Dünən Yeni Azərbaycan Partiyası Babək rayon təşkilatında “20 Yanvar – müstəqillik tarixinin qəhrəmanlıq səhifəsi” mövzusunda tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı İsa Məmmədov açaraq bildirmişdir ki, 20 Yanvar Azərbaycan tarixinə təkcə faciə deyil, həm də qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur. Bu hadisə ölkəmizə qarşı ərazi iddiaları irəli sürən ermənilərin təcavüzkar hərəkətləri və keçmiş sovet rəhbərliyinin onlara havadarlığından hiddətlənən, qəti etirazını bildirən geniş xalq kütləsinin qəhrəmanlıq nümunəsi, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan Vətən övladlarının şəhidlik zirvəsinə ucalmasının ifadəsi kimi tarixdə qalacaqdır.
Bildirilmişdir ki, bu qəhrəmanlıq nümunəsi nəticəsində xalqımız uzun illərdən bəri arzusunda olduğu müstəqilliyə qovuşmuşdur. Həmin qanlı hadisələrdən illər keçməsinə baxmayaraq, xalqımız o müdhiş gecəni daim xatırlayır, tarixin daş yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi respublikamızda hər il ümumxalq hüzn günü kimi geniş qeyd edilir. İsa Məmmədov xalqımıza qarşı törədilmiş qanlı terror aktına siyasi-hüquqi qiymət verilməsində ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərindən geniş bəhs etmişdir.
Tədbirdə partiya üzvlərindən Sədaqət Mahmudov, Füzuli Salmanov və Elnur Abbasov çıxış etmişlər.
* * *
Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında 20 Yanvar faciəsinin 23-cü ildönümünə həsr olunan “Tariximizin qəhrəmanlıq səhifəsi” adlı konfrans keçirilib.
Konfransı giriş sözü ilə kitabxananın direktoru, tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanova açıb.
Kitabxananın Elmi-metodiki şöbəsinin müdiri Fəridə Ələsgərova “Şanlı tarix – 20 Yanvar” mövzusunda məruzə edib. Məruzədə qeyd olunub ki, Qanlı Yanvar hadisələrindən 23 il keçir. İyirmi üç il bundan öncə 20 yanvar gecəsi köləliyə və mənfur işğalçılığa üsyan edən silahsız insanlar bir qəhrəmanlıq dastanı yazdılar. Xalqın azadlıq mübarizəsi tarixinə yazılan o gün əsrlər keçsə də, Azərbaycanın şərəfli qəhrəmanlıq salnaməsi olaraq unudulmayacaq.
20 Yanvar bir xalqın istiqlal savaşı uğrunda gözünü qırpmadan qəbul etdiyi şəhidlik məktəbidir. Şübhəsiz ki, keçən əsrdə totalitarizmin törətdiyi ən qanlı terror aktları sırasında 20 Yanvar var. Bu, bəşəriyyət və insanlıq əleyhinə törədilmiş dəhşətli qətliamdır. Dinc əhaliyə qarşı həyata keçirilən cəza tədbirləri zamanı 1949-cu ilin Cenevrə Konvensiyasının, Beynəlxalq Hərbi Tribunalın Əsasnaməsinin, Beynəlxalq İnsan Haqları Bəyannaməsinin, insan haqlarına dair digər beynəlxalq aktların çoxsaylı müddəaları pozulub. Bu məqamlar 20 Yanvar hadisələri ilə bağlı aparılan təhqiqatlarla da təsdiqlənir.
Bir şeyi unutmamalıyıq ki, 20 Yanvar Azərbaycan xalqının tarixində, sadəcə, üzüntü ilə xatırlanacaq gün deyil. Həm də bizim üçün şan və şərəf günüdür, mənlik günüdür. Unutmamalıyıq ki, həmin gün küçələri boyamış al şəhid qanları bir anlamda milli heysiyyətimizdə doğan Günəşin qızıl şəfəqlərini simvolizə edirdi. Vətəndaşımız o gün üstünə şığıyan dəhşətli kabusa, sovet hərbiyyəsinin qorxunc qaragüruhuna qarşı sinə gərməyi və deməli, öz mənliyini və mətinliyini nümayiş etdirməyi bacardı. O hadisələr açıqca göstərdi ki, azərbaycanlılar azadlıq savaşına qalxmaq, pozulmuş hüquqlarının, suverenliyinin bərpası uğrunda çarpışmaq əzminə sahibdirlər.
Sonra məruzə ətrafında kitabxana əməkdaşlarından İradə Kərimovanın, Zenfira Quliyevanın çıxışları olub.
Sonda Qanlı Yanvar hadisələri ilə bağlı film nümayiş etdirilib.
* * *
Naxçıvan Muxtar Respublikası Texniki Yaradıcılıq Mərkəzində də 20 Yanvar faciəsinin 23-cü ildönümünə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə mərkəzin direktoru Sevinc Mirzəyeva çıxış edərək bildirmişdir ki, qanlı terror aktlarından biri olan 20 Yanvar faciəsi Azərbaycan xalqına, ümumiyyətlə, humanizmə və insanlığa qarşı yönəldilmiş dəhşətli cinayətdir. Bununla bərabər, o müdhiş gecə tariximizə təkcə faciə kimi deyil, həm də qəhrəmanlıq günü kimi daxil olmuşdur. Həmin gün sovet rejiminin hərbi, siyasi və mənəvi təcavüzünə məruz qalmış xalqımız öz qəhrəmanlıq ənənələrinə sadiq olduğunu bir daha göstərmişdir.
Mərkəzin direktoru qeyd etmişdir ki, illər, əsrlər ötəcək, bu qanlı olayda canlarını qurban vermiş şəhidlərimiz heç zaman unudulmayacaq. Unudulmayan bir tarixi gerçəklik də ondan ibarətdir ki, bu faciəyə siyasi-hüquqi qiyməti xalqımızın ümummilli lideri Heydər Əliyev vermişdir. 20 Yanvar şəhidlərinin adlarının əbədiləşdirilməsi, onların ailələrinə və bu qanlı faciədə sağlamlıqlarını itirmiş əlillərə dövlət qayğısı ulu öndərin daim diqqət mərkəzində olduğu kimi, bu gün Prezident cənab İlham Əliyevin də həyata keçirdiyi sosial siyasətin əsas istiqamətlərindən biridir.
Sonra məruzə ətrafında çıxışlar olmuşdur.
Tədbirdə 20 Yanvar faciəsinə həsr olunmuş şeirlər bədii qiraət edilmiş, sərgiyə baxılmış, faciədən bəhs edən sənədli film nümayiş etdirilmişdir.
* * *
Naxçıvan şəhərindəki Vəli Zeynalov adına 3 nömrəli tam orta məktəbdə 20 Yanvar faciəsinin 23-cü ildönümünə həsr olunmuş anım mərasimi keçirilmişdir. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxış edən məktəbin direktoru, Naxçıvan Muxtar Respublikasının əməkdar müəllimi Ülkər Möhsünova bildirmişdir ki, 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, xalqımızın iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilməmiş, o müdhiş gecədə həlak olan Vətən övladları Azərbaycanın yeni tarixinə parlaq səhifə yazmış, xalqın milli azadlığı üçün yol açmışlar. Təəssüf ki, qanlı hadisə baş verəndən sonra bu cinayətə hüquqi-siyasi qiymət verilməmişdir. Məhz ulu öndər Heydər Əliyevin Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra Qanlı Yanvar hadisələrinə siyasi qiymət verilmiş, faciənin günahkarlarının adları açıqlanmışdır.
Bu hadisənin qurbanları, şəhid ailələri bu gün də unudulmur, Prezident İlham Əliyev şəhid ailələrinin qayğı ilə əhatə olunmasını daim diqqətdə saxlayır, onların sosial problemlərinin həll edilməsi üçün müntəzəm olaraq qərarlar qəbul edir.
Tədbirdə məktəbin müəllimlərindən Sədaqət Qasımova, Aynur Qurbanova və başqaları çıxış edərək bildirmişlər ki, 1990-cı ilin yanvar qırğını faciəvi olmasına baxmayaraq, Azərbaycan xalqının iradəsi, milli azadlıq uğrunda mübarizə əzmi yenilmədi, xalq özünün yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, müstəqillik və azadlıq uğrunda bütün məhrumiyyətlərə hazır olduğunu dünyaya nümayiş etdirdi. 20 Yanvar tariximizin qəhrəmanlıq səhifəsi, Azərbaycanın milli azadlıq hərəkatının yüksəliş günüdür.
Sonda məktəbin şagirdləri ədəbi-bədii kompozisiya ilə çıxış etmiş, şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış olmuşdur.
Xəbərlər şöbəsi