Dünən muxtar respublikamızın ali, orta ixtisas və ümumtəhsil məktəblərində, Heydər Əliyev adına Hərbi Liseydə Xocalı soyqırımına həsr edilmiş bir dərs saatında həmin qanlı faciə bir daha xatırlanmışdır. Bu barədə tələbə, kursant və şagirdlərə ətraflı məlumat verilmişdir. Qeyd olunmuşdur ki, Xocalı soyqırımı xalqımıza qarşı bir neçə əsr əvvəl başlanan və həyata keçirilən erməni təcavüzünün davamı və tərkib hissəsidir. Həmin faciənin törədilməsi ilə yüzlərlə soydaşımız qətlə yetirilmiş, işgəncələrə məruz qalmışdır. Xocalının qəhrəman və fədakar sakinləri düşmən qarşısında mənən sınmamış, sonadək vuruşaraq Vətənə sədaqət nümunəsi, rəşadət və igidlik göstərmişlər.
Dərslərdə Xocalı soyqırımına hüquqi-siyasi qiymətin verilməsindən də ətraflı bəhs edilmiş, bu faciənin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlərin əhəmiyyəti vurğulanmışdır.
Xəbərlər şöbəsi