22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikasında ilk ədliyyə orqanı 18 yanvar 1924-cü ildə yaradılmışdır. Xalq Ədliyyə Komissarlığı adlanan bu qurum 30 mart 1946-cı ildən Ədliyyə Nazirliyinə çevrilmişdir. Lakin qısa müddətdə nazirliyin səlahiyyətləri məhdudlaşdırılaraq başqa orqanlara verilmiş, qurumun sabit fəaliyyət istiqaməti olmamışdır.
1969-cu ildə ümummilli liderimiz Heydər Əliyevin respublikamıza rəhbərliyə gəlişindən sonra ədliyyə sisteminin formalaşdırılmasına da xüsusi diqqət göstərilmiş, 1971-ci ildə Naxçıvan MSSR Ədliyyə Nazirliyi yaradılmışdır. Nazirlik bu dövrdən etibarən muxtar respublika ərazisində məhkəmə orqanlarına təşkilati rəhbərliyi həyata keçirmiş, əhaliyə hüquqi yardımın göstərilməsini və notariat fəaliyyətinin aparılmasını təmin etmişdir.
“Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik, hüquqi cəmiyyət qurmaq yoludur”, – deyən ümummilli liderimizin rəhbərliyi ilə müstəqillik illərində digər sahələrlə yanaşı, hüquq sistemində də ardıcıl islahatlar aparılmış, yeni hüquq və məhkəmə sisteminin yaradılması istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Məhz ulu öndərin bilavasitə sədrliyi ilə yaradılan Hüquqi İslahat Komissiyası tərəfindən bu sistemin yenidən qurulmasına başlanmış, beynəlxalq hüquq normalarının tələbləri nəzərə alınmaqla yeni qanunvericilik sistemi formalaşdırılmışdır. Ulu öndərin “Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına dəyişikliklər və əlavələr edilməsi barədə” 2002-ci il 24 avqust tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinə notariat, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, məhkəmə qərarlarının və cəzaların icrası, normativ aktların qeydiyyatı, müvafiq məhkəmələrin maliyyə, digər maddi-texniki təminatlarının həyata keçirilməsi və digər sahələr üzrə əlavə səlahiyyətlər verilmişdir. Əlavə və dəyişikliklərə qədər nazirlik azsaylı ştat vahidi ilə fəaliyyət göstərirdisə, həmin fərmanın qəbulundan sonra nazirliyin mərkəzi aparatının yeni strukturu təsdiq edilmiş, yeni şöbə və bölmələr yaradılmışdır.

Bu gün ulu öndərin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən tədbirlər nəticəsində ədliyyə sistemi öz inkişafının yeni mərhələsinə qədəm qoymuşdur. Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Ədliyyə orqanlarının inkişafı haqqında”, Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üzrə Dövlət Proqramının və məhkəmə sisteminin fəaliyyətinin müasirləşdirilməsi barədə proqram xarakterli fərmanların imzalanması, “Ədliyyə orqanlarında qulluqkeçmə” haqqında Qanunun qəbul edilməsi muxtar respublikanın ədliyyə orqanlarının inkişafında da xüsusi əhəmiyyətə malik olmuşdur.
Bu gün muxtar respublikada ədliyyə sahəsində sistemli və ardıcıl şəkildə həyata keçirilən islahatlar əhalinin yüksək hüquqi təminatına xidmət etməklə yanaşı, ədliyyə orqanlarının fəaliyyətinin yeni dövrün tələbləri səviyyəsində qurulmasını da şərtləndirir. Ədliyyə orqanlarının hüquqi bazasının möhkəmləndirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən 2006-cı ildə “Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi haqqında” Əsasnamə təsdiq edilmişdir. Müvafiq qanunvericilik aktlarının qəbulundan sonra nazirliyin tarixində ilk dəfə olaraq Penitensiar Xidmət yaradılmışdır. İnsan haqlarının etibarlı qorunmasına xüsusi ehtiyac duyulan sahələrdən biri olan Penitensiar Xidmətin müasir infrastrukturunun yaradılması üzrə ardıcıl tədbirlər görülmüş, məhkumların saxlanma şəraitinin beynəlxalq standartlara uyğunlaşdırılması və onların yaşayış yerlərinə yaxın ərazilərdə cəza çəkməsini təmin etmək məqsədilə penitensiar müəssisələr tikilib istifadəyə verilmişdir. Artıq bütün hüquqi tələblərə cavab verən cəzaçəkmə müəssisələrində məhkumların təminatı, sosial reabilitasiyası, məşğulluğu, asudə vaxtının təşkili, onlara tibbi yardımın göstərilməsi diqqət mərkəzində saxlanılır.
Ədliyyə fəaliyyətinin əsas istiqamətlərindən biri də ekspertiza işinin təşkil edilməsidir. Muxtar respublikanın hüquq-mühafizə orqanlarının təyin etdiyi ekspertizaların aparılmasını operativ və qanunamüvafiq qaydada təmin etmək məqsədilə 2005-ci ildə Məhkəmə Ekspertizası Mərkəzinin Naxçıvan filialı yaradılmışdır. Hazırda filialda məhkəmə ballistika, məhkəmə trasologiya, daktiloskopiya, sintetik təbiətli və bitki mənşəli narkotik vasitələrin ekspertizası, məhkəmə əmtəəşünaslıq, məhkəmə yol-nəqliyyat, məhkəmə xətşünaslıq və sənədlərin kriminalistik texniki ekspertizası, məhkəmə iqtisad, məhkəmə psixoloji ekspertizası, məhkəmə yanğın-texniki ekspertizası, məhkəmə tikinti-texniki ekspertizası, nəqliyyat vasitələrinin detallarının ekspertizası, pul nişanlarının məhkəmə ekspertizası üzrə işlər aparmaq mümkündür.
“Normativ hüquqi aktlar haqqında” Naxçıvan Muxtar Respublikası Qanununa uyğun olaraq, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinə Naxçıvan Muxtar Respublikasının hüquqi aktların dövlət reyestrini aparmaq vəzifəsi də həvalə olunmuşdur. Nazirlik dövlət reyestrinin formalaşdırılmasını, aparılmasını, idarə olunmasını, tamlığını, müvafiq internet informasiya vasitəsilə ümumi istifadə üçün daimi açıqlığını və mühafizəsini təmin edir. Əhalinin hüquqi maarifləndirilməsi, ədliyyə sistemində həyata keçirilən mütərəqqi islahatlar, görülən işlər barədə ictimaiyyətin mütəmadi məlumatlandırılması və şəffaflığın təmin olunması məqsədilə nazirliyin internet səhifəsi yaradılmışdır.
Muxtar respublikada ədliyyə işçilərinin fəaliyyətlərinin yaxşılaşdırılması istiqamətində də mühüm tədbirlər həyata keçirilir, yeni inzibati binalar tikilir, müasir iş şəraiti yaradılır. Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq, 2011-ci ildə Ədliyyə Nazirliyinin və Penitensiar Xidmətin yeni inzibati binaları istifadəyə verilmişdir. Açılış mərasimində iştirak edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Yaradılan bu şəraitdən səmərəli istifadə olunması üçün nazirliyin kollektivi öz işini əsas fəaliyyət istiqamətlərinə uyğun qurmalıdır”.

Muxtar respublikamızda gedən sürətli sosial-iqtisadi inkişaf, müasir hüquq infrastrukturunun yaradılması əhalinin rahat və təhlükəsiz yaşamasına, insanların hüquq və azadlıqlarının yüksək səviyyədə qorunmasına və ədliyyə orqanları qarşısında qoyulan vəzifələrin uğurla yerinə yetirilməsinə imkan verir.

Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR