21 Dekabr 2024, Şənbə

AMEA Naxçıvan Bölməsində altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyasıdan irəli gələn vəzifələrə və ötən ilin yekunlarına həsr olunmuş tədbir keçirilib.
Tədbiri açan bölmənin sədri, akademik İsmayıl Hacıyev bildirib ki, bölmə əməkdaşları tərəfindən aparılan tədqiqatlar 15 monoqrafiya, 11 kitab, 1 kitabça, 2 metodik vəsait, 457 elmi məqalə, 182 konfrans materialı, 5 tezis olmaqla, 672 elmi əsərdə əksini tapıb. 3 buklet, 3 xəritə tərtib edilib, 2 patent və 1 sənaye nümunəsi təsdiq olunub. Əsərlərdən 159-u xaricdə nəşr edilib. 46 məqalə impakt faktorlu jurnallarda çapdan çıxıb, bunlardan 17-si Clarivate Analytics indekslidir. Bölmə əməkdaşlarının əsərlərinə il ərzində 880 istinad qeydə alınıb. Bölmədə 2 beynəlxalq səviyyəli qrant layihənin icrası uğurla davam etdirilib.


“Elmi əsərlər” və “Axtarışlar” jurnallarının hər birinin dörd nömrəsi işıq üzü görüb. Qars müqaviləsinin 100 illiyi ilə əlaqədar “Naxçıvan” ictimai-siyasi, ədəbi-bədii, elmi-publisistik jurnalının bir nömrəsi, “Elmi əsərlər” jurnalının Aşıq Ələsgərin 200 və Xalq rəssamı Kamil Əliyevin 100 illik yubileylərinə həsr olunan xüsusi nömrələri nəşr olunub. Bölmədə bir beynəlxalq səviyyəli, 2 respublika səviyyəli olmaqla, bir sıra elmi konfrans keçirilib.
Məruzədə həmçinin kadr hazırlığı məsələsi də diqqətə çatdırılıb. Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə 1 nəfərə elmlər doktoru elmi dərəcəsi 2 nəfərə dosent elmi adı verilib. Əməkdaşlardan 1 nəfər elmlər doktoru dissertasiya işini müvəffəqiyyətlə müdafiə edib. Bölmədə fəaliyyət göstərən Dissertasiya Şurasında 7 fəlsəfə doktoru dissertasiyasının müdafiəsi keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tövsiyəsi ilə AMEA Naxçıvan Bölməsində YUNESKO səviyyəli “İlandağ” geoparkının yaradılması və onun Qlobal Geoparklar Sisteminə və Ümumdünya İrsi Siyahısına salınmasına dair tədbirlər həyata keçirildiyini söyləyən alim bildirib ki, layihə çərçivəsində geoparkın yerləşəcəyi ərazinin kompleks qiymətləndirilməsi və ətraflı geoloji-geomorfoloji təsviri istiqamətində işlər görülüb, geopark ərazisinin müxtəlifprofilli xəritələri tərtib edilib. Əlavə obyektlər üçün təsdiq edilmiş formada pasportlar hazırlanıb.
Diqqətə çatdırılıb ki, 16 adda bitki qarışığının dərman paketlərinin hazırlanması, “Şorsu” palçığının və quru qalığının istehsalı, satışı işi davam etdirilib. Propolis, çaytikanı yağı, alma sirkəsi, gülab istehsal edilib, paketlənmiş zəfəran qurusu, müxtəlif meyvə quruları, kompot, cem və şirələr hazırlanıb. İl ərzində dünyanın 20-dən artıq ölkəsinin elm, təhsil müəssisəsi və mütəxəssisləri ilə sıx elmi əlaqələr davam etdirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamına əsasən Naxçıvan Dövlət Universitetinin AMEA Naxçıvan Bölməsinə hamiliyə verilmiş 10 ixtisası üzrə təhsil alan tələbələrin iştirakı ilə elmi-praktik seminarlar keçirilib. Bölmənin 45 elmi dərəcəli əməkdaşı 8 fənn üzrə nümunəvi dərslər tədris edib, 7 elmi əməkdaş 8 interaktiv dərs aparıb.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi ilə birlikdə həyata keçirilən “Sabahın tədqiqatçıları” layihəsi çərçivəsində 50 şagird bölmə alimləri tərəfindən hamiliyə götürülərək, fərdi və kollektiv şəkildə tədqiqatlara cəlb edilib və uğurlu nəticələr qazanıb.
Akademik 21 sentyabr 2021-ci ildə AMEA Naxçıvan Bölməsinin fəaliyyəti və qarşıda duran vəzifələr barədə keçirilən müşavirədən, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun müşavirədə verdiyi tapşırıqlardan söz açıb. Elm festivalının keçirilməsi, rayonların tarixinin işlənilməsi, Naxçıvanın qədim türk yurdu olması ilə bağlı tədqiqatların əhatə dairəsinin genişləndirilməsi, çoxcildlik “Naxçıvan etnoqrafiyası”nın hazırlanması, arxeoloji ekspedisiyaların davam etdirilməsi, “Naxçıvan folkloru”, Naxçıvanın müasir ədəbi mühitinin tədqiqi, xalq deyimlərinin toplanılması, tətbiqyönümlü araşdırmaların aparılması, qədim əlyazma və çap kitablarının tədqiqi və nəşri, eləcə də digər mühüm vəzifələrin müəyyənləşdirildiyini söyləyib.
Məruzə ətrafında çıxışlar olub.

