21 Dekabr 2024, Şənbə

Azərbaycan xalqının qədim, zəngin və unikal mədəniyyəti vardır. Milli mədəniyyətimiz xalqımızın tükənməz sərvətidir. Şübhəsiz ki, dünya ölkələri və xalqları arasında respublikamızın layiqli yer tutmasında, beynəlxalq əlaqələrin daha da genişlənməsində, mehriban dostluq münasibətlərinin və qarşılıqlı fayda verən əməkdaşlığın formalaşmasında milli mədəniyyətimiz müstəsna əhəmiyyət kəsb edir. Qloballaşma və mədəni inteqrasiya prosesinin geniş vüsət aldığı indiki dövrdə milli mədəniyyətlərin qorunması, inkişaf etdirilməsi olduqca önəmli məsələdir. 

 

Mürəkkəb və heç də birmənalı qiymətləndirilməyən bu prosesin perspektivləri bəşəriyyəti düşündürməyə bilməz. Həmin prosesdə beynəlxalq hüquq prinsipləri və normaların aliliyi, dəyişikliklərin spesifik xarakterli, qarşılıqlı etimad və ümumbəşəri dəyərlərə sədaqətlə yanaşmaq kimi problemlər xüsusi diqqətə layiqdir. Hər bir ölkənin səciyyəvi milli-tarixi cəhətlərinin də nəzərə alınması burada çox önəmlidir. Bunu mədəniyyətlərin müxtəlifliyi də tələb edir. Azərbaycan Respublikasının ümummilli lideri Heydər Əliyev qloballaşma ilə bağlı öz çıxışında demişdir: “Dünyanın inkişafının indiki mərhələsinin başlıca meyli qloballaşmadır. Bu mürəkkəb və heç də birmənalı olmayan prosesin perspektivləri bizim hamımızı düşündürür. Qloballaşma dövlətlərin sabit inkişafının, bütövlüyünün və idarəetmə sistemlərinin stabilliyinin təmin olunmasına, iqtisadi münasibətlərdə ayrı-seçkiliyin aradan qaldırılmasına, xalqların rifah halının yüksəldilməsinə kömək etməlidir”.
İqtisadi sahədə qloballaşma modernləşdirilmiş yeni kapitalizmin dünya miqyasında bərqərar olmasını nəzərdə tutur. Yeni bazarların yaradılması yeni məhsullar üçün ucuz xammal ehtiyatlarından və işci qüvvəsindən istifadə yolu ilə küllü miqdarda gəlir əldə edilməsindən ibarətdir. Mədəniyyət sahəsində də qloballaşma bu mənafelərə xidmət etdiyi təqdirdə bəşəriyyət böyük fəlakətlərlə üzləşə bilər. İnteqrasiya prosesinin qaçılmaz olduğu bir dövrdə milli-mənəvi və əxlaqi-tərbiyəvi dəyərlərimizin qorunmasına daha böyük sevgi ilə yanaşmalıyıq. Bu zərurət cəmiyyət həyatının bütün sahələrini əhatə edən qloballaşmanın ziddiyyətli gedişatından doğur. Ona görə də biz milli-mənəvi dəyərləri aşınmalardan qorumalıyıq. Milli mədəniyyətimizi isə millətin qloballaşmanın mənfi təsirindən özünümüdafiə vasitəsinə çevirməliyik. Mədəniyyət sahəsində özünütəşkiletmə və özünütənzimləmə metodları tətbiq edilməli, prioritetlər aydınlaşdırılmalı və maliyyələşdirilməlidir. Yalnız birgə, səmərəli fəaliyyət nəticəsində özünəməxsusluğu, milli mədəni dəyərləri qorumaq və mühafizə etmək mümkündür. Hazırda təcrübə göstərir ki, mədəniyyətə tətbiq olunan qloballaşma nəticəsində milli mədəniyyət xeyli dərəcədə özünəməxsusluğunu itirir və mədəniyyət müxtəlifliyi aradan qalxır. Biz mədəniyyətin inkişafına ənənəvi, milli-mənəvi irsin ən mütərəqqi cəhətlərinin mənimsənilməsi yolu ilə getməliyik. Bəşəri dəyərlərə, insanlığa xidmət etməyən inteqrasiyada, əslində, nə bədii-estetik, nə tərbiyəvi, nə də, ümumiyyətlə, mənəvi dəyərlərə yer qalır. Bu mənada, Azərbaycan reallığında mədəni irsin mühafizəsi, dünyanın mütərəqqi, mənəvi dəyərlərindən istifadə edərək gənc nəslin daha sağlam əhvali-ruhiyyədə, saf əxlaqi ruhda tərbiyələndirilməsi mədəniyyətimizin ən zəruri vəzifələrindən biridir. Azərbaycan qloballaşmanın müsbət yönümdə inkişafına öz töhfəsini verməyə qadirdir. Ölkəmiz dünya miqyasında geosiyasi əhəmiyyətə malik öz coğrafi mövqeyindən, zəngin potensialından istifadə edərək Şərq ilə Qərb arasında tarixi keçmişdən başlamış və gələcəyə istiqamətlənmiş körpü rolunu səmərəli surətdə həyata keçirə bilər. Hər bir xalqın, millətin mənşəyi haqqında fikir söyləyərkən, ilk növbədə, onun hansı mənəvi köklər əsasında formalaşdığını nəzərdən keçirmək lazım gəlir. Azərbaycan xalqı bu baxımdan öz böyüklüyü, mənəvi kamilliyi ilə qürurlana, mənəviyyat qaynaqları ilə fəxr edə bilər. Doğrudur, 70 illik sovet sistemi, sosializm ideologiyası bu sistemə daxil olan xalqları, millətləri, hətta etnik qrupları belə öz milli, tarixi mənəvi kökündən ayırmağa çalışmışdır. Bununla belə, xalqımız müstəqilliyini qazanan andan milli mənlik şüurunun, qan yaddaşının bərpasına, mənəvi qaynaqların araşdırılmasına və dirçəlməsinə doğru güclü bir yürüş başlamışdır. Sovet imperiyasının 70 il “beynəlmiləl mədəniyyət”, “sosialist mədəniyyəti” adları altında təbliğ etdiyi mədəniyyət vətəndaş millətçiliyi konsepsiyasından bəhrələnmişdir. Ermənilər isə məhz bütün tarixi fəaliyyətləri zamanı etnik millətçilik konsepsiyasına əsaslanaraq nəinki Ermənistanda, hətta başqa xalqlara məxsus olan torpaqlarda da etnik millətçiliyə əsaslanan mədəniyyət mövqeyindən çıxış etmişlər. İndinin özündə də ermənilər milli mentalitetlərinə uyğun olaraq etnomillətçilik xüsusiyyətlərini qoruyub saxlayır, yaşadıqları ərazilərdə etnik təmizləmə siyasəti aparır və monoetno mədəniyyətin inkişafına çalışırlar. Ermənistanda əsrlərboyu yaşayıb-yaradan azərbaycanlıların deportasiyası, onlara məxsus olan tarix və mədəniyyət abidələrinin dağıdılması erməni etnomillətçiliyinin mövcudluğunu təsdiq edən faktorlardan biridir, etnomillətçilik bu xalqın mədəni həyatında patoloji bir həddə çatmış, xüsusilə Türk dünyasına qarşı erməni düşmənçiliyi formalaşdırmışdır. Erməni mentalitetində etnik millətçi meyillər şovinist maraqları artırmış, başqa millətlərin mədəniyyətini özününküləşdirmək ənənəsi yaratmışdır. Xüsusilə Azərbaycana məxsus bir çox tarix və mədəniyyət abidələrinin, musiqi və bədii toxuculuq nümunələrinin mənimsənilməsi erməni etnik milli mədəniyyətinin daxili naqisliyindən irəli gəlir. Biz unutmamalıyıq ki, ermənilərin işğalı nəticəsində, milli mədəniyyətimizin beşiyi olan Qarabağda və digər zəbt edilmiş ərazilərimizdə xalqımızın keçmişini və bu gününü əks etdirən abidələrimiz planlı surətdə məhv edildi, daşınıb aparıldı, yaxud da onlar təcili şəkildə “erməniləşdirildi”. Mədəni sərvətlərə hörmətsizlik erməni daşnaklarının düşünülmüş strategiyasının – etnik təmizləmə siyasətinin məhsuludur. Beləliklə, Kreml tərəfindən dəstəklənən erməni-daşnak təcavüzləri nəticəsində biz həm ən gözəl, ən münbit torpaqlarımızı, həm də Azərbaycan və azərbaycanlılar üçün mühüm əhəmiyyət kəsb edən, milli ruhu özündə əks etdirən minlərlə abidəmizi itirmişik. Məsələn, qədim Quruçay mədəniyyətinə aid Azıx mağarası, XII əsrdə yaranan və xristian alban mədəniyyətinin parlaq nümunəsi sayılan Xəzinədağ məbədi, Kəlbəcərdə Zəli və Zalxa göllərinin yaxınlığındakı yüzlərlə qədim qayaüstü rəsm və yazılar bu qəbildəndir.
İşğalçı Ermənistan zəbt etdiyi ərazilərdə 30 il ərzində maddi mədəniyyət abidələrimizi vəhşicəsinə dağıdaraq, yerlə-yeksan etmişdir. Düşmənin niyyəti Azərbaycan xalqının Qarabağın əsl, həqiqi sahibi olduğunu sübut edən çox sayda qiymətli tarixi abidələri, məscid və ziyarət yerlərini yox etmək olmuşdur. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tarixi torpaqlarımızı düşməndən azad etdikdən sonra erməni vandallarının bədxah əməlləri bütün çılpaqlığı ilə üzə çıxmışdır.
“Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 oktyabr tarixli 1170 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndələri tərəfindən tarix və mədəniyyət obyektlərinin (abidələrinin və müəssisələrinin) ilkin inventarlaşdırılması və mühafizəsi məqsədilə abidələrin və mədəniyyət müəssələrinin monitorinqlərinə başlanılmışdır. İndiyədək aparılmış monitorinqlər zamanı dövlət qeydiyyatında olan 312 tarix-mədəniyyət abidəsinin monitorinqi həyata keçirilmişdir. Bundan əlavə, həmin ərazilərdə yerləşən dövlət qeydiyyatında olmayan tarixi, memarlıq, arxeoloji əlamət daşıyan 106 obyekt (yeni aşkar olunmuş abidə) aşkar edilmişdir. Həmçinin aparılan monitorinqlər zamanı 571 mədəniyyət müəssisəsi aşkar edilmişdir ki, onlardan 286-sı kitabxana, 237-si mədəniyyət evi və klub müəssisəsi, 19-u muzey, 24-ü uşaq musiqi məktəbi, 1-i kinoteatr, 2-si teatr, 2-si qalereyadır. Müəssisələrin hamısı demək olar ki, tamamilə dağıdılmış vəziyyətdədir. Heş şübhəsiz ki, ərazi bütövlüyünü təmin etməyə qadir olan gülcü və müstəqil Azərbaycan dövləti azad edilmiş rayonlarda başladığı genişmiqyaslı quruculuq işləri nəticəsində həmin ərazilərdə müvafiq mədəniyyət infrastrukturu yaradılacaq və bütün tarixi-mədəni abidələri bərpa olunacaq.
Belə bir nəticəyə gəlmək olar ki, hər bir xalqın mədəniyyəti məhz həmin xalqın milli xüsusiyyətləri zəminində və kontekstində inkişaf edir. Müasir Azərbaycan mədəniyyəti, öz milli-tarixi irsinə əsaslanaraq, bəşəri mədəniyyətin yüksək nümunələrindən qidalanır və nəticə etibarilə, həm milli, həm də beynəlmiləl xarakter alır. Digər tərəfdən ictimai həyatın demokratikləşməsi milli mədəniyyətin inkişafına müsbət təsir göstərir.

Hidayət ƏKBƏROV

Naxçıvan Dövlət Universitetinin fransız dili müəllimi

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR