Fevralın 3-də Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində ötən ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilmişdir.
Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, polis general-leytenantı Əhməd Əhmədov məruzə ilə çıxış edərək bildirmişdir ki, 2013-cü ilin muxtar respublikada “Heydər Əliyev ili” elan edilməsi daxili işlər orqanları qarşısında da ciddi məsuliyyət qoymuş və tələbkarlığı artırmışdır. Buna görə də daxili işlər orqanları tərəfindən ötən il cinayətkarlığa qarşı mübarizədə və ictimai təhlükəsizliyin təmin olunmasında qətiyyətli addımlar atılmışdır. Həyata keçirilən profilaktik tədbirlər nəticəsində hesabat dövründə əvvəlki illərlə müqayisədə cinayətlərin dinamikasında azalma davam etmiş, muxtar respublikada cəmi 16 cinayət hadisəsi qeydə alınmışdır.
Qeyd olunmuşdur ki, 2013-cü ildə baş vermiş cinayətlərin açılması 100 faiz təmin edilmişdir. Bununla yanaşı, hesabat dövründə keçmiş illərdən bağlı qalmış 3 cinayət işinin açılması təmin edilmiş və icraatına müxtəlif əsaslarla xitam verilmişdir. İcraatda olan cinayət işlərindən 8-nin istintaqı tamamlanaraq ittiham aktı ilə məhkəməyə göndərilmişdir. Bir cinayət işinin icraatı dayandırılmış, 1-i isə aidiyyəti üzrə istintaqa göndərilmişdir. Transmilli mütəşəkkil cinayətlərdən olan narkotrafikə və insan alverinə qarşı mübarizə tədbirləri daha da gücləndirilmişdir. Aparılmış birgə əməliyyat-axtarış tədbirləri nəticəsində 8 kiloqramdan artıq müxtəlif narkotik vasitə qanunsuz dövriyyədən çıxarılmışdır.
Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsindən də danışan nazir qeyd etmişdir ki, texniki sistemlərin tətbiqi və inzibati tənbehlərin sərtləşdirilməsi hadisələrin qarşısının alınmasına müsbət təsir göstərmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə qəzaların sayı 9-a qarşı 7 olmaqla, 2 fakt azalmışdır. Qeyd olunan dövrdə qanunsuz saxlanılan silahların yığılması istiqamətində həyata keçirilən tədbirlər də davam etdirilmiş, vətəndaşlar tərəfindən 138 ədəd odlu silah, xeyli sayda döyüş sursatı və hərbi ləvazimat könüllü olaraq polis orqanlarına təhvil verilmişdir.
Ötən il nazirliyin Pasport-Qeydiyyat və Miqrasiya Şöbəsinin də fəaliyyəti qənaətbəxş olmuşdur. Şöbə tərəfindən 19 min 921 nəfərə ümumvətəndaş pasportu, 47 min 469 nəfərə isə şəxsiyyət vəsiqəsi verilmişdir.
Bildirilmişdir ki, Daxili Qoşunların Naxçıvan Alayının maddi-texniki bazasının möhkəmləndirilməsi və şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində bir sıra işlər görülmüşdür.
Sonra məruzə ətrafında çıxışlar olmuşdur.
Kollegiya iclasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatı rəhbərinin müavini, Qanunçuluq və hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Cəlil Rüstəmov çıxış etmişdir.
Sonda nazirliyin 2014-cü il üçün tədbirlər planı təsdiq olunmuşdur.
İclasa daxili işlər naziri, polis general-leytenantı Əhməd Əhmədov yekun vurmuşdur.
* * *
Babək Rayon İcra Hakimiyyətində 2013-cü ildə rayonun sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir.
Müşavirəni giriş sözü ilə Babək Rayon İcra Hakimiyyətinin başçısı Elçin Hüseynəliyev açaraq ötən ilin yekunları və qarşıda duran vəzifələr haqda məruzə etmişdir.
Qeyd edilmişdir ki, “Heydər Əliyev ili”ndə Babək rayonunda tikinti-quruculuq işləri geniş vüsət almış, iqtisadi göstəricilər yüksəlmişdir. Azərbaycan Respublikası Prezidentinin “Naxçıvan Muxtar Respublikasının Babək rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 5 mart 2013-cü il tarixli Sərəncamına əsasən, 13 yaşayış məntəqəsini əhatə edən 25,6 kilometr uzunluğunda Hacıvar-Vayxır-Sirab avtomobil yolunun çəkilişi başa çatdırılmışdır. Babək qəsəbəsində rayon Mərkəzi Xəstəxanası, Uşaq-Gənclər Şahmat Məktəbi, Tarix-Diyarşünaslıq Muzeyi, rayon Qeydiyyat Şöbəsi və Notariat Kontoru üçün binalar tikilərək və ya yenidən qurularaq istifadəyə verilmişdir. Bundan başqa, qəsəbədə 1941-1945-ci illər müharibəsində həlak olanların və Azərbaycan Vətən müharibəsi şəhidlərinin xatirəsinə abidə ucaldılmış, qəsəbənin avtomobil yolları yenidən qurularaq 6,4 kilometr uzunluğunda yola asfalt örtük salınmış, işıqlandırma dirəkləri yenilənmiş, Şəkərabad kəndində kənd mərkəzi tikilmiş, kənd tam orta məktəbi əsaslı təmir edilmişdir. Qoşadizə kəndində Babək Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsi üçün yeni inzibati bina və texniki park tikilib istifadəyə verilmişdir. Çeşməbasar kəndində kənd mərkəzi, həkim ambulatoriyası, o cümlədən 234 şagird yerlik tam orta məktəb üçün binalar tikilərək, yaxud yenidən qurularaq istifadəyə verilmişdir. Bu tikinti-quruculuq işləri rayonun digər kəndlərində də yüksək keyfiyyətlə həyata keçirilmişdir.
Sonra rayon Maliyyə Şöbəsinin müdiri Kamal Cabbarov, Qaz İstismarı İdarəsinin rəisi Sədi Hüseynov, Elektrik Şəbəkəsinin direktoru Kazım Xudiyev və Rabitə İdarəsinin rəisi İsgəndər Qasımov çıxış edərək 2013-cü il ərzində görülən işlərdən və qarşıda duran vəzifələrdən danışmışlar.
Sonda işdə buraxılmış nöqsanlar və onların aradan qaldırılması yolları ətraflı müzakirə olunmuş, işdə buraxdıqları nöqsanlara görə idarə, müəssisə və təşkilatların rəhbərlərinə xəbərdarlıqlar edilmişdir.
Xəbərlər şöbəsi