2021-ci ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində keçirilən kollegiya iclasını giriş sözü ilə maliyyə naziri Rafael Əliyev açıb. Nazir bildirib ki, 2021-ci il Naxçıvan Muxtar Respublikası dövlət büdcəsinin gəlirlərinin 72 faizi və ya 104 milyon 353 min 942 manatı Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin, 21,6 faizi və ya 31 milyon 404 min 916 manatı Dövlət Gömrük Komitəsinin xətti ilə toplanılıb, 5,3 faizi və ya 7 milyon 668 min 598 manatı büdcə təşkilatlarının ödənişli xidmətlərindən, 1,1 faizi və ya 1 milyon 610 min 576 manatı isə digər mənbələr hesabına daxil olub.
Vurğulanıb ki, ötən il ərzində büdcənin mərkəzləşdirilmiş gəlirləri 117 faiz icra olunub, Avtomobil Yolları Məqsədli Büdcə Fonduna daxil olan vəsait istisna olmaqla, Naxçıvan şəhəri üzrə 104,5 faiz, Şərur rayonu üzrə 104,6 faiz, Babək rayonu üzrə 101,8 faiz, Ordubad rayonu üzrə 102,1 faiz, Culfa rayonu üzrə 101,9 faiz, Şahbuz rayonu üzrə 103,1 faiz, Kəngərli rayonu üzrə 102,9 faiz, Sədərək rayonu üzrə 103 faiz icra edilib. 2021-ci il Naxçıvan Muxtar Respublikası dövlət büdcəsinin xərcləri 544 milyon 167 min 765 manat təyinata qarşı 542 milyon 507 min 355 manat və ya 99,7 faiz icra olunub.
Diqqətə çatdırılıb ki, dövlət büdcəsi vəsaitlərinin səmərəli istifadə edilməsi və qənaət tədbirlərinin gücləndirilməsi məqsədilə büdcə təşkilatları tərəfindən satın alınmış mal-material və avadanlıqların qiymətlərinə mütəmadi nəzarət edilib, qiymət intizamının təmin olunması istiqamətində tədbirlər görülüb. Bu istiqamətdə aparılan işlərin nəticəsində 2021-ci il ərzində 9 milyon 500 min manatdan çox vəsaitin əsassız xərclənməsinin qarşısı alınıb. Təşkil edilən maliyyə nəzarət tədbirləri zamanı müəssisələrin mühasibatlıq sənədləri təftiş olunub, yol verilmiş nöqsanlar və digər qanun pozuntuları nəticəsində vurulmuş ziyan müəyyənləşdirilərək təqsirli şəxslər tərəfindən dövlət büdcəsinə bərpa edilib. 2021-ci ildə muxtar respublika üzrə, ümumilikdə, 315 min 286 manat məbləğində vəsait bərpa edilərək dövlət büdcəsinə ödənilib. Yerində təşkil olunmuş yoxlamalar zamanı müəssisə və təşkilatlarda əmək intizamına əməl edilməməsi, təyinatdan kənar xərc əməliyyatları, əsassız xərclərə səbəb olan qurğuların istifadəsi və enerjidən israfçılıqla istifadə halları aşkarlanaraq qanunamüvafiq qaydada rəsmiləşdirilib, 71 vəzifəli şəxsə cərimələr tətbiq edilərək, ümumilikdə, 15 min 40 manat vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin olunub.
Diqqətə çatdırılıb ki, ötən il ərzində büdcə müəssisə və təşkilatlarında ştat cədvəlləri və strukturlara nəzarət, əsassız saxlanılan ştat vahidlərinin optimallaşdırılması, strukturun təkmilləşdirilməsi tədbirləri davam etdirilib. Təşkilatların balansında olan, saxlanılması xeyli miqdarda vəsait tələb edən istismara yararsız nəqliyyat vasitələrinin balansdan silinməsi təmin edilib, dövlət büdcəsinin lüzumsuz xərclərinin azaldılmasına nail olunub. Nəzarət tədbirlərinin daha operativ şəkildə həyata keçirilməsi məqsədilə görülən işlərin elektron platformada icrasına şərait yaradılıb. 2021-ci il ərzində muxtar respublikada xəzinədarlıq əməliyyatları üzrə maliyyə sənədlərinin real vaxt rejimində daxil edilməsi və nəzarətin həyata keçirilməsi üçün nazirliyin elektron sisteminə yeni modullar əlavə olunub və təkmilləşdirmə işləri həyata keçirilib. Elektron nəzarət mexanizmlərində əlavələr işlənilib, dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatların ştat cədvəlləri elektron şəkildə sistemə daxil edilib və zəruri olan bütün digər məlumatların əlavə edilməsi həyata keçirilib.
Kollegiya iclası məruzə ətrafında çıxışlarla davam edib.
* * *
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində 2021-ci ilin yekunları və qarşıda duran vəzifələrə dair keçirilən kollegiya iclasında təhsil naziri Rəhman Məmmədov görülən işlərlə bağlı məruzə edərək ötən il təhsil infrastrukturunun müasirləşdirilməsi istiqamətində görülən işlərdən danışıb.
Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 20 dekabr tarixli sərəncamları ilə 2022-ci ilin yanvarın 1-dən Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının qiymətləndirilməsi aparılmış müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin aylıq vəzifə maaşları orta hesabla 20 faiz, gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin aylıq vəzifə maaşları orta hesabla 40 faiz, dövlət peşə təhsili müəssisələrində idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin isə aylıq vəzifə maaşları orta hesabla 20 faiz artırılıb. Həmçinin gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin hərbi rütbəyə görə aylıq vəzifə maaşlarına əlavələr edilib.
Bildirilib ki, təhsilin inkişafında xidmətlərinə görə 2021-ci il ərzində Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamları ilə 4 müəllim “Azərbaycan Respublikasının Əməkdar müəllimi”, 6 müəllim “Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi” fəxri adları ilə, 4 müəllim isə “Tərəqqi” medalı ilə təltif olunub.
Qeyd edilib ki, ötən il Naxçıvan Texniki Peşə və Sürücülük Məktəbi publik hüquqi şəxsə çevrilib, məktəbəqədər təhsil müəssisələri Təhsil Nazirliyinin tabeliyinə verilib, Təhsil Nazirliyinin tabeliyində Distant Təhsil Mərkəzi yaradılıb. Bunlarla yanaşı, “Naxçıvan Muxtar Respublikasında STEAM təhsil metodunun tətbiqi ilə bağlı tədbirlər haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamına əsasən 53 təhsil müəssisəsində STEAM kabinəsi, o cümlədən Heydər Əliyev adına tam orta məktəbdə STEAM Tədris Mərkəzi yaradılıb.
2021-ci il yanvar ayının 1-dən etibarən Televiziya və Radio Verilişləri Redaksiyası təhsilyönümlü televiziya və radio proqramlarının yayımına başlayıb, yanvar-may aylarında ümumtəhsil məktəblərində pedaqoji fəaliyyətlə məşğul olanların sertifikatlaşdırılması aparılıb, il ərzində təhsil müəssisələrində 202 idman klubu yaradılıb, gənc müəllimlərin fəallığını, peşəkar və fərdi inkişaflarını artırmaq məqsədilə Təhsil Nazirliyi tərəfindən “Naxçıvan Gənc Müəllimlər Assosiasiyası” İctimai Birliyi təsis edilib.
Vurğulanıb ki, muxtar respublika təhsilinə göstərilən dövlət qayğısı nəticəsiz qalmayıb, məzunlar buraxılış və qəbul imtahanlarında uğurlu nəticələr əldə ediblər. Belə ki, 2021-ci ildə buraxılış və qəbul imtahanlarında iştirak edən məzunların 73 faizi ali və orta ixtisas təhsili müəssisələrinə daxil olub. 261 məzun qəbul imtahanlarında 500-700 arası bal toplayıb, onlardan 3-ü Prezident təqaüdünə layiq görülüb. Bununla yanaşı, hesabat dövründə 47 şagird muxtar respublika, 26 şagird respublika fənn olimpiadalarının, 55 şagird “Məktəblilərarası VI fənn müsabiqəsi”nin, 43 şagird isə Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin qalibi olub. Məzunlardan 17-si “Qızıl”, 17-si “Gümüş” nişana, 41-i isə fərqlənmə attestatına layiq görülüb, ümumi orta təhsil səviyyəsi üzrə isə 121 məzun fərqlənmə attestatı alıb.
Sonra məruzə ətrafında çıxışlar dinlənilib.
* * *
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyində keçirilən kollegiya iclasını nazir Natəvan Qədimova açaraq bildirmişdir ki, bütün illərdə olduğu kimi, 2021-ci ildə də əlamətdar və mədəni tarixi günlərin qeyd olunması nəzarətdə saxlanılmış, nazirlik tərəfindən muxtar respublikada mədəni-kütləvi tədbirlər keçirilmiş, sərgilər qurulmuşdur.
Qeyd olunmuşdur ki, 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən “Milli ordumuz dövlət müstəqilliyimizin ən böyük dayağıdır” mövzusunda tədbir keçirilmiş, hərbi qulluqçular üçün Şahbuz Rayon Xalq Teatrı tərəfindən “Qarabağ şikəstəsi” tamaşası nümayiş olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi ili” elan edilməsi haqqında” müvafiq Sərəncamının icrası ilə bağlı Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Sirlər xəzinəsi” poemasının əsasında “Nizaminin sirlər xəzinəsi” adlı tamaşa hazırlanmış, “Nizami dünyası” teatr müsabiqəsi keçirilmişdir.
Vurğulanmışdır ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair sərəncamlarının icrası ilə bağlı hazırlanmış Tədbirlər planları əsasında bir sıra işlər görülmüşdür.
İl ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunması və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı yaradılmış “Əllə toxunmuş xalçaların reyestri sistemi”nə daxil edilməsi üçün 23 ədəd yeni xalçanın pasportlaşdırılması ilə bağlı müvafiq iş aparılmış, reyestrə 33 xalça haqqında məlumat daxil edilmişdir.
Qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” müvafiq Sərəncamının icrası ilə bağlı Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində Aşıq Ələsgərə həsr edilmiş guşə zənginləşdirilmiş, muzeydə “Aşıq Ələsgər yaradıcılığı” mövzusunda interaktiv dərs təşkil olunmuş, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin, Aşıqlar və Yazıçılar birliklərinin birgə təşkilatçılığı ilə yaradıcılıq müsabiqəsi keçirilmişdir.
Diqqətə çatdırılmışdır ki, ötən ilin noyabr ayında Məhəmməd Tağı Sidqinin ev-muzeyində Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu tərəfindən görkəmli pedaqoqa və oğlu Məmmədəli Sidqiyə aid əlyazma nüsxələrin, Hüseyn Cavidin ev-muzeyi və xatirə kompleksində “Cavidşünaslıq” çoxcildliyinin təqdimat mərasimləri keçirilmişdir.
Xalq yaradıcılığının öyrənilməsi, yaşadılması və gələcək nəsillərə çatdırılması ilə bağlı dövr ərzində mütəmadi iş aparılması ilə bağlı məlumat verən nazir bildirmişdir ki, hesabat dövründə, ümumilikdə, xalq yaradıcılığı ilə bağlı 104 videomaterial hazırlanmışdır.
Hesabat dövrü ərzində nazirliyin rəsmi internet səhifəsinin fəaliyyəti diqqətdə saxlanılmış, mütəmadi olaraq məlumatlar yenilənmişdir.
Sonra məruzə ətrafında çıxışlar dinlənilib.
* * *
Naxçıvan Muxtar Respublikası Prokurorluğunda keçirilən kollegiya iclasını Naxçıvan Muxtar Respublikasının prokuroru, II dərəcəli dövlət ədliyyə müşaviri Səbuhi Şahverdiyev açaraq məruzə edib.
Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamının icrasını təmin etmək məqsədilə Naxçıvan Dövlət Universitetinin Hüquqşünaslıq ixtisasının tələbələri hesabat dövründə Naxçıvan Muxtar Respublikası Prokurorluğunda olublar. Keçirilən görüşdə tələbələrə startap layihələri və istintaq hərəkətlərinin aparılmasına aid slaydlar nümayiş etdirilib, hadisə yerinə baxış istintaq hərəkətinin aparılması qaydası izah olunub, həmçinin kitabxana fondu, prokurorluq orqanlarında müraciətlərə baxılması, ittihamı elanetmə qaydaları və ittihamın müdafiəsi, istintaq hərəkətlərinin sənədləşdirilməsi haqqında məlumatlar verilib. Həmçinin Naxçıvan Muxtar Rеspublikası Prоkurоrluğu Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarını, “Prokurorluq haqqında”, “Prokurorluq orqanlarında qulluqkeçmə haqqında” qanunları və digər normativ-hüquqi aktları rəhbər tutaraq 2021-ci ildə digər hüquq-mühafizə оrqanları ilə əlaqəli şəkildə ictimai-siyasi sabitliyin, cinayətkarlığa qarşı mübarizə və vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi işində yaxından iştirak etməklə, qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə çalışıb.
Qeyd olunub ki, Nаxçıvаn Muxtаr Rеspublikаsı Аli Məclisinin Sədri cənаb Vаsif Tаlıbоvun 8 iyul 2021-ci il tarixli sеssiyаdаkı məruzəsində “Naxçıvan Muxtar Respublikası Prokurorluğu qanunların icra və tətbiq olunmasına nəzarəti daha təsirli formada həyata keçirməlidir” tapşırığının icra olunması məqsədilə prokurorluq əməkdaşları səlahiyyət hədləri daxilində bundan sonra da qanunların düzgün və daha təsirli formada tətbiq olunması üçün bütün zəruri tədbirləri görməlidirlər. Bununla yanaşı, vətəndaşların müraciətlərinə baxılması və onların qəbulu işinin düzgün təşkili də prоkurоrluq оrqanları tərəfindən daim diqqət mərkəzində saxlanılıb. Bеlə ki, müraciət etmiş hər bir vətəndaş prоkurоrlar tərəfindən qəbul еdilərək dinlənilib, müraciətlərlə bağlı müvafiq izahlar vеrilməklə qanuni tədbirlər görülüb. Naxçıvan Muxtar Respublika Prokurorluğu orqanları hər bir müraciətin hərtərəfli və obyektiv baxılmasını təmin etməklə vətəndaşların qəbulu işini növbəti hesabat dövründə də səmərəli təşkil edəcəklər.
Kollegiya iclası sonra məruzə ətrafında çıxışlarla yekunlaşıb.
Xəbərlər şöbəsi