1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə həm faciə, həm də xalqımızın qəhrəmanlıq salnaməsi kimi daxil olmuşdur. Həmin gün öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalmışlar. 20 Yanvar faciəsindən 23 il keçməsinə baxmayaraq, xalqımız o müdhiş günün ağrı-acısını unutmur, öz qəhrəman övladlarını ehtiramla yad edir.
Bu fikirlər bu gün muxtar respublikamızda ali, orta ixtisas və orta məktəblərdə 20 Yanvar faciəsinə həsr olunmuş dərs saatlarında səsləndirilmişdir. Dərslərdə həmin faciə bir daha xatırlanmış, 1990-cı il hadisələri barədə şagird və tələbələrə ətraflı məlumat verilmişdir. Dərs müddətində xalqımızın ümummilli lideri Heydər Əliyevin 20 Yanvar faciəsinə siyasi qiymət verməsi və onun dünya ictimaiyyətinə çatdırılması istiqamətində gördüyü mühüm işlərdən də bəhs edilmişdir.
Xəbərlər şöbəsi