Dünən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada 2013-cü ilin yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilib.
Yığıncağı komissiyanın sədri Etibar Musayev açaraq bildirib ki, 2013-cü il komissiyanın fəaliyyətində bir sıra yeniliklərlə yadda qalıb. Belə ki, ötən il komissiyanın kompüter sistemi yenidən qurulub, test imtahanlarının keçirilməsi üçün yeni proqram təminatından istifadə edilib, müsabiqələrdə şəffaflığın tam təmin edilməsi üçün burada yeni texniki qurğular quraşdırılıb. Sözsüz ki, bu yeniliklər komissiyanın fəaliyyətinə müsbət təsir göstərib.
Bildirilib ki, ümumilikdə, 2013-cü il ərzində vakant inzibati vəzifələrin tutulması üçün 2 müsabiqə keçirilib. Müsabiqəyə çıxarılan 380 vakant vəzifə üzrə 589 namizəd sənəd təqdim edib, onlardan 168 nəfəri test imtahanından müvəffəqiyyətlə keçərək müsahibə mərhələsində iştirak etmək hüququ qazanıb. Müsahibə mərhələsinə sənəd təqdim edən 154 nəfərdən 78 nəfəri vəzifəyə uyğun hesab edilib. Onlardan 72 nəfəri vəzifəyə təyin olunub.
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin müraciəti əsasında 2013-cü il 24-25 iyun tarixlərində daxili işlər orqanlarında vakant vəzifələrin tutulması üçün test imtahanı keçirilib, imtahanda 78 nəfər iştirak edib, 13 nəfər 65 və daha çox bal toplayıb. 4 dekabr 2013-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının vergi orqanlarında mövcud olan vakant vəzifələrin tutulması üçün test imtahanı keçirilib, imtahanda 22 nəfər iştirak edib, onlardan 8 nəfəri 65 və daha çox bal toplaya bilib.
Komissiya sədri məruzəsində onu da qeyd edib ki, bəhs olunan dövrdə dövlət qulluqçularının reyestrinin aparılması işi davam etdirilib, daxil olmuş yeni məlumatlar elektron bazaya işlənib. Dövlət qulluqçularının reyestrinin aparılması zamanı bəzi dövlət orqanlarının qəbul etdiyi qərarlarda qanunvericiliyin tələblərinin pozulduğu aşkar edilib və həmin dövlət orqanlarına məktub göndərilərək qəbul edilmiş qərarların qanunvericiliyin tələblərinə uyğunlaşdırılması tövsiyə olunub. Dövlət orqanlarından komissiyaya daxil olmuş məlumatlar əsasında müəyyən edilib ki, ötən il ərzində dövlət orqanları üzrə 391 nəfər dövlət qulluqçusuna yeni ixtisas dərəcəsi verilib, 20 nəfər intizam tənbehi alıb. Ötən il komissiyaya 27, o cümlədən 26 elektron müraciət daxil olub. Bütün müraciətlər vaxtında cavablandırılıb.
Komissiya tərəfindən elektron xidmətlərin göstərilməsi və komissiyanın fəaliyyətində obyektivliyin və şəffaflığın artırılması məqsədilə bir sıra tədbirlər həyata keçirilib, komissiya əməkdaşlarının peşə hazırlığının artırılması istiqamətində işlər davam etdirilib.
İşdə buraxılan nöqsanlara da toxunan komissiya sədri vurğulayıb ki, 2013-cü ildə dövlət orqanlarının kadr qurumları ilə seminarlar keçirilməyib. Bu da dövlət qulluqçularının məlumat bazasının tam və düzgün şəkildə işlənməsində çatışmazlıqların yaranmasına səbəb olub. Dövlət qulluqçuları ilə “Etik davranış qaydaları”na həsr olunmuş seminarların keçirilməməsi bu sahədə işin lazımi səviyyədə qurulmasına imkan verməyib. Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən müşavirədə komissiyaya verilən tapşırıqlardan biri də dövlət qulluqçularının məlumat bazasının yaradılmasının başa çatdırılması və dövlət qulluğu ilə bağlı normativ-hüquqi aktların tələblərinə riayət edilməsidir. Bu sahədə komissiya üzərinə düşən vəzifələrin vaxtında icrasına nail olmalı və komissiyanın hər bir əməkdaşı qarşıda duran vəzifələrin vaxtında və yüksək səviyyədə yerinə yetirilməsinə səy göstərməlidir.
Səbuhi HÜSEYNOV