22 Dekabr 2024, Bazar

Kapitan Cəfərov Elnur Cəfər oğlu 5 iyun 1978-ci ildə Şərur rayonunun Axaməd kəndində anadan olub. Cəmşid Naxçıvanski adına Hərbi Liseyi və Bakı Ali Birləşmiş Komandanlıq Məktəbini bitirib. 25 yaşında batalyon komandiri vəzifəsinə qədər yüksəlib. Hərbi xidmətini, əsasən, cəbhə bölgələrində olan hərbi hissələrdə keçib. 2014-cü il yanvar ayının 23-də cəbhənin Tərtər rayonu istiqamətində düşmənin atəşkəsi pozaraq mövqelərimizə girmək cəhdlərinin qarşısını alarkən qəhrəmancasına şəhid olub. 

Avtomobilimiz Kəngərli rayonundan keçəndə telefonuma zəng gəlir. Redaksiyadandır: “Budəfəki müsahiblərin ənənəvi və adi müsahib deyillər. Qarşındakı insanları bütün vəziyyətlərdə nəzərə al”. Bu, tapşırıq deyil, sadəcə olaraq, məsuliyyətin ikiqat olması ilə bağlı sadə bir xəbərdarlıqdır. Mən isə sakitcə cavab verirəm: – Mən öz ailəmin yanına gedirəm.
– Hara?
– Elnurgilə. Öz ailəmin yanına…
Dünyada təsadüflərin olduğuna heç zaman inanmamışam.

Bu qədər təsadüf ola bilməz axı. Biz eyni adı daşıyırıq və mən sizin evinizdə sənə məxsus olan hərbi biletə nəzər salanda səhifələrin birində tanış hərbi hissənin adını görürəm. Hansı ki, bu hərbi hissənin adı, briqada komandirinin soyadı və imzası mənim də hərbi biletimdə yazılıb, adaş.
Doğulduğun rayona – Şərura çatıb rayon rəhbərliyindəki səlahiyyətli şəxslərdən biri ilə danışıram. Sizin evinizə necə gedə biləcəyimi soruşuram, ailənizi soruşuram. Cəmi 5 gün keçib ruhunun Vətən göylərinə çəkilməsindən, amma adına dastanlar yazılacaq qədər qəhrəmanlıqlarından danışır Minurə xanım. Və rayon mərkəzindən sizin evinizə doğru yola çıxarkən “Ailəsini tanıdıqdan sonra bu qəhrəmanlıqların gerçək olduğuna əmin olacaqsınız”, – deyir.