*     *     *

Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində 2021-ci ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib.
Müşavirədə çıxış edən xidmət rəisi Mirzə Cəlilov qeyd edib ki, xidmət hər il olduğu kimi, ötən il də öz işini günün tələbləri səviyyəsində qurub, verilən tapşırıqları ardıcıl surətdə həyata keçirib. Belə ki, bəhs olunan dövrdə yaşayış yerinin dəyişdirilməsi ilə əlaqədar 155 nəfər hərbi qeydiyyata düşmək, 343 nəfər isə hərbi qeydiyyatdan çıxmaq üçün müraciət etmişdir. Hərbi vəzifəlilərin müraciətləri vaxtında icra olunmuşdur. Azərbaycan Respublikası Silahlı Qüvvələrinə hərbi xidmətə qəbul ilə əlaqədar il ərzində daxil olmuş 429 müraciət əsasında xidmətin rayon, (şəhər) idarə və şöbələri üzrə 20 nəfər zabit, 21 nəfər gizir, 368 nəfər müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, 20 nəfər isə qadın hərbi qulluqçu ehtiyatdan çağırılaraq hərbi-həkim komissiyasından keçirilməklə həqiqi hərbi xidmətə göndərilmiş, 2522 nəfər Silahlı Qüvvələrdən ehtiyata buraxıldığına görə qeydiyyata alınmışdır. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2013-cü il 18 may tarixli 50 №-li Qərarına uyğun olaraq çağırışçıların və hərbi vəzifəlilərin dövlət orqanlarında və təşkilatlarda hərbi uçotun və təxsisetmə (bron) vəziyyətinin yoxlanılması həyata keçirilmişdir. Xidmətin rayon, (şəhər) idarə və şöbələri üzrə il ərzində nəzərdə tutulmuş 447 idarə, müəssisə və təşkilatlar tam yoxlanılmışdır.

Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 28 yanvar tarixli Sərəncamı ilə təsdiq olunmuş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar hərbi xidmətdən tərxis olunan şəxslərin məşğulluğunun təmin edilməsi və sosial müdafiəsinin gücləndirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarə və şöbələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə hərbi xidmətdən tərxis olunmuş şəxslərlə tədbirlər keçirilmişdir. 2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması ilə əlaqədar qəbul edilmiş Dövlət proqramının icrası çərçivəsində müddətli həqiqi hərbi хidmətini başa vuraraq Silahlı Qüvvələrdən еhtiyata tərxis olunan 1929 nəfərin işlə təmin olunması məsələlərinin həlli ilə əlaqədar adlı siyahıları tərtib edilərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilmiş və həmin gənclərin məşğulluqlarının təmin edilməsi nəzarətdə saxlanılmışdır.
Xidmət bundan sonra da ulu öndərimiz Heydər Əliyevin siyasi kursunun davamçıları olan Prezident cənab İlham Əliyevin və Ali Məclis Sədrinin tövsiyə və göstərişlərini rəhbər tutaraq Azərbaycan xalqının firavanlığı, ölkəmizin çiçəklənməsi naminə var qüvvəsi ilə çalışacaq və qarşısına qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlməyə səy göstərəcək.
Sonda məruzə ətrafında çıxışlar dinlənilib.

Xəbərlər şöbəsi

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR