21 Dekabr 2024, Şənbə

Ötən ay ərzində gənc nəslin vətənpərvər ruhda formalaşması, intellektual səviyyəsi və dünyagörüşünün artırılması, yeni bacarıqlara yiyələnməsi və asudə vaxtının səmərəli təşkili məqsədilə bir sıra tədbirlər həyata keçirilib.


5 dekabr – Beynəlxalq Könüllülər Günü münasibətilə film nümayişi, motivasiya yönümlü təlim, eləcə də peyntbol və voleybol yarışları təşkil olunub, il ərzindəki könüllülük fəaliyyəti ilə fərqlənən gənclər mükafatlandırılıblar. Gənc nəslin vətənpərvər ruhda böyüməsi, Azərbaycançılıq ideologiyasına, milli dövlətçilik prinsiplərinə sadiq vətəndaş kimi formalaşması istiqamətində könüllü gənclərin Heydər Əliyev Muzeyinə ekskursiyası təşkil edilib, ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri, Orta İxtisas Polis Məktəbi və Heydər Əliyev adına Hərbi Lisey kursantları üçün “Şuşa, sən azadsan!” sənədli filmi nümayiş olunub. Şəhidlərimizin ruhuna ehtiram, ailələrinə mənəvi dəstək göstərmək və gənclərin qəhrəmanlarımızı daha yaxından tanımasına, vətənpərvərlik ruhunda formalaşmasına zəmin yaratmaq məqsədilə bir qrup könüllü gənc tərəfindən Şahbuz rayonunda yaşayan şəhid ailələri ziyarət olunub, Əlahiddə Ümumqoşun Ordunun “N” hərbi hissəsində xidmət edən əsgərlərlə görüş keçirilib, onlara sovqat təqdim edilib.
Gənc nəslin şəxsi inkişafı və karyera imkanlarının yaradılması istiqamətində ardıcıl işlər görülür, məqsədyönlü addımlar atılır. “Maliyyə məktəbi” layihəsinə uyğun olaraq “Gələcək üçün maliyyə” təlimi bu dəfə Sədərək rayon gəncləri üçün təşkil edilib, Naxçıvan şəhərində isə “Workshop” layihəsi çərçivəsində növbəti proqramlaşdırma təlimi reallaşıb. Kəngərli rayonunda gəncləri muxtar respublikada gedən inkişaf prosesləri ilə bağlı müfəssəl formada məlumatlandırmaq və mütaliə vərdişləri aşılamaq məqsədilə akademik İsmayıl Hacıyevin “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi və mədəni inkişafı” kitabının təqdimatı keçirilib. Ayın sonunda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə muxtar respublikanın ictimai həyatında və yaradıcılıq sahəsində fərqlənən gənclərlə görüş olub, ənənəvi olaraq ilin fəal gəncləri və idmançılar müxtəlif nominasiyalar üzrə mükafatlandırılıblar.
Hesabat dövründə bədən tərbiyəsi və idmanın inkişafı, bu sahədə kütləviliyin artırılması, yığma komandaların komplektləşdirilməsi, gənc nəslin sağlamlığının qorunması və asudə vaxtının səmərəli təşkili istiqamətində də tədbirlər həyata keçirilib. Ali Məclis Sədrinin müvafiq Sərəncamına uyğun olaraq Naxçıvan Dövlət Universitetində Gənclər və İdman Nazirliyinin hamiliyinə verilmiş ixtisaslar üzrə təhsil alan tələbələrlə görüş keçirilib. Gənclər və idman naziri “Turan” Fitnes Klubunun rəhbəri, bodibildinq üzrə ölkə birinciliyində muxtar respublikanı uğurla təmsil edərək çempion olan Həsənqulu Abdullayevlə görüşüb. Futzal, güləş, basketbol və boks üzrə muxtar respublika birincilikləri, idman federasiyaları arasında minifutbol birinciliyi, Region Liqasının Naxçıvan üzrə 3, 4 və 5-ci turları, voleybol üzrə böyüklərdən ibarət “Naxçıvan” və “Culfa” komandaları arasında yoldaşlıq görüşü və Naxçıvan şəhər məktəbliləri arasında “Şən startlar” əyləncəli idman oyunları təşkil olunub.
Ötən ay Türkiyənin Antalya şəhərində universal döyüş üzrə dünya çempionatında ölkəmizi təmsil edən Naxçıvan Kikboksinq Federasiyasının idmançıları, ümumilikdə, 4 qızıl və 3 gümüş medal qazanıblar, mükafatçılardan Röya Abdullayeva muxtar respublika idmanı tarixində dünya çempionu olan ilk qız idmançı adına sahib çıxıb. Gənc şahmatçı Nəsrin Babayeva Beynəlxalq Şahmat Federasiyası tərəfindən FİDE ustası adına layiq görülüb. Rusiyanın Nijnevartovsk şəhərində Sibirdə nəhəng neft və qaz yataqlarını kəşf etmiş həmyerlimiz Fərman Salmanovun xatirəsinə həsr olunan boks üzrə neft ölkələrinin XVIII dünya kubokunda Naxçıvan Boks Federasiyasının yetirməsi Eldar Quliyev bürünc medal qazanıb. Boccia üzrə “Seni Cup” Azərbaycan Çempionatı – “Zəfər Turniri”ndə iştirak edən paralimpiyaçılarımızdan Qafqaz Hüseynov BC3 kateqoriyası üzrə 1-ci, Fuad Qəribov isə BC1 kateqoriyası üzrə 2-ci yerlərə layiq görülüblər.
Muxtar respublikada fəaliyyət göstərən idman federasiyaları üçün mütəmadi təşkil olunan ekskursiyalar davam etdirilib, Hava və Ekstremal İdman Növləri, Atıcılıq, Kikboksinq və Paralimpiya federasiyalarının təmsilçiləri müvafiq olaraq Naxçıvan Dövlət Xalça Muzeyi, “Əlincəqala” Tarix-Memarlıq Muzey Kompleksi, Ədəbiyyat Muzeyi və “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksini ziyarət ediblər.

Naxçıvan Muxtar Respublikası Gənclər
və İdman Nazirliyinin mətbuat xidməti

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR