22 Dekabr 2024, Bazar

Dünən Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı Naxçıvan Tibb Kollecində “Xocalı faciəsi insanlığa qarşı cinayət – soyqırımı aktıdır” mövzusunda tədbir keçirib.
Tədbirdə Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Elman Cəfərlinin, təşkilatın Qadınlar Şurasının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Yazgül Rzayevanın, Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi müəssisədənkənar ərazi ilk partiya təşkilatının sədri Ramil Məmmədxanovun çıxışları olub.
Çıxışlarda bildirilib ki, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. Azərbaycan xalqının  ümummilli lideri Heydər Əliyevin Xocalı soyqırımının on illiyi münasibətilə Azərbaycan xalqına müraciətində deyildiyi kimi: “Bu amansız və qəddar soyqırımı aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu”.

Vurğulanıb ki, 1988-ci ildən Dağlıq Qarabağ ətrafında başlayan hadisələr, erməni ideoloqlarının “dənizdən dənizə Ermənistan” adlı sərsəm bir ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərlə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələndi. Bütün beynəlxalq hüquq normalarına zidd olaraq Ermənistan dövləti Dağlıq Qarabağı özünə birləşdirmək istəyir, bu yolda bütün cinayət və vəhşiliyə hazır olduğunu nümayiş etdirir. XX əsrin faciəsi olan Xocalı soyqırımı cinayətkar erməni siyasətinin nəticəsidir.

*   *   *

“Xocalıda törədilən vəhşilik, uşaq və qadın qətlləri özünü beynəlxalq ictimaiyyətə “məzlum” xalq kimi tanıtdırmağa çalışan erməni millətçilərinin terrorçu sifətini və onların azərbaycanlılara, türklərə qarşı soyqırımı siyasətini açıq-aşkar göstərməkdədir”. Bu fikirləri Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatının Xocalı faciəsinin 22-ci ildönümü münasibətilə keçirdiyi “Bəşər tarixinin ən dəhşətli və qanlı faciəsi – Xocalı soyqırımı” adlı tədbirdə təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Qadir İbrahimov səsləndirib. Bildirilib ki, Xocalı soyqırımı mahiyyətcə xalqımıza qarşı həyata keçirilən erməni təcavüzünün davamı və tərkib hissəsidir. 1905-1907, 1918-1920, 1948-1953-cü illərdə erməni şovinistlərinin məkrli işğal və ilhaq siyasəti nəticəsində həyata keçirilən sistemli deportasiya və genosid siyasəti 1988-1989-cu illərdə özünün ən yüksək nöqtəsinə çatmış, nəticədə, bu gün Ermənistan adlanan, əslində isə əzəli Azərbaycan tor-paqlarında bir nəfər də olsun, soydaşımız qalmamışdır.
Yeni Azərbaycan Partiyasının banisi, görkəmli dövlət xadimi  Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikası Milli Məclisi 24 fevral 1994-cü il tarixdə Xocalı soyqırımı haqqında qərar qəbul etmişdir. Həmin qərarda hər il fevral ayının 26-nın “Xocalı Soyqırımı Günü” kimi qeyd olunması, bu barədə beynəlxalq təşkilatlara məlumatlar verilməsi nəzərdə tutulmaqla yanaşı, bütün dünya azərbaycanlılarına müraciət qəbul edilmişdir.
Ulu öndərimiz Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanında XX əsrdə xalqımıza qarşı yönəldilmiş soyqırımı siyasətinin mahiyyəti əsaslı tarixi faktlarla açıqlanmış, qanlı faciələri törədənlərin ədalət məhkəməsi qarşısında cavab verəcəkləri inamı həmin sənəddə öz əksini tapmışdır.
Sonra çıxışlar olmuşdur.
Sonda şagirdlərin ifasında Xocalı soyqırımına həsr edilmiş şeirlər bədii qiraət olunmuşdur.

