22 Dekabr 2024, Bazar

Fevralın 4-də Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində 2013-cü ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilmişdir. İclasda komitə sədri Malik Rzayev çıxış edərək bildirmişdir ki, qəbul edilmiş dövlət proqramlarında, eləcə də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiya və müşavirələrində verilmiş tapşırıqların və qarşıya qoyulmuş vəzifələrin icrası istiqamətində ötən il Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən bir sıra tədbirlər reallaşdırılmışdır. “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın müvafiq bəndlərinin icrasını təmin etmək məqsədilə pestisidlərin dövriyyəsinin bütün mərhələlərində onların keyfiyyətinə və tətbiqinə dövlət nəzarətinin gücləndirilməsi üçün kənd təsərrüfatında istifadəsinə icazə verilən təbii və qeyri-təbii vasitələrin tətbiqinə nəzarət və maarifləndirmə işləri həyata keçirilmişdir.

“2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçilyin inkişafı üzrə Dövlət Proqramı”nın müvafiq bəndlərinin icrası hesabat ilində təmin edilmiş, 5 müəssisədə istehsal olunan 14 adda məhsulların etiket layihələri texniki normativ- hüquqi aktlara uyğun olaraq hazırlanmışdır. Meyvə-tərəvəz istehsal edən 2 müəssisənin özünəməxsus əmtəə (xidmət) nişanının qeydiyyata alınması təmin olunmuşdur. “2011-2013-cü illər üzrə Naxçıvan Muxtar Respublikasında istehsal olunan məhsulların ixracının stimullaşdırılmasına dair Tədbirlər Planı”nın icrası ilə əlaqədar ixracyönümlü müəssisələrdə müasir standartlara uyğun şəraitin yaradılması və istehsal prosesinin qabaqcıl texnologiyalar əsasında təşkili məqsədilə idxal olunan 50 avadanlıq sertifikatlaşdırılmış, regional standartların tətbiqi məqsədilə 508 ədədinə dövlətlərarası, 4669 ədədinə beynəlxalq standartlara uyğun olaraq sertifikat verilmişdir. İxracqabiliyyətli məhsullara dair hazırlanmış 12 texniki şərt standartlar fondunda qeydiyyata alınmışdır.
Bildirilmişdir ki, idxal olunan malların etiketlərində istehlakçılar üçün məlumatların olmasına nəzarət edilməsi, geni dəyişdirilmiş məhsulların, eləcə də süni ət məhsullarının muxtar respublikaya idxalının və satışının qarşısının alınması üçün topdansatış obyektləri rəhbərlərinin iştirakı ilə maarifləndirici yığıncaq keçirilmişdir. 23 istehsal müəssisəsində 179 adda çəkilib (ölçülüb) qablaşdırılmış mallar üzərində dövlət metroloji nəzarəti aparılmışdır.
Qeyd olunmuşdur ki, 816 ədədi ərzaq, 5 min 62 ədədi qeyri-ərzaq məhsulu olmaqla, 5 min 878 ədəd uyğunluq sertifikatı verilmişdir. 127 istehsal müəssisəsinə istehsal etdiyi sabit keyfiyyətli 211 adda məhsulu AZS Milli Uyğunluq Nişanı ilə nişanlamaq hüququ verilmişdir.
“1163 təsərrüfat subyektində 30 min 122 ədəd ölçmə vasitəsi müqayisəli yoxlamadan keçirilmişdir”, – deyən komitə sədri əlavə etmişdir ki, 7 min 276 ədəd ölçmə vasitəsi üzərində dövlət nəzarəti aparılmışdır. Ötən il istehsal, xidmət və ticarət obyektlərində 51 ədəd müasir elektron tərəzi quraşdırılmış, 2 min 459 ədəd elektron elektrik sayğacı, 3 min 890 ədəd qaz sayğacı, 10 min 45 ədəd su sayğacı müqayisəli yoxlamadan keçirilmişdir. Üç elektron elektrik sayğacının sınaqları aparılmış, onların tipi təsdiq edilərək dövlət reyestrində qeydiyyata alınmışdır.
Vurğulanmışdır ki, ixtira, faydalı model, sənaye nümunələri, əmtəə nişanları və coğrafi göstəricilərin mühafizəsi sahəsində daxil olmuş 236 müraciətin ekspertizası aparılmışdır. Fərqləndirici əmtəə (xidmət) nişanlarının tətbiqi ilə əlaqədar 90 təsərrüfat subyektində özünəməxsus nişanların vurulması təmin edilmişdir.
Tədbirdə nöqsanlara da toxunulmuş və həmin nöqsanların aradan qaldırılması yolları müzakirə edilmiş, səmərələşdirici təkliflər irəli sürülmüşdür.
Sonra məruzə ətrafında çıxışlar olmuşdur.
Kollegiya iclasına komitə sədri Malik Rzayev yekun vurmuşdur.

Səbuhi HƏSƏNOV

*   *   *

Dünən Ordubad Rayon İcra Hakimiyyətində 2013-cü ilin yekunları, 2014-cü ildə qarşıda duran vəzifələrlə bağlı keçirilən müşavirəni icra başçısı Elşad Məmmədov açaraq geniş məruzə ilə çıxış edib. Bildirilib ki, 2013-cü ildə iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilmiş investisiyanın 51238,8 min manatından tikinti-quraşdırma işlərində istifadə olunub. Bu da əvvəlki illə müqayisədə 5,5 faiz çoxdur.
Naxçıvan Muxtar Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Ordubad Rayon Şöbəsinin inzibati binasının, “Gəmiqaya” Tarix-Bədii Qoruğu və muzey üçün binanın, Ordubad şəhərində 242 yerlik uşaq bağçası, Sabirkənddə 378 şagird yerlik, Xurs kəndində 110 şagird yerlik, Nəsirvaz kəndində 88 şagird yerlik tam orta məktəb binalarının, Ələhi kəndində 88 şagird yerlik ümumi orta məktəb binasının, Bist kəndində həkim ambulatoriyası binasının, Nəsirvaz, Ələhi və Xurs kəndlərində kənd mərkəzlərinin və feldşer-mama məntəqələrinin, Nürgüt kəndində feldşer-mama məntəqəsinin tikintisi ilin başa çatan quruculuq tədbirləri sırasındadır.
Bəhs olunan dövrdə Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ordubad Rayon Şöbəsinin inzibati binası, Bist və Nürgüt kəndlərində tam orta məktəb binaları yenidən qurulub.
Qeyd olunub ki, rayonda sahibkarlıq fəaliyyətinə yaradılan şərait hesabına son illər emal və istehsal sahələrinin sayı xeyli artıb. Bu cəhətdən 2013-cü il də istisna deyil. Belə ki, həmin dövrdə Ordubad şəhərində meyvə-tərəvəz qurudulması, Vənənd kəndində müxtəlif meyvələrdən mürəbbə, Biləv kəndində çörək istehsalı sahələrində, Yuxarı Əndəmic kəndində iki, Aza və Vənənd kəndlərinin hər birində bir istixana kompleksində işlər başa çatdırılıb. Ordubad “Quşçuluq” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin genişləndirilməsi istiqamətində tədbirlər görülüb.
Ordubad Su Elektrik Stansiyasının, Ordubad şəhərində istixana kompleksinin, Aza kəndində elektrik açarları və müxtəlif meyvələrdən kompot istehsalı sahələrinin, Aşağı Əylis kəndində heyvandarlıq, Üstüpü kəndində arıçılıq təsərrüfatlarının yaradılması işləri davam etdirilib.
Nəqliyyat sahəsi də diqqətdən kənarda qalmayıb. Rayon ərazisində üç körpünün, Gənzə kəndində avtomobil yolunda istinad divarının tikintisi, Biləv-Xurs-Nəsirvaz və Düylün-Çənnəb-Məzrə avtomobil yollarının təmiri başa çatdırılıb.
Əhalinin elektrik enerjisi ilə təminatını yaxşılaşdırmaq məqsədilə 110/35/10 kilovoltluq “Ordubad” elektrik yarım­stansiyasının tikintisi və avadanlıqlarla təchiz edilməsi işləri yekunlaşdırılıb.
İcra başçısı bildirib ki, rayonda heyvandarlığın, kənd təsərrüfatının, sənayenin inkişafında yüksək nəticələr qazanılıb. “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqra­mı”nın həyata keçirilməsi ilə bağlı Ordubad rayonu üzrə limon istixanalarının yaradılması üçün 3 nəfərə 56000 manat, 111 torpaq mülkiyyətçisinə 104600 manat miqdarında kredit verilib.
Vurğulanıb ki, ekoloji tarazlığın qorunması da diqqətdə saxlanılıb, il ərzində rayonun müxtəlif ərazilərinə 12760 ədəd meyvə ağacı, 4290 ədəd meşə ağacı, 410 ədəd həmişəyaşıl ağac olmaqla, cəmi 19120 ədəd ting əkilib. 10 hektar yeni meyvə bağı salınıb, 6 hektar sahədə bərpa işləri aparılıb.
Müşavirədə işdə buraxılan nöqsanların aradan qaldırılması və qarşıda duran vəzifələr barədə aidiyyəti orqanlara müvafiq tapşırıqlar verilib.
Məruzə ətrafında rayon Maliyyə Şöbəsinin müdiri Bəxtiyar Əsgərovun, Vergilər Şöbəsinin rəisi Məhəmməd İbad­ovun, Dövlət Sosial Müdafiə Fondu Ordubad Rayon Şöbəsinin müdiri Bayram Yusifovun çıxışları olub.

Muxtar MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR