21 Dekabr 2024, Şənbə

Ötən ilin, bizim elin uğurları

Ölkəmizin uğurlu inkişaf siyasəti bütün sahələrdə nailiyyətlər əldə edilməsinə zəmin yaradıb. Bu prosesin davamlı xarakter almasında gənclərin də əməyi böyükdür. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və ictimai-siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin vacib qüvvəsinə çevrilib. Gənclər siyasətinin əsas məqsədi intellektual, fiziki cəhətdən sağlam və vətənpərvər gənclər yetişdirməkdir. Bu mənada, ulu öndər Heydər Əliyevin aşağıdakı tövsiyəsi gənclərin fəaliyyət proqramına çevrilib: “Gənclər özlərini Azərbaycanın gələcəyi naminə layiqincə hazırlamalıdırlar. Hər bir gənc öz yolunu müstəqil Azərbaycan Respublikasının həyat yolu kimi qəbul etməlidir. Gənclərimizin əsas vəzifəsi özünü müstəqil Azərbaycan Respublikasının inkişafına həsr etməkdən ibarət olmalıdır”.

 

Gənclərin ictimai-siyasi fəallığının yüksəlməsi, onlara öz xalqı və dövlətinin gələcəyi üçün məsuliyyət hisslərinin aşılanması, gəncliyin mənəvi tərbiyəsinin, siyasi mədəniyyətin yüksəldilməsi vətəndaş cəmiyyətinin qurulması üçün zəruri şərtlərdən biri kimi yeni demokratik münasibətlərin formalaşması ilə sıx bağlıdır. Gənclərlə düzgün iş strategiyasının müəyyənləşdirilməsi və yerinə yetirilməsi nəticəsində hər bir muxtar respublika gənci elm, mədəniyyət, idman, incəsənət və digər sahələrdə böyük nailiyyətlər əldə edir, dövlətçilik ənənələrini daim uca tutur, çoxşaxəli dövlət islahatlarının həyata keçirilməsində yaxından iştirak edir. Bu siyasət cəmiyyətin mənafeyi naminə gənclərin potensialından daha dolğun istifadə edilməsi üçün sosial-iqtisadi, siyasi-hüquqi, təşkilati şərait və təminatlar yaratmaq məqsədi daşıyır. Qloballaşma dövründə milli maraqlara və dəyərlərə söykənən gənclər ölkədə gedən proseslərdə həm iştirakçı, həm də bəhrələnən sosial qrup kimi qəbul edilir. Bunun nəticəsidir ki, gənclər siyasəti və gənclərlə iş sahəsində bir sıra mühüm nəticələr əldə edilib; bütün sahələrdə gənclərin fəallığı, təşəbbüskarlığı, irimiqyaslı layihələrin icrasında və idarəetmədə rolu artıb, vətənpərvərlik ruhu və vətəndaşlıq mövqeyi möhkəmlənib, könüllülük hərəkatı genişlənib. Naxçıvanın bir sıra beynəlxalq tədbirlərə, konfranslara ev sahibliyi etməsi, bu tədbirlərdə gənclərin inkişafına böyük önəm verilməsi isə diyarımızın artan nüfuzunun və qədim Naxçıvanda gəncliyə qayğının daha bir göstəricisidir.

Hər il olduğu kimi, geridə qoyduğumuz il ərzində də gənclərin intellektual inkişafı, yaradıcılıq meyillərinin aşkarlanması, əqli mülkiyyətin yüksək dəyər olduğunu təbliğ etmək vacib məsələlərdən biri olub. Keçirilən tədbirlərin də əsas məqsədi bu məsələlərə ciddi önəm verməkdir. Belə ki, Heydər Əliyev adına Hərbi Liseyin kursantları və gənclər arasında ingilis dilində, orta ixtisas təhsili müəssisələrinin tələbələri, gənc dövlət qulluqçuları və yeniyetmələr arasında “Xəmsə” milli intellektual oyunları, Naxçıvan şəhərindəki Sahil Parkında “Axtar tap” intellektual oyunu və “Xəmsə” milli intellektual oyunu üzrə “Yay kuboku” uğrunda muxtar respublika birincilikləri, sağlamlıq imkanları məhdud yeniyetmələr arasında “Vətəni tanı!”, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının şəxsi heyəti arasında “Nə? Harada? Nə zaman?” və “Vətəni tanı!” intellektual oyunları, Azərbaycanın ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında keçirilən “Poliqon” strateji intellekt oyunu üzrə IV Universiadanın Naxçıvan Muxtar Respublikası üzrə mərhələsinin təşkili yaddaqalan olub.
Dünyada baş verən ictimai-siyasi hadisələr dəyişdikcə artıq gənclər qarşısında duran problemlər və onların həlli yolları da dövrün tələbləri ilə aparılır. Bu problemləri müasir dünya kontekstində həll edə bilmək üçün Naxçıvan gənclərinin öz fəaliyyətlərində daim aktiv və yararlılıq prinsipləri ön plana çıxır. Bu istiqamətdə gənclərimizin İkinci Qarabağ müharibəsi zamanı arxa cəbhədəki fəaliyyətini, xüsusilə qeyd edə bilərik.

Onların əsl vətəndaş kimi cəmiyyətə hazırlanmasında keçirilən tədbirlərin əhəmiyyətli rol oynaması danılmazdır. Geridə qoyduğumuz ildə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən belə tədbirlərin keçirilməsinə ciddi önəm verilib, gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin yüksəldilməsi, tariximizin unudulmaması və gələcək nəsillərə çatdırılması məqsədilə bir sıra tədbirlər təşkil olunub. Belə ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən “20 Yanvar – şəhidlik zirvəsi” mövzusunda keçirilən onlayn konfransda naxçıvanlı gənclərin iştirakı təmin edilib, onların Vətən müharibəsi iştirakçıları ilə görüşləri, “Naxçıvan” Təlim Mərkəzində gənclər arasında “Hədəf” atış təlimi, ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan çağırışyaşlı tələbələrin ordu sıralarında hərbi xidmətə hazırlanmasına köməklik göstərmək məqsədilə tələbələr arasında “Vətən naminə” hərbi-idman oyunu, “Zəfərə gedən yol və 44 günlük müharibə” devizi altında kursantlar arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib, “Naxçıvan” Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində Vətən müharibəsi qəhrəmanları–şəhid polkovnik-leytenant Anar Əliyev və kapitan Nihad Babayevin doğum gününə həsr olunmuş xatirə gecəsində gənclərin iştirakı təmin edilib, gənc­lərdə vətənpərvərlik ruhunun yüksəldilməsi, fiziki dözümlülüyün artırılması məqsədilə “Marş irəli” adlı hərbi layihənin dördüncü mövsümü təşkil olunub. Eyni zamanda 27 sen­tyabr – Anım Günü ilə əlaqədar Naxçıvan şəhərində və rayonlarda gənc­lərin Şəhidlər xiyabanlarına yürüşü və şəhid məzarlarına ziyarətləri təşkil edilib, “Bayraq mənliyimdir” adlı rəsm müsabiqəsi keçirilib, gənclərə vətənpərvərlik mövzusunda filmlər nümayiş olunub, o cümlədən Milli qəhrəmanların gənclər arasında tanıdılması məqsədilə könüllü gənclər tərəfindən “Qəhrəmanlar unudulmur!” adlı videoçarxlar hazırlanıb və sosial şəbəkələrdə paylaşılıb.
Ötən il iyulun 25-dən 31-dək Naxçıvanda Azərbaycan Respublikası Gənclər Fondunun, Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun, Türkiyə Gənclik Vəqfinin birgə təşkilatçılığı ilə keçirilən Azərbaycan və Türkiyə gənclərinin növbəti beynəlxalq “Zəfər düşərgəsi” hər iki dövlətin gəncləri arasında dostluq, əməkdaşlıq əlaqələrini daha da gücləndirib. Düşərgənin təşkilinin əsas məqsədi 44 günlük Vətən müharibəsində zəfərin, eyni zamanda da ölkələrimizin ortaq tarixinin, mədəniyyətinin hər iki qardaş ölkənin gəncləri arasında geniş şəkildə təbliğ olunmasıdır. Tədbir üçün Naxçıvanın məkan seçilməsinin xüsusi əhəmiyyəti isə buranın həm Azərbaycanla Türkiyəni yaxınlaşdıran bir diyar olması, həm də Türk dünyasında əhəmiyyətli mövqeyə malik olması ilə bağlıdır. Düşərgə çərçivəsində hər iki ölkənin gəncləri muxtar respublikanın tarixi, mədəniyyəti, milli-mənəvi dəyərləri ilə yaxından tanış olublar.
Bu gün dövlət gənclər siyasətinin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov tərəfindən məqsədyönlü şəkildə davam və inkişaf etdirilməsi gənclərin qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsində fəallıqlarını xeyli artırıb. Muxtar respublika rəhbəri gənc­ləri aparıcı qüvvəyə çevirmək və onların sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədilə bir sıra fərman və sərəncamlar imzalayıb. “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi isə əhalidə sağlam həyat tərzinin formalaşdırılması, uşaq və gənclərin idmana cəlbinin kütləvi xarakter almasının təmin edilməsi, istedadlı idmançıların üzə çıxarılması, bədən tərbiyəsi və idmanın inkişafı ilə bağlı maddi-texniki bazanın müasirləşdirilməsi və gücləndirilməsi ilə yanaşı, həm də gənclərin sosial müdafiəsi, məşğulluğunun təmin edilməsi, yaradıcılıq axtarışlarının stimullaşdırılması, milli-mənəvi dəyərlərin qorunması, hərbi-vətənpərvərlik hissinin gücləndirilməsi, sağlam həyat tərzinin təbliğ edilməsi istiqamətində çox mühüm əhəmiyyətə malikdir. Gələcəyə inkişaf konsepsiyası baxımından hazırlanan proqram bunu deməyə əsas verir ki, muxtar respublika rəhbəri gənclərin vətənpərvərlik ruhunda, eləcə də innovativ düşüncəli və bilikli yetişməsinə önəm verdiyi kimi, onların ictimai proseslərdə fəal iştirakına da diqqət ayırır.
Gənclər siyasətinin bir istiqaməti də bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi, müxtəlif sahələrdə təcrübə mübadiləsinin aparılmasıdır. Bütün bunlar isə elmli, savadlı, yüksəkixtisaslı gənc kadrların yetişdirilməsinə hesablanmış addımlardır. Bu gün ali və orta ixtisas təhsili müəssisələrində yüksək standartlara uyğun maddi-texniki bazanın yaradılması, müasir tədris metodlarının tətbiq edilməsi üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir, rayon mərkəzləri ilə yanaşı, kənd yaşayış məntəqələrində müasir tələblərə cavab verən məktəblər tikilir, tədris müəssisələri yeni avadanlıqlarla təchiz edilir, gənclərin yüksək biliyə yiyələnməsi, onların maraqlarının təmin olunması sahəsində ciddi işlər görülür.
Təbii ki, muxtar respublika gəncləri üçün ən önəmli olan məsələ onlara bütün sahələrdə əlverişli mühitin yaradılmasıdır. Bu isə, ilk növbədə, güclü cəmiyyətin qurulmasına imkan verir. Belə olan halda gənclər öz potensiallarını hərəkətə gətirə bilir, özlərini daha müasir cəmiyyətdə hiss edirlər. Nəticədə, dövlət idarəçiliyi təkmilləşdirilməklə gənclərin üzərinə mühüm vəzifələr düşür: onlar yeniləşmənin əsas daşıyıcılarına çevrilirlər. Bu gün diyarımızın siyasi, eyni zamanda sosial strukturuna nəzər yetirsək, gənclərin yüksək vəzifələrdə çoxluq təşkil etdiyini görərik. Bu isə Naxçıvanda ulu öndərin siyasi kursunun layiqincə davam etdirildiyinin göstəricisidir. 1999-cu ildə Gənclərin II forumunda çıxışı zamanı ulu öndər Heydər Əliyev gənclərə müraciətdə demişdir: “Siz Azərbaycanın bu günü və gələcəyisiniz. Sizin üzərinizə böyük vəzifə düşür, bu vəzifələr gələcəkdə daha da böyük olacaqdır, siz müstəqil Azərbaycanın XXI əsrdə yaradanlarısınız, quranlarısınız, inkişaf etdirənlərisiniz. Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə etibar edəcəyik, sizə tapşıracağıq”.
Sürətlə inkişaf edən diyarımızda sosial-iqtisadi, elmi-mədəni, təhsil və digər sahələrdə gənclərin fəal iştirakı günün reallığıdır. Təbii ki, bu reallıq fonunda dövlətin gənclər üzərində diqqət və qayğısı mühüm rol oynayır.

Ceyhun MƏMMƏDOV

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR