22 Dekabr 2024, Bazar

1924-cü il yanvarın 18-də Naxçıvan Mərkəzi İcraiyyə Komitəsinin birinci plenumunun qərarı ilə Naxçıvan Daxili İşlər Şöbəsi Naxçıvan Daxili İşlər Komissarlığına çevrilmişdir. Həmin dövrdə daxili işlər orqanları muxtar respublika ərazisində ictimai qaydanı və təhlükəsizliyi təmin etməklə yanaşı, Vətənə və xalqa sədaqətlə xidmət etmiş, üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmişdir.

Naxçıvanın polis əməkdaşları 1920-1940-cı illərdə sabitliyin və asayişin qorunmasında mətinlik göstərmiş, 1941-1945-ci illər müharibəsi dövründə ön cəbhələrdə faşistlərə qarşı mərdliklə vuruşmuşlar. 1988-1993-cü illərdə erməni silahlı birləşmələrinin torpaqlarımıza hücumu zamanı ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə Naxçıvan polisi rəşadətlə mübarizə aparmışdır.
Yeni dövrdə Azərbaycanın daxili işlər orqanlarının hərtərəfli inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz ümummilli liderimizin 1969-cu ildə respublikaya rəhbər seçilməsindən sonra daxili işlər orqanlarına da dövlət qayğısı güclənmiş, əməkdaşların peşəkarlığının yüksəldilməsinə xüsusi önəm verilmişdir. Müstəqillik illərində də daxili işlər orqanlarının maddi-texniki bazası müntəzəm əsasda möhkəmləndirilmiş, zəruri kadr potensialı yaradılmışdır. Daxili işlər orqanlarının fəaliyyətinə stimul verən, onu xalqa və dövlətə xidmətə səfərbər edən ulu öndərimizin səyi nəticəsində cəmiyyətdə ictimai-siyasi sabitlik, əmin-amanlıq tam bərpa edilərək dönməz xarakter almış, kriminogen durum nəzarətə götürülmüşdür. İnsanların polisə inamı və etimadı artmış, daxili işlər orqanlarının normativ hüquqi bazasının və təşkilati əsaslarının yaradılması üçün qanunlar qəbul edilmişdir.

Ümummilli liderimiz Heydər Əliyev demişdir: “Polis peşəsi ağır peşədir. Bu peşə cəsarət, şəxsi mətanət, bilik, dərrakə, elm, təhsil və təcrübə tələb edir”. Bu gün fəxrlə demək olar ki, Naxçıvan polisi yüksək peşəkarlığa malikdir. Həyata keçirilən davamlı islahatlar, cinayətkarlığa qarşı mübarizə üzrə qəbul olunmuş normativ hüquqi aktlar polisin fəaliyyətini əhəmiyyətli dərəcədə artırmış, əməkdaşların sosial-rifah halının yaxşılaşdırılması istiqamətində 1993-cü ildən bu günədək onlarla fərman və sərəncam imzalanmışdır. Bütün bunlar cinayətkarlığa qarşı mübarizədə daxili işlər orqanlarının əməkdaşlarına əlavə stimul vermişdir.
Bu gün daxili işlər orqanlarında qarşıya qoyulan məqsədlərə nail olmaq, vətəndaşlarımızın etimadını qazanmaq üçün yeni iş metodları tətbiq edilir, hüquqazidd əməllərin qarşısının alınmasında və ictimai təhlükəsizliyin təmin edilməsində vətəndaş cəmiyyəti ilə əlaqələr möhkəmləndirilir. Şəxsi heyətin peşə hazırlığı, milli dəyərlərə sadiqlik ruhunda tərbiyə olunması, əhalinin müxtəlif təbəqələri və kütləvi informasiya vasitələri ilə əlaqələrin genişləndirilməsi istiqamətində də zəruri tədbirlər həyata keçirilir.
Muxtar respublikamızda bütün sahələrdə əldə olunan inkişaf və tərəqqi, aparılan çoxşaxəli qurucu­luq işləri digər sahələrlə yanaşı, polis orqanlarını da əhatə etmişdir. 1995-ci ildən ötən müddət ərzində Naxçıvan Muxtar Respublikası daxili işlər orqanlarının maddi-texniki bazasının ən müasir səviyyəyə çatdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilmiş, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin inzibati binası da daxil olmaqla, bütün ərazi, xətt polis orqanlarının inzibati binaları yenidən qurulmuş, ən müasir xidməti avtomobillər verilmişdir. Əməkdaşların sosial-məişət problemlərinin həlli də dövlət qayğısından kənarda qalmamışdır.
Daxili işlər orqanlarının fəaliyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər 2012-ci ildə də davam etdirilmiş, ölkə Prezidentinin sərəncamı ilə Azərbaycan Respublikası daxili işlər orqanlarının ştat sayına yenidən baxılmış, muxtar respublikanın daxili işlər orqanlarına da əlavə ştatlar ayrılmış, hər bir inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə polis sahə müvvəkkili ştatı təsis olunmuşdur. Artıq muxtar respublikanın kəndlərində istifadəyə verilən kənd mərkəzlərində polis əməkdaşları üçün də nümunəvi xidmət şəraiti yaradılır. Ötən il Ordubad Rayon Polis Şöbəsinin Biləv Polis Bölməsi üçün yeni xidməti bina istifadəyə verilmişdir. Açılış mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov xidməti vəzifələrinin yerinə yetirilməsində və asayişin qorunmasında göstərdikləri fəallığa görə muxtar respublikanın daxili işlər orqanlarının şəxsi heyətinin fəaliyyətini yüksək qiymətləndirmiş, ölkəmizdə dövlət və cəmiyyət arasında birlik və sabitliyin qorunmasında daxili işlər orqanlarının özünəməxsus yeri və rolu olduğunu qeyd etmişdir.
Polis insanların həyatını, sağlamlığını, hüquq və azadlıqlarını, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərini və mülkiyyətini qoruyur. Son 17 ildə muxtar respublikada hüquq-mühafizə orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsinin, onlara yüksək səviyyədə xidməti şəraitin yaradılmasının və profilaktik tədbirlərə üstünlük verilməsinin nəticəsidir ki, cinayətkarlıq halları minimum səviyyəyə endirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin polis orqanlarına göstərdiyi yüksək diqqət və qayğı əməkdaşların məsuliyyətini artırır, şəxsi heyəti daha böyük əzmkarlıqla işləməyə sövq edir. Bu qayğı daxili işlər orqanlarında fəaliyyətin canlanması üçün mühüm stimul olmuş, peşəkarlığın yüksəlməsində, qanunçuluğun və daxili təhlükəsizliyin möhkəmlənməsində, bütövlükdə, asayişin mühafizəsi sahəsində mühüm vəzifələrin və qarşıya qoyulmuş tapşırıqların uğurla yerinə yetirilməsində əvəzsiz rol oynamışdır.
Naxçıvan polisi bundan sonra da göstərilən etimadı doğruldacaq, dövlətçiliyin qorunması, asayişin təmin edilməsində qüvvə və bacarığını əsirgəməyəcəkdir.

Əli TAĞIYEV
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin
Təşkilat-inspeksiya idarəsinin rəisi, polis polkovniki

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR