Yanvarın 11-də Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində ötən ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilib.
Tədbirdə çıxış edən xidmətin rəisi Bəxtiyar İsmayılov bildirib ki, 2021-ci il ərzində, ümumilikdə, məhsul nümunələrinin 1007 halda, o cümlədən qida məhsullarının 946 halda keyfiyyət və təhlükəsizlik göstəricilərinin yoxlanılması təmin olunmuş və bu istiqamətdə ciddi nöqsanlar aşkar edilməmişdir.
Vurğulanıb ki, muxtar respublika iqtisadiyyatının bütün sahələrində sürətli inkişafın təmin edilməsi məqsədilə təsdiq olunmuş Dövlət proqramlarının icrası istiqamətində fəaliyyət 2021-ci il ərzində də ciddi qaydada davam etdirilmişdir.
Bildirilib ki, aidiyyəti orqanlarla birgə 2021-ci ilin 20-21 noyabr tarixlərində ailə təsərrüfatı məhsullarının satış-yarmarkası təşkil olunmuş və yarmarkaya 481 ailə təsərrüfatı tərəfindən məhsul çıxarılmışdır. Ümumilikdə, 12575 nəfərin iştirak etdiyi yarmarkada 464680 manat həcmində məhsul satılmışdır. Bununla yanaşı, yarmarkada “Naxçıvan Məhsulları” publik hüquqi şəxs tərəfindən 2580 manat dəyərində ailə təsərrüfatı məhsulu alınmışdır.
Diqqətə çatdırılıb ki, təsərrüfat subyektlərinə 2021-ci il ərzində lisenziya alınması üçün 43 təsdiqedici sənəd, 238 uyğunluq sertifikatı, 1 kalibrlənmə sertifikatı, 19 qida təhlükəsizliyi sertifikatı, qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən 21 subyektə dövlət reyestrindən çıxarış, əmtəə nişanına dair 89 şəhadətnamə, ixtiranın mühafizəsi üzrə 1 patent, sənaye nümunəsinin mühafizəsi üzrə 1 patent verilmiş, 10 sınaq laboratoriyası akkreditasiya olunmuş, 10 sınaq laboratoriyasında inspeksiya nəzarəti aparılmış və 3 subyektin qida təhlükəsizliyi qeydiyyatı üzrə dövlət reyestrindən çıxarışı ləğv edilmişdir. 2021-ci il ərzində metroloji norma və qaydalara uyğun olaraq 14704 ədədölçmə vasitəsi yoxlanılmışdır.
Sonra çıxışlar dinlənilib.
* * *
Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzində keçirilən tədbiri mərkəzin sədri İsmayıl Qəribli açaraq bildirib ki, hesabat dövründə dövlət orqanlarında vakant vəzifələrin tutulması üçün 3 müsabiqə keçirilib, bu müsabiqələrdə 1827 namizəd iştirak edib, onlardan 878-i uğur qazanıb, imtahanlarda uğur qazanan 108 namizəd müxtəlif vəzifələrə təyin olunub. 16 namizəd isə ehtiyat kadrlar siyahısına daxil edilib. Eyni zamanda ehtiyat kadrlar siyahısından 6 namizəd işlə təmin olunub. Hazırda muxtar respublikanın dövlət orqanlarında inzibati vəzifə tutan dövlət qulluqçularının, təqribən, 41,7 faizi Dövlət İmtahan Mərkəzinin keçirdiyi müsabiqələrdə uğur qazanmış dövlət qulluqçularıdır. Ümumilikdə, 2021-ci il ərzində müxtəlif istiqamətlər üzrə keçirilən 19 test imtahanında 9505 namizəd iştirak edib, onlardan 6065-i uğur qazanıb. Ötən il Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlar nəticəsində 499 nəfər müvafiq vəzifələrə təyin olunub.
Diqqətə çatdırılıb ki, muxtar respublikanın 53 dövlət orqanı ötən il üçün inzibati vəzifə tutan dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsini həyata keçirib, ümumilikdə, 1664 nəfər dövlət qulluqçusunun xidməti fəaliyyəti qiymətləndirilib. Ötən il Dövlət qulluqçuları reyestrindəki 2407 dövlət qulluqçusunun məlumatları yenilənib və artırılıb. Həmçinin yeni yaradılan Naxçıvan Muxtar Respublikası Dövlət orqanları işçilərinin reyestri ilə bağlı işlər aparılıb.
İmtahan Mərkəzinə hamiliyə verilmiş Naxçıvan Dövlət Universitetinin Dövlət və bələdiyyə idarəetməsi və Dövlət və ictimai münasibətlər ixtisaslarının tələbələrinə müxtəlif mövzularda 5 açıq dərs keçildiyini deyən İsmayıl Qəribli qeyd edib ki, həmçinin ötən il Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərində “Karyera günü” təşkil olunub. Mərkəzin əməkdaşları və könüllülərdən ibarət səyyar xidmət qrupu Şərur və Ordubad rayonlarında iki gün ərzində, ümumilikdə, 52 vətəndaşa səyyar xidmət göstərib.
Sonda çıxışlar olub.
Xəbərlər şöbəsi