*   *   *

Qoruduğun Vətən torpağının sənə öz qoynunda yer verməsindən 5 gün ötməsinə baxmayaraq, həyətinizdə hələ də çoxlu insanlar var. Onların gözlərində hüznlə qarışıq bir qürur da duyulur. Çünki şəhidliyin qüruru kədərindən böyükdür. Çünki ŞƏHİD adını qazanmaq üçün Vətəni, sadəcə, sevmək yetərli deyil. Onu canından çox sevməlisən, həm də hər bir qarışını sevməlisən. Böyük qardaşın Səbuhinin dediyi də budur. O, sənin bu Vətənin – Azərbaycanımızın hər bir qarışını necə sevdiyindən danışır.  Atan isə danışa bilmir. Sadəcə olaraq, üçrəngli bayraq üzərində asılmış şəklinə baxır. Nədən danışım axı sənə? Oğlunun qəhrəmanlığından doğan qürurundanmı? Canından bir parçanı itirməsindən doğan kədərdənmi? Yaxşısı, uzun zaman xahişimdən sonra atan Cəfər kişinin öz əli ilə yazdığı və mənə verdiyi məktubu oxuyum sənə:
“Oğlum 14 il düşmənlə üzbəüz – cəbhə xəttində qulluq edib. Mən bir ata kimi bununla qürur duyuram. Onu dəfələrlə Hərbi Liseyə müəllim, cəbhə xəttində olmayan hərbi hissələrə göndərmək istəyiblər. Amma o, həmişə düşmənin qarşısında durmağı üstün tutub.
Onu axtarırdılar. Ermənilərin dəfələrlə mövqelərimizə girməsinin qarşısını almışdı. Və o bilirdi ki, onu axtarırlar. Amma qorxmurdu.   
Mən Elnurun nəşinin Naxçıvanda yüksək səviyyədə qarşılanması ilə təsəlli tapıram.  Mən əminəm. Əminəm ki, Elnur üçrəngli bayraq qədər əbədi yaşayacaq. Vətən sağ olsun”.
Bütün ömrüm boyunca mənim arxivimdə saxlayacağım ən dəyərli, ən qiymətli, ən müqəddəs əlyazma olacaq bu kiçik kağız parçaları. Çünki bu adi bir şəhid atasının məktubu deyil, bu, hələ bundan sonra neçə-neçə insanımızın, ailə başçılarımızın örnək alacağı bir atanın məktubudur. Bu, səni böyüdən atanın düşmənin canına lərzə salacaq, dostları qürurlandıracaq nəsihətidir, adaş. Bu, Azərbaycan kişisinə yaraşan dəyanətdir, ləyaqətdir!
Bəs gerçək Azərbaycan qadını necə? Gerçək şəhid anası necə? O ağsaçlı ananın qarşısında baş əyib, əlini öpərkən mənim də adımın Elnur olduğunu deyirəm ona. Çiyinlərimə toxunur və bütün Elnurlar, bu Vətəni qoruya biləcək hər bir insan mənim övladımdır deyir, anan. Uşaqlığından danışır. O zamandan ki, yeşik taxtalarından avtomat düzəldib məhəllədəki uşaqları sıraya düzüb addımlamısan, o zamandan ki, kəndinizin sakinlərindən birini hərbi formada görüb “Ana, mən də Qədim əmim kimi əsgər olacağam” demisən və ən nəhayətində, o zamandan ki, şəhidlik zirvəsinə ucalma­mışdan bircə saat qabaq onunla danışıb “Hər şey yaxşıdır. Mənim vəzifəm əsgərimin arxasında olmaq yox, əsgərlərimdən öndə olmaqdır” demisən. Bacın Leyla üçün əvvəlki kimi qürur mənbəyisən.
Və bir insan daha... Sənin 6 yaşlı oğlun Məhəmmədi və 2 yaşlı qızın Nurayı sənə layiqli şəkildə böyüdəcək və tərbiyə edəcək qəhrəman bir Azərbaycan qızı. Səninlə bütün cəbhə boyu rayonları, qəsəbələri, kəndləri çiyin-çiyinə addımlayan, səninlə qürur duyan və övladlarına hələ də reallığı izah edə bilməyən bir Azərbaycan qızı. Oğlun Məhəmmədin ona verdiyi sualı eşitmək yetərlidir ki, bu qəhrəman bacımızın üzərindəki məsuliyyətin səviyyəsini anlayım. Oğlun evdə toplaşan adamları maraqla süzür və anasından soruşur: “Ana, düşmən evimizə yenə də güllə atır ki, hamımız bura yığışmışıq?” Bu suala cavab verə bilərikmi, verməyə gücümüz çatacaqmı? Bilmirəm...
Müşahidə etdiklərimdən və gördüklərimdən çıxardığım bir nəticə var. Düzdür, sən – onların atası şəhid olmusan. Amma onlar atasız deyillər. Onların Azərbaycan dövləti adında böyük, qüdrətli bir mənəvi ATAları var.
Bütün bunları indi burda – Şərur Şəhidlər Xiyabanında sənin məzarının başında sənə söyləmək üçün gəlməmişəm. Bilirəm ki, ruhun Vətən göylərindədir. Sən hamımızı – atanı, ananı, qardaşını, bacını, həyat yoldaşını, övladlarını, bu ölkənin hər bir vətəndaşına sahib çıxan dövlətimizi, sənin məzarını and yerinə çevirən insanlarımızı görürsən. Səni dinləməyə gəlmişəm, sadəcə. Əlimi məzarının üzərinə qoyarkən sənin ruhunun mənə pıçıldadığı cümlə isə baxışlarımızın, səsimizin, sözümüzün, qələmimizin və ən əsası silahımızın qorumalı olduğu müqəddəsliyi göstərir mənə – bu VƏTƏNİ!  Mənə ruhunun pıçıldadığı cümlə isə belədir: “Bu torpağın  uğrunda bir Elnur yox, min Elnur fəda ola bilər. Amma ölümü öldürüb şəhidlik və ya qazilik zirvəsinə qalxmaq üçün öncə düşməni öldürmək lazımdır. Vətən sağ olsun!”

Elnur KƏLBİZADƏ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR