Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatında 20 Yanvar faciəsinin 23-cü ildönümünə həsr olunmuş tədbirdə çıxış edən təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Elman Cəfərli 20 Yanvarın Azərbaycan xalqının milli azadlıq hərəkatı və müstəqillik tarixində şanlı səhifə olduğunu qeyd etmişdir. Vurğulanmışdır ki, bu faciə milli birlik və ləyaqətimizi sübut etməklə, bütövlükdə, zülmə, əsarətə qarşı mübarizə rəmzinə çevrilmişdir. Təşkilatın sədri xalqımıza qarşı törədilmiş qanlı terror aktına siyasi-hüquqi qiymət verilməsində ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərindən geniş bəhs etmişdir.
Sonra YAP Naxçıvan şəhər təşkilatı Qadınlar Şurasının üzvü Ayşən Əsgərova “20 Yanvar faciəsi Azərbaycan xalqına və insanlığa qarşı cinayətdir”, YAP AMEA Naxçıvan Bölməsi müəssisədənkənar ərazi ilk təşkilatının sədri Ramiz Qasımov “Qəhrəmanlıq ənənələrimizin 20 Yanvar nümunəsi” mövzularında məruzələr etmişlər. Məruzələrdə qeyd olunmuşdur ki, bu faciə XX əsr boyu xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin davamı idi. Azərbaycan ərazilərinin tədricən ilhaq olunması, qondarma Dağlıq Qarabağ münaqişəsi, azərbaycanlıların Ermənistan ərazisindəki əzəli torpaqlarından qovulması, süqutu labüd olan işğalçı sovet imperiyasının özünüxilas cəhdləri Azərbaycan xalqını müstəqillik uğrunda ölüm-dirim mücadiləsinə qaldırmışdı. Milli azadlıq hərəkatını boğmaq üçün Azərbaycanın xəyanətkar dövlət başçılarının dəstəyi ilə keçmiş SSRİ-nin böyük əksəriyyəti ermənilərdən ibarət olan silahlı ordusu Bakıda növbəti soyqırım aktı törətmiş, eyni zamanda Naxçıvan erməni işğalına məruz qalmışdır. Təəssüflər olsun ki, nə o zamankı iqtidar, nə də sonradan hakimiyyətə gələn AXC-Müsavat cütlüyü faciəyə siyasi qiymət vermək üçün əməli addımlar atmadılar. Həmin dövrdə hadisəyə siyasi-hüquqi qiymət verilməsi üçün lazımi işlər görmək mümkün idi. Hakimiyyətdə təmsil olunan şəxslərin yarıtmaz fəaliyyətləri, cəsarətsizliyi nəticəsində qanlı terror aktını törədənlərin istintaqı aparılaraq adlarının müəyyənləşdirilməsi istiqamətində heç bir tədbir görülməmişdir.
Bildirilmişdir ki, ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilmişdir. Ümummilli liderimizin 20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi ilə bağlı 1994-cü il yanvarın 5-də imzaladığı Fərmanda Azərbaycan Respublikasının Milli Məclisinə hadisəyə tam siyasi-hüquqi qiymət verilməsi tövsiyə olunurdu. 1994-cü ilin fevralında Milli Məclisin xüsusi sessiyasında Azərbaycana qoşun yeridilməsinin xalqımıza qarşı hərbi təcavüz və cinayət kimi qiymətləndirilməsi, təqsirkarların məsuliyyət dərəcəsinin müəyyənləşdirilməsi də məhz ümummilli liderimizin təşəbbüsü ilə mümkün olmuşdur.
Vurğulanmışdır ki, ulu öndərimizin yolunu uğurla davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyev də 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, onların ailələrinin, həmin müdhiş gecədə əlil olanların sosial müdafiəsinin gücləndirilməsi üçün bir sıra tədbirlər həyata keçirmişdir.
Xəbərlər şöbəsi