya sonuncu vertolyot 1992-­ci il yanvarın 28-də gəlmişdi. Şuşa şəhərinin səmasında mülki vertolyotun ermənilər tərəfindən vurulması və vertolyotdakı 40 nəfərin həlak olmasından sonra isə bu əlaqə də kəsilmişdi. Yanvarın 2-dən şəhərə elektrik enerjisi verilmirdi. Şəhər ancaq əhalinin və müdafiəçilərin cəsurluğu sayəsində yaşayır və müdafiə olunurdu. Şəhərin müdafiəsi yerli özünümüdafiə dəstəsindən və milisdən təşkil edilmişdi.
Fevralın ortalarından başlayaraq Xocalı erməni silahlıları tərəfindən mühasirəyə alınmışdı və hər gün ağır texnikadan atəşə tutulurdu. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri, Dağlıq Qarabağda yerləşdirilmiş erməni terrorçu dəstələri və keçmiş sovet ordusunun Xankəndi şəhərindəki 366-cı motoatıcı alayı 7 min nəfərin yaşadığı Xocalı şəhərinə basqın etdi, günahsız insanları, dinc sakinləri xüsusi amansızlıqla qətlə yetirdi. Xocalı soyqırımı zamanı 613 nəfərin – 106 qadın, 63 azyaşlı uşaq, 70 qocanın həyatına son qoyulmuş, 487 dinc sakin ağır yaralanaraq şikəst olmuş, 1275 nəfər əsir və girov götürülmüşdü. İtkin düşmüş 150 nəfərin taleyi indiyədək məlum deyil. Kütləvi qırğın həyata keçirilərkən 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərinin birini itirmiş, mülki əhali görünməmiş vəhşiliklə qətlə yetirilmiş, əsir və girov götürülənlərə amansız işgəncələr verilmişdi.
Xocalıya üç istiqamətdən hücum aparıldığından əhali Əskəran istiqamətindən şəhərdən çıxmağa məcbur olmuşdur. Naxçıvanik kəndi yaxınlığında əhalinin qarşısı erməni silahlı dəstələri tərəfindən kəsilmiş və gülləbaran edilmişdir. Qarlı aşırımlarda və meşələrdə zəifləmiş, taqətdən düşmüş insanların çox hissəsi məhz Əskəran-Naxçıvanik düzündə erməni silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla qətlə yetirilmişdir.
Xocalı soyqırımından sonra, 1992-ci il martın 1-3-də 200-ə yaxın azərbaycanlı əsir ermənilər tərəfindən dəhşətli şəkildə qətlə yetirilmişdir. Xocalı qətliamının icraçılarından biri olan David Xeyreyan “Xaç naminə” kitabında etiraf etmişdir ki, “fevralın 26-da meyitləri daşıyıb Daşbulaq yaxınlığındakı bataqlığa tökdülər və cəsədlərdən keçid körpü düzəltdilər. Mən ölülərin üzərindən keçməyə qorxurdum. Tərəddüd etdiyimi görən polkovnik Ohanyan mənə dedi: “Qorxma, ürəklə keç! Bu hal müharibənin qanunlarından biridir”. Mən qana bulaşmış 9-11 yaşlı uşağın və digər meyitlərin üzərindən adlayıb bataqlığı keçdim... Ayaqlarım və fotokameram qana batmışdı”.
Rusiyanın “Memorial” hüquq-müdafiə mərkəzinin məlumatına görə, dörd gün ərzində Ağdama Xocalıda qətlə yetirilmiş 200 azərbaycanlının meyiti gətirilmiş, onlarla meyitin təhqirə məruz qalması faktı aşkar edilmişdir. Ağdamda 181 meyit məhkəmə-tibbi ekspertizadan keçirilmişdir. Ekspertiza zamanı müəyyən edilmişdir ki, 151 nəfərin ölümünə güllə yaraları, 20 nəfərin ölümünə qəlpə yaraları səbəb olmuş, 10 nəfər küt alətlə vurularaq öldürülmüşdür. Soyqırımı aktı zamanı Xocalıda istifadəsi qadağan olunmuş mərmilərdən və kimyəvi silahlardan istifadə edilmişdir. Bütün bu faktlar da Ermənistanın Cenevrə Konvensiyasının protokollarını pozaraq dinc sakinlərə qarşı soyqırımı həyata keçirdiyini bir daha təsdiqləyir.
Xocalı hadisələrinin şahidi olmuş rus zabiti, polkovnik V.R.Soveleyev hadisə ilə əlaqədar hazırladığı arayışda yazırdı ki, “insanların güllədən keçirilmiş bədənlərini unuda bilmirəm. Qoy azərbaycanlılar məni bağışlasınlar ki, bütün bu qanlı və amansız sonluğu olan hadisələrdə əlimdən heç nə gəlmədi. Yazdığımız məxfi arayışı Kremlə və Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinə göndərdim və “oxuyun, görün, biz rus zabitlərinin şərəfi necə ləkələndi”, – dedim”.
Təəssüf ki, 1993-cü ilə qədər Azərbaycanda Xocalı soyqırımına hüquqi-siyasi qiymət verilməsi istiqamətində heç bir tədbir görülmədi. Yalnız ümummilli lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra Xocalı faciəsinə hüquqi-siyasi qiymət verilmişdir. Bu soyqırımı haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması üçün təsirli tədbirlər görülmüşdür. 1994-cü ilin fevralında ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi Xocalıda baş vermiş hadisələri geniş təhlil edərək “Xocalı Soyqırımı Günü haqqında” Qərar qəbul etmiş, BMT-yə, dünya dövlətlərinə müraciət edərək erməni terrorizminə qarşı qəti tədbirlər görməyə çağırmışdır. Qəbul edilmiş qərara əsasən, bəşər tarixinin qanlı səhifələrindən olan Xocalı hadisələri ilə əlaqədar hər il fevralın 26-sı “Xocalı Soyqırımı Günü” elan olunmuşdur. Ulu öndər Heydər Əliyevin “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” 1997-ci il fevralın 25-də imzaladığı Sərəncamla hər il fevral ayının 26-sı saat 1700-də ölkəmizdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Xocalı soyqırımının tanıdılması istiqamətində bu gün də ardıcıl iş aparılır. Son illər Xocalı həqiqətlərinin dünyaya tanıdılması, erməni terrorçularının həyata keçirdiyi insanlıq əleyhinə cinayətlərin beynəlxalq miqyasda ifşası sahəsində xeyli iş görülmüş, xarici dillərdə kitablar nəşr olunmuş, Xocalı soyqırımı müxtəlif beynəlxalq tədbirlərdə gündəmə gətirilmiş, bununla bağlı internet saytları yaradılmışdır. Heydər Əliyev Fondu tərəfindən 2008-ci ildə “Xocalıya ədalət” Beynəlxalq İnformasiya və Təşviqat Kampaniyasının təsis edilməsi bu soyqırımının dünya ictimaiyyətinə çatdırılması istiqamətində atılan mühüm addımlardan biridir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2014-cü il 13 fevral tarixli “Xocalıya ədalət” kampaniyasının keçirilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncamına əsasən, bu tədbirlərin beynəlxalq səviyyədə daha da genişləndirilməsi qərara alınmışdır.
Bu istiqamətdə aparılan səmərəli işin nəticəsidir ki, hər dəfə faciənin ildönümündə dünyanın bir çox ölkə­sində Xocalı qurbanlarının əziz xatirəsi anılır, mitinqlər, piketlər keçirilir, ermənilərin vəhşiliklərini əks etdirən fotoşəkillər, filmlər, materiallar nümayiş etdirilir. Dünya ölkələrinin nüfuzlu qəzetlərində faciəyə həsr olunmuş məqalələr çap olunur, televiziya və radiolarda verilişlər hazırlanır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Xocalı soyqırımının iyirminci ildönümü haqqında” 2012-ci il 17 yanvar tarixli Sərəncamında da Xocalı həqiqətlərinin bütün dünyaya çatdırılması bir vəzifə kimi qarşıya qoyulmuşdur: “Azərbaycanlılara qarşı erməni şovinist dairələrinin XIX-XX əsrlərdə mərhələ-mərhələ həyata keçirdiyi etnik təmizləmə siyasətinin tərkib hissəsi olan Xocalı soyqırımı haqqında həqiqətlər dünya ictimaiyyətinə, xarici ölkələrin parlamentlərinə çatdırılmalı, Azərbaycan xalqının və ümumən insanlığın əleyhinə yönəldilmiş bu son dərəcə ağır hərbi cinayət beynəlxalq miqyasda öz hüquqi qiymətini almalıdır”.
Xocalı həqiqətlərinin dünyaya çatdırılması, qətliama obyektiv qiymət verilməsi istiqamətində görülən işlər ardıcıl xarakter daşıyır. Ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırımına etiraz edənlərin sayı dünyanın hər yerində ildən-ilə artmaqdadır. Artıq Meksika, Pakistan, Kolumbiya, Çexiya, Peru, Bosniya və Herseqovina parlamentləri Xocalı faciəsini soyqırım kimi tanımış, Rumıniya, Kanada və İordaniya parlamentləri isə bu barədə xüsusi bəyanat qəbul etmişlər. Bu ilin yanvar ayında isə Honduras Milli Konqresi Xocalı soyqırımını tanıyan qərar qəbul etmişdir. Bununla yanaşı, Amerika Birləşmiş Ştatlarının Nyu-Cersi, Nyu-Meksiko, Meyn, Texas, Corciya, Massaçusets, Arkanzas, Missisipi, Oklahoma, Tennessi, Pensilvaniya, Vest Virciniya, Konnektikut və Florida ştatlarının qanunverici orqanları da Xocalı faciəsinin soyqırımı kimi tanınması barədə qərar çıxarmışdır.

Bu gün Dağlıq Qarabağ probleminin ədalətli həlli uğrunda Azərbaycan dövlətinin həyata keçirdiyi ardıcıl, prinsipial və qətiyyətli siyasi xətt, Azərbaycan Respublikasının konstruktiv mövqeyi dünya dövlətlərinə yaxşı bəllidir. Problemin sülh və danışıqlar yolu ilə həll olunmasına sadiq qalan Azərbaycan artıq məsələnin hərbi müstəvidə qısa zaman ərzində həlli üçün də Ali Baş Komandanın əmrinə hazır olan müzəffər orduya malikdir. Bu isə Azərbaycanın ərazi bütövlüyünün bərpa ediləcəyi günün uzaqda olmadığını göstərir. Məhz həmin gün ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan bütün şəhidlərin ruhu əbədi sakitliyə qovuşacaqdır! Prezident İlham Əliyevin də dediyi kimi: “Xocalı soyqırımını həyata keçirənlər gec-tez ədalət məhkəməsi qarşısında cavab verərək layiqli cəzalarını alacaq, şəhidlərimizin qanı yerdə qalmayacaqdır”.

“Şərq qapısı”

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR