29 Mart 2024, Cümə

2022-ci il “Şuşa ili”dir

Gözəl Şuşa haqqında ən gözəl kəlmələrdən seçmələr

“Şərq qapısı” qəzeti, 1970-1990-cı illər

Qarabağın baş tacı, şanlı Zəfər yolumuzun qəhrəman qalası Şuşa bu gün öz gözəlliyi və ecazkarlığı ilə bütün dünyanın diqqət mərkəzindədir. Hələ 270 il əvvəl əsası qoyulmuş Şuşa özünün tarixi keçmişi, dünya mədəniyyətinə verdiyi töhfələrlə 100 il əvvəl olduğu kimi, indi də dilimizin əzbəri, ən gözəl nəğmələrimizin nəqəratıdır. Qarabağ torpaqlarında düşmən işğalına son qoyan Müzəffər Azərbaycan Ordusunun Şuşada üçrəngli bayrağımızı ucaltması ilə qazanılan böyük qələbədən sonra xalqımızın ən böyük istəyi indi Şuşanın yenidən dirçəldilməsi, onun bütün gözəlliklərinin insanlığa yenidən qazandırılmasıdır.

 

44 günlük şanlı Vətən müharibəsi sonunda ölkə başçımız, qalib sərkərdə cənab İlham Əliyevin “Əziz Şuşa, biz qayıtmışıq, biz səni dirçəldəcəyik!” müjdəsindən sonra bütün dünya Azərbaycan xalqının Qarabağ, Şuşa sevgisinin bir daha şahidi oldu. Qısa müddətə Şuşa öz doğma anasına, Azərbaycana qovuşdu. Yollar çəkildi, həyat üçün zəruri şərait yaradıldı, xarıbülbülün 30 illik həsrətinə son qoyuldu, gözü yolda qalmış Vaqifin, Xan qızı Natəvanın, dahi Üzeyirin, Bülbülün ruhları şadlandı. Beləcə, ən sönük qəlbləri belə, riqqətə gətirən “Bayatı-Şiraz” Cıdır düzünü yenidən cana gətirdi.

Prezident cənab İlham Əliyevin 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Azərbaycan xalqına təbrikində 2022-ci ili “Şuşa ili” elan etməsi hər bir azərbaycanlıda böyük ruh yüksəkliyi yaratmışdır. Ölkə başçısı Qarabağın yenidən bərpasını, Şuşanın dirçəldilməsini önümüzdəki dövrdə dövlətimizin qarşıya qoyduğu ən ümdə vəzifələrdən biri kimi müəyyən etmişdir. Xalqımız əmindir ki, ölkə Prezidentinin rəhbərliyi altında bütün regionda gündəmi diktə edən Azərbaycan Respublikası bu vəzifələri də uğurla icra edəcək, böyük qayıdışa başlamaqla, mədəniyyət paytaxtımızın dünyada daha geniş tanıdılmasına nail olacaq. Çünki bu torpaqlara hələ düşmən ayağı dəyməyəndə də Qarabağ, Şuşa adı bizim yaddaşımızın kökündə, ən gözəl kəlmələrində yaşadılıb. Elə bu sevginin ətrini bu günümüzə qədər qoruyub saxlayan Naxçıvanın 100 yaşlı mətbu orqanı olan “Şərq qapısı” qəzetinin onillər əvvəlki yazılarının başlıqları kimi.
“Şuşa ili”ndə qəzetimizin bu mövzuda ilk yazısı olaraq onun qızıl arxivindəki bu qiymətli seçmələri imzaları ilə birlikdə olduğu kimi oxucularımıza təqdim edirik.

* * *

Təbiət öz səxavətini bizim şəhərdən əsirgəməmişdir. Sağlam dağ havası, sıx yaşıllıqlar sanki nəhəng oksigen fabrikidir. Yaxınlıqda mineral su çeşmələri. Yaxşı istirahət etmək üçün bundan artıq nə lazımdır. Biz Şuşanın kurort sərvətlərindən mümkün qədər geniş istifadə etməyə çalışırıq. Şəhər böyüyür, öz hüdudlarını genişləndirir…


“Dağ kurortu hüdudlarını genişləndirir”
Valeh Kazımov
15 fevral 1970-ci il

* * *

Uca dağlar qoynunda məskən salmış Şuşanın bu günü könül oxşayandır. Onun gözəl təbiəti, hüsnünə sığmayan mənzərəsi vardır. Bu şəhərin görkəmi mərmər pillələri xatırladır. Bir-birinin ardınca muncuq kimi düzülmüş yaşayış evləri, ictimai binalar biri digərinin qarşısını kəsməsin, onu ört-basdır etməsin deyə səki kimi pillə-pillə ucaldılmışdır. Bu da onun görkəmini daha füsunkar etmişdir…

“Şuşa gözəldir”
Cəlal Rəfiyev
11 mart 1970-ci il

* * *

Dərələr və dağlar üzərində salınmış Şuşanı qartal yuvası adlandırmışlar. Şairlər onun gözəlliyinə şeirlər qoşmuş, təbiblər gözəl ab-havasından riqqətə gəlmişlər. Bir zamanlar Şuşa qala kimi tikilmişdir. Qalanın indiyədək qalan divarlarının hündürlüyü 8 metrə çatır. Şəhərdə bu gün belə XVIII əsrdə tikilmiş qalaları görmək olar.
Şuşa lap qədimdən şairləri, bəstəkar­ları, xanəndələri, yazıçıları ilə məşhurdur. Bu şəhər Vaqifin, Ü.Hacıbəyovun, Bülbülün Vətənidir. Böyük rus şairi Sergey Yesenin öz məktublarının birində yazmışdır ki, Qafqazda deyirlər: “Əgər sən xanəndəlik etmirsənsə, deməli, Şuşadan deyilsən…”

“Şuşa kurort şəhəridir”
Alqayıt Kərimov
18 sentyabr 1973-cü il

* * *

El arasında Şuşanı Azərbaycanın xalq musiqi konservatoriyası adlandırırlar. Həqiqətən də, belədir. Şuşa istedadlı musiqi xadimləri yetişdirmiş, özünün zəngin sənət irsi ilə şöhrətlənmişdir. Şuşada musiqi ilə bağlı olmayan ailə tapmaq belə, çətindir…


“Musiqi diyarı”
F. Əliyeva, Şuşadakı Şərq musiqi alətləri fabrikinin ustası
23 aprel 1975-ci il

* * *

Başı buludlarda gizlənən qarlı-qartallı dağların zirvəsini görmək istəsəniz Şuşaya gəlin. Dərin dərələrin, sıx meşələrin, təkrarolunmaz gözəlliyinə, dolama yollara baxmaq istəsəniz Şuşaya gəlin. Sıldırımlardan tökülən gur çayların, nəğməli şəlalələrin səsinə qulaq asmaq istəsəniz Şuşaya gəlin. Diş göynədən İsa bulağından bircə qurtum içmək, dünyada yeganə olan xarıbülbül çiçəyinin ətrini duymaq, cüyür gözlərinin gözəlliyinə baxmaq istəsəniz Şuşaya gəlin. Saymaqla qurtaran deyil bu yerlərin füsunkarlığı…

“Sağlamlıq şəhəri”
Q.Ağayev
3 aprel 1975-ci il

* * *

Şuşanın baharı

Qızıl işığını, qızıl nurunu
Bulud ələklərdən ələyir günəş.
Səhər yağışında yuyunan dağı
Körpə tək şəfəqə bələyir günəş

Zirvədən açılan kəlağay-duman
Dərin dərələrdə baş alıb gedir.
Olur şəfəqlərlə üfüqlər əlvan,
Çaylar qıjıltıyla səs salıb gedir.

Güneylər bürünür yaşıl alova,
Quzeylər ağarır dənər qar kimi.
Ağaclar üstündə çoxalır yuva,
Quşlar vəcdə gəlir bəstəkar kimi

Sərin külək əsir Cıdır düzündən,
Titrəşir çiçəklər bir ehtizazla.
Qıvrılır səmada şimşəklər hərdən,
Göylər qaqqıldayır coşqun avazla.

Bahar paltarını geyinib Şuşa,
Olur şirin nəğmə, qanadlı şeir.
Bu gözəl bahara söz qoşa-qoşa
Sənətkar olmuşdur Bülbül, Üzeyir.


Elman Elsəvər
23 aprel 1975-ci il

* * *

Məşhur Avropa səyyahlarından biri demişdir: Şuşanın baharı əsrarəngiz rənglərin, sehrli səslərin, ürəkləri sənət alovuna salan qanadlı duyğuların birliyindən yaranır. Bu baharda qeyri-adi bir yaraşıq, ülviyyət və gözəllik büsatı vardır. Əfsunlu qıfılbəndlərdən keçib ürəklərə süzülən əvəzsiz musiqi çalarları, şirin zəngulələr, laylalar qədər incə və məlahətli muğamat guşələri bu torpağın nəfəsidir…

“Şuşanın gəncliyi”
H.Razi
27 aprel 1977-ci il

* * *

Yolumuza göylər su çiləyir, narın yağış altında Şuşa dolaylarını qalxırıq. Gözlərimiz önündə Qarabağın gözəllik sərgisi açılır. Bahar öz fırçası ilə qarlı-qartallı dağlar, keçilməz dərələr boyunca təkrarolunmaz yaraşıq büsatı yaratmışdır. Dolaylar əzəmətli bir qalanın bürclərinə sarınan pillələr kimi görünür. Bu pillələri qalxdıqca gözlərimiz önündə elə bil tarix səhifələnir. Əsrlərin arxasına boylanırıq, üfüqlə birləşmiş kimi görünən qranit hasarlarda sanki bütün Qarabağın vüqarı cəm olunmuşdur...
“Şuşanın cavanlıq büsatı”

H.Razi
1 may 1982-ci il

* * *

Salon titrəyirdi. Hamı bir nəfər kimi ayağa qalxaraq balaca sənətkar­ları alqışlayırdı. Rus, moldovan, ukraynalı, latış və başqa millətlərin nümayəndələri onları başa düşməsələr də, Qırxqız dağlarının bulaqları kimi həzin şırıltıyla axıb gedən böyük Qarabağ musiqisinin təsirindən yaxa qurtara bilmirdilər.
İlahi, bu qızılgüllər kimi pak olan körpələrin ürəyindən qopub gələn səs idimi, yoxsa möcüzə?..

“Dünya şöhrətli Qarabağ bülbülləri”
“Şərq qapısı”
6 avqust 1988-ci il

Əli CABBAROV

 

 

 

ARXİV

Mart 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR