Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyasından irəli gələn vəzifələr və 2021-ci il ərzində görülmüş işlər müzakirə olunub. Kollegiya iclasında komitə sədri, gömrük xidməti general-leytenantı Səhət Həbibbəyli qeyd edib ki, hesabat dövrü ərzində gömrük orqanları tərəfindən iqtisadi təhlükəsizliyin və daxili bazarın qorunması, hüquq-mühafizə fəaliyyətinin yerinə yetirilməsi, əhalinin keyfiyyətli idxal məhsulları ilə təmin edilməsi, ixracın stimullaşdırılması və gömrük xidmətinin keyfiyyətinin artırılması istiqamətində fəaliyyət davam etdirilib.
Vurğulanıb ki, hərtərəfli dövlət qayğısı ilə əhatə olunan gömrük xidmətinin modernləşməsi, iş şəraitinin daha da yaxşılaşdırılması diqqətdə saxlanılıb. Hesabat dövründə iş prosesinin avtomatlaşdırılması və idarəetmənin təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilib. Gömrük rəsmiləşməsini aparacaq əməkdaşın sistem tərəfindən avtomatik seçilməsi, yeni proqram təminatı hazırlanmaqla gömrük bəyannaməsini təqdim edəcək gömrük təmsilçilərinin bölgüsünün elektron növbə prinsipi əsasında aparılması təmin olunub. Malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun kodlarının mərkəzləşdirilmiş bazası formalaşdırılıb, ölkəmizdə ilk dəfə olaraq karqo şirkətləri ilə gömrük orqanları arasında elektron məlumat mübadiləsinin həyata keçirilməsi təmin olunub.
Komitə sədri bildirib ki, muxtar respublika gömrük orqanları 2021-ci il ərzində 31 milyon 404 min manat vəsait toplayaraq büdcə öhdəliyini 107,7 faiz yerinə yetirib. Toplanmış gömrük ödənişləri Naxçıvan Muxtar Respublikasının büdcə gəlirlərinin 22,3 faizini təşkil edib.
Vurğulanıb ki, əməliyyat-axtarış fəaliyyətinin genişləndirilməsi, texniki nəzarət vasitələrindən səmərəli istifadə, kinoloji xidmətin keyfiyyətinin yüksəldilməsi, əməkdaşların bilik və bacarıqlarının artırılması nəticəsində gömrük sahəsində hüquqpozma hallarına qarşı mübarizə gücləndirilib. Gömrük orqanları tərəfindən 2021-ci ildə 113 inzibati, 4 cinayət xarakterli fakt aşkarlanıb, ümumilikdə, 566 kiloqram 530 qram narkotik vasitənin muxtar respublika ərazisindən tranzit keçirilməsinin qarşısı alınıb. Muxtar respublikamızda qəbul olunmuş Dövlət proqramlarından, Ali Məclisin sessiyalarından, keçirilən müşavirələrdən irəli gələn vəzifələrin icrası istiqamətində gömrük orqanları tərəfindən işlər davam etdirilib. Daxili bazarın xarici təsirlərdən qorunması, yerli istehsalın, o cümlədən ailə təsərrüfatlarının dəstəklənməsi istiqamətində əlavə tədbirlər görülüb, muxtar respublikaya gətirilən malların keyfiyyətinə ciddi nəzarət edilib. “İxrac ili” olan 2021-ci ildə ixrac mallarının gömrük rəsmiləşməsinin asan və sürətli formada təmin edilməsi, “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə edən ixracatçıların sayının artırılması ilə muxtar respublikanın ixrac potensialının gücləndirilməsinə dəstək verilib.
Kollegiya iclasında çıxışlar dinlənilib.
* * *
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində keçirilən kollegiya iclasını giriş sözü ilə komitənin sədri Ramilə Seyidova açıb. Bildirib ki, komitə tərəfindən gənclər və digər yaş qruplarından olan şəxslər arasında ailə institutunun təbliği məqsədilə “Ailə dəyərlərimiz film və fotolarda” mövzusunda VI muxtar respublika yaradıcılıq müsabiqəsi və “İdeal ailənin formulu: ənənəvi dəyərlər və müasirlik” mövzusunda VIII muxtar respublika yazı, dekorativ-tətbiqi sənət və rəsm müsabiqələri keçirilib.
Qadınlarla bağlı icra olunan sosial layihələr barəsində məlumat verən Ramilə Seyidova bildirib ki, hesabat dövrü ərzində Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyinin maliyyələşdirdiyi “İcma quruculuğu təşəbbüsləri proqramı” çərçivəsində “Naxçıvan Muxtar Respublikasında qadınların iqtisadi səlahiyyətlərinin artırılması” layihəsinin icrası həyata keçirilib. Layihə çərçivəsində maliyyə savadlılığı üzrə “Gələcəyini planlaşdır!” və biznes planlaşdırılması üzrə “Sahibkar ol!” adı altında təlimlər təşkil olunub. Təlimlərdə sağlamlıq imkanları məhdud və sosial qayğıya ehtiyacı olan 28 qadın iştirak edib. Təlimlərin sonunda ən uğurlu biznes-plan hazırlayıb təqdim edən 26 nəfərə sərmayə kapitalı verilib.
Qeyd olunub ki, muxtar respublikanın rayonlarında xüsusi qayğıya ehtiyacı olan ailənin üzvü, fiziki imkanları məhdud qadınlar və müvafiq rayonların aid dərnək rəhbərləri üçün il ərzində 11 dəfə müxtəlif sahələr üzrə təlimlər keçirilib.
Komitə sədri qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun 2021-ci il üçün İş Planına uyğun olaraq məhdud fiziki imkanlıların və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satış keçirilib. Sərgi-satışda 514 müəllifin 7426 əl işi sərgilənib.
Uşaqlarla bağlı həyata keçirilən tədbirlərdən danışan komitə sədri diqqətə çatdırıb ki, “Gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 12 iyul tarixli Sərəncamı ilə təhsil və idman sahəsi üzrə 2 uşağın adı Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na yazılıb, onlar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülüb. Bununla da müvafiq kitabda uşaqların sayı 15 nəfər olub.
Vurğulanıb ki. Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının qorunması ilə əlaqədar 30 uşaq müəssisəsində və uçota alınmış valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş 25 uşağın, tədrisə cəlb edilmiş sağlamlıq imkanları məhdud 770 uşağın təhsil aldığı 114 uşaq müəssisəsində, sağlamlıq imkanları məhdud 119 uşağın evində monitorinqlər aparılıb.
Məruzə ətrafında müzakirələr olub.
* * *
Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində 2021-ci ildə görülən işlər və qarşıda duran vəzifələrlə bağlı keçirilən kollegiya iclasında xidmətin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Şahin Nəbiyev bildirib ki, 2021-ci il ərzində miqrasiya sahəsində qanunvericiliyin tələblərini pozan 2 əcnəbi öz ərizəsi əsasında könüllü olaraq xidmətin Qanunsuz miqrantların saxlanılması mərkəzində saxlanılıb.
Diqqətə çatdırılıb ki, əcnəbilərin olduğu yer üzrə qeydiyyatı, müvəqqətiolma müddətinin uzadılması, müvəqqəti və daimi yaşama icazələrinin verilməsi, iş icazələrinin verilməsi, vətəndaşlıq məsələləri və xidmətin səlahiyyətlərinə aid olan digər məsələlərlə bağlı, ümumilikdə, xidmətə 6376 müraciət daxil olub. Həmin müraciətlərdən 3605-i əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyatı ilə bağlı olub. Müraciətlərdən 2427-si şəxsən, 1178-i isə Dövlət Miqrasiya Xidmətinin e-mail ünvanına və “Elektron hökumət” portalına daxil olub.
Qeyd edilib ki, ötən il ərzində xidmətə əcnəbilərə Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazənin verilməsi ilə bağlı 1839, yenidən rəsmiləşdirilməsi üçün 10, daimi yaşamaq üçün icazənin verilməsi ilə bağlı 7, yenidən rəsmiləşdirilməsi üçün 1, Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi ilə əlaqədar isə 489 müraciət daxil olub.
Vurğulanıb ki, bütün parametrlər üzrə əldə edilən davamlı və dayanıqlı inkişaf, eyni zamanda təhlükəsizlik və əmin-amanlıq sayəsində muxtar respublikamızda yaşamaq, işləmək və təhsil almaqla bərabər, ölkəmizin vətəndaşı olmaq istəyənlərin sayı da hər ötən il artmaqdadır. Həyata keçirilən tədbirlərin məntiqi nəticəsi kimi 2021-ci ildə Azərbaycan Respublikasının vətəndaşlığına qəbulla bağlı 3 müraciət daxil olub. Həmin müraciətlərdən 2-si icra edilib, 1-i isə hazırda icra mərhələsindədir. Həmçinin Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində ölkə Prezidentinin imzaladığı Sərəncamın icrası ilə əlaqədar olaraq vətəndaşlığa qəbulla bağlı müraciət etmiş şəxslərin andiçmə mərasimi keçirilib.
Sonda məruzə ətrafında çıxışlar dinlənilib.
* * *
Naxçıvan Beynəlxalq Hava Limanında keçirilən iclası giriş sözü ilə açan direktor Mənşur Gülməmmədli bildirib ki, 2021-ci il hava limanı üçün xüsusilə əlamətdar hadisə ilə yadda qalıb. Belə ki, ölkə Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Naxçıvan Beynəlxalq Hava Limanının yeni uçuş-enmə zolağının açılışı olub.
Vurğulanıb ki, Naxçıvan Beynəlxalq Hava Limanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin tərkibindən çıxarılaraq Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin tərkibinə verilib. Bu da hava limanı üçün yeni prioritetlər və layihələr həyata keçirməsinə şərait yaradıb. Bu işlərin davamı kimi “İraero” aviaşirkəti ilə əməkdaşlıq edilib. Moskva-Naxçıvan-Gəncə, Gəncə-Naxçıvan-Moskva istiqamətində yeni reyslər açılıb. Vətəndaşların rahat bilet əldə etmələri üçün Naxçıvan və Culfa şəhər avtovağzallarında yeni bilet satışı məntəqələri yaradılıb. Muxtar respublikaya gələn qonaqların rahat və təhlükəsiz mənzilbaşına çatdırılması üçün “Aeroport Taksi” Məhdud Məsuliyyətli Cəmiyyəti fəaliyyətə başlayıb, hava limanında reyslərin çoxluğu və sərnişin dövriyyəsinin artması ilə əlaqədar olaraq hazırda yeni teleskopik trapın tikintisi aparılır.
Qeyd olunub ki, 2021-ci il ərzində yerli hava xətləri ilə 282 000 sərnişin, 5 567 300 kiloqram baqaj, 962 860 kiloqram yük, 40 990 kiloqram poçt daşınmışdır. Beynəlxalq hava xəttilə Naxçıvan-İstanbul istiqamətində 5085 sərnişin, 104 142 kiloqram baqaj, Naxçıvan-Moskva istiqamətində 5 932 sərnişin, 113 637 kiloqram baqaj daşınıb.
Məruzə ətrafında müzakirələr olub.
Xəbərlər şöbəsi