*   *   *

Fevralın 25-də Naxçıvan Mü­əllimlər İnstitutunda Xocalı faciəsinin 22-ci ildönümü ilə əlaqədar elmi-praktik konfrans keçirilmişdir.
Konfransı giriş sözü ilə açan institutun rektoru, professor Oruc Həsənli qeyd etmişdir ki, 1992-ci il fevral ayının 26-da erməni hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırımı həyata keçirmişlər. Qətliama qədər əhalinin bir qismi şəhərdən çıxarılsa da, qalan 3000-ə yaxın insanın 613 nəfəri öldürülmüş, 8 ailə tamamilə məhv edilmişdir. Öldürülənlər içərisində 106 nəfəri qadın, 63 nəfəri azyaşlı uşaq, 70 nəfəri isə qoca olmuşdur.
Xalqımızın tarixinə ən dəhşətli faciə kimi daxil olan Xocalı qətliamı haqqında ulu öndər Heydər Əliyev demişdir: “Bütövlükdə, Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağılasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı eyni zamanda bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir”. Bu gün dövlətimizin məqsədyönlü fəaliyyətinin nəticəsidir ki, dünyanın bir çox aparıcı dövlətləri Xocalı soyqırımını tanıyır. Lakin bununla arxayınlaşmaq olmaz. Dünyanın bütün ölkələrinin diqqətini bu faciəyə yönəldərək haqq səsimizi bütün sülhsevər ölkələrə çatdırmalıyıq. Çünki dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar, ümumbəşəri qanunlar Xocalı faciəsi kimi soyqırımları pisləyir, yolverilməz olduğunu bildirirlər.
“Xocalı soyqırımı XX yüzilin dəhşətli cinayətlərindən biridir” mövzusunda məruzə ilə çıxış edən Naxçıvan Müəllimlər İnstitutunun baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Ələkbər Cabbarlı bildirmişdir ki, Azərbaycan xalqı 200 il ərzində erməni millətçilərinin davamlı olaraq etnik təmizləmə və soyqırımı siyasətinə məruz qalmışdır. Xocalı soyqırımı erməni şovinistlərinin həyata keçirdikləri vandalizmin davamı idi.
Qeyd olunmuşdur ki, Xocalıda törədilən cinayət cəzasız qalmamalıdır. Ermənistanın hərbi-siyasi cinayəti soyqırımı hadisəsi kimi beynəlxalq aləmdə siyasi-hüquqi qiymətini almalı və günahkarlar – Seyran Ohanyan, Serj Sarkisyan, Robert Köçəryan kimi canilər beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər. Dünya bilməlidir ki, bu cinayət təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bəşəriyyətə, insanlığa qarşı yönəldilmişdir. Ermənistan dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir. Beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistan Respublikasının Azərbaycan torpaqlarında törətdiyi bu hərbi cinayətə – Xocalı soyqırımına siyasi-hüquqi qiymət verməlidir.
Sonra institutun Tələbə Gənclər Təşkilatının sədri Qəmər Rəhimova­nın çıxışı olmuşdur.
Tədbirin sonunda tələbələr Xocalı soyqırımına həsr edilmiş şeirlər söyləmişlər.

*   *   *

Şahbuz Rayon Gənclər və İdman İdarəsinin və Yeni Azərbaycan Partiyası Şahbuz Rayon Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 22-ci ildönümü münasibətilə tədbir keçirilmişdir.
Əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Şahbuz Rayon Gənclər və İdman İdarəsinin rəisi, Yeni Azərbaycan Partiyası Şahbuz Rayon Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin sədri Vüqar Muradov çıxış edərək bildirmişdir ki, Xocalı faciəsi iki yüz ilə yaxın bir müddətdə erməni şovinist millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı, ən qanlı səhifəsidir. Faciənin törədilməsində əsas məqsəd torpaqlarımızı ələ keçirmək, xalqımızın müstəqillik və ərazi bütövlüyü uğrunda apardığı mübarizə əzmini qırmaq idi. Lakin xalqımızın qəhrəman oğul və qızları erməni-sovet hərbi birləşmələrinə qarşı qeyri-bərabər döyüşdə mərdliklə mübarizə aparmış, qəhrəmanlıq tariximizə şanlı səhifələr yazmışlar. Erməni hərbi birləşmələrinin heç bir çərçivəyə sığmayan vəhşi əməlləri nəticəsində qocalara, qadınlara və uşaqlara rəhm edilməmiş, əhali etnik təmizlənməyə məruz qalmışdır. Bütövlükdə, Azərbaycan xalqının məhvinə yönəldilmiş Xocalı soyqırımı dünya ölkələrində böyük əks-səda doğurmuş, onu eşidən hər kəsdə dərin hüzn və kədər oyatmışdır. Vurğulanmışdır ki, Xocalı faciəsinə hüquqi-siyasi qiymət verilməsi yalnız xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi hakimiyyətə ikinci dəfə qayıdışından sonra mümkün olmuşdur. Bu gün Azərbaycan Respublikasının apardığı xarici siyasət nəticəsində dünyanın müxtəlif ölkələrində Xocalı soyqırımı ilə bağlı tədbirlər keçirilir, faciənin əsl səbəbləri haqqında dünya ictimaiyyətinə ətraflı məlumatlar verilir.
Sonra tədbir iştirakçıları Xocalı faciəsinə həsr olunmuş “Məhv edilmiş şəhər” filminə baxmışlar.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR