22 Dekabr 2024, Bazar

Ölkəmizdə dövlət gənclər siyasətinin əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ulu öndər Azərbaycana rəhbərliyinin bütün dövrlərində gənclərin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi diqqət yetirmiş, gənclər siyasətini müstəqil Azərbaycan dövlətinin mühüm fəaliyyət istiqamətlərindən birinə çevirmişdir.

1996-cı il fevralın 2-də Azərbaycan Gənclərinin Birinci Forumu keçirilmişdir. Forumda dövlət orqanlarının, gənclər təşkilatlarının və hər bir gəncin qarşısında duran vəzifələr müəyyənləşdirilmiş, gənc nəslin hərtərəfli inkişafı, problemlərinin həlli sahəsində təsirli tədbirlərin görülməsi bütün əlaqədar təşkilatların qarşısına əsas vəzifə kimi qoyulmuşdur. Forum keçirildikdən 1 il sonra – 1997-ci il fevralın 1-də ulu öndərin Sərəncamı ilə fevralın 2-si Azərbaycanda Gənc­lər Günü elan edilmişdir. Bundan sonra hər il fevral ayının 2-si ölkəmizdə “Gənclər Günü” kimi qeyd olunmuşdur.

Müstəqillik dövründə Azərbaycanda gənclərlə iş sahəsində həyata keçirilən tədbirlər silsilə xarakter almış, Gənclər və İdman Nazirliyi yaradılmış, gənclər sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsi istiqamətində zəruri qanunvericilik bazası formalaşdırılmışdır. 1996-2002-ci illərdə ölkəmizdə “Gənclər siyasəti haqqında”, “Dövlət gənclər siyasəti haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Gənc istedadlar üçün xüsusi təqaüdlər təsis edilməsi haqqında”, “Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında” qəbul olunmuş qanun, fərman və sərəncamlar gənc nəslin mütəşəkkil qüvvə kimi formalaşması, sosial problemlərinin həlli və məşğulluqlarının təmin olunması baxımından mühüm əhəmiyyət kəsb etmişdir. Xalqımızın işıqlı gələcəyi naminə gənc­lərə böyük ümidlər bəsləyən ulu öndər Heydər Əliyev deyirdi: “XXI əsr gənclərin əsridir. Biz yaratdığımız, qurduğumuz müstəqil Azərbaycanı gənclərə tapşırırıq. Bizim işimizi gənclər davam etdirməlidir. Gənclərin vəzifəsi Azərbaycanın dövlət müstəqilliyini qorumaq, Azərbaycanda hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu prosesində fəal iştirak etmək, ölkəmizin iqtisadiyyatını, mədəniyyətini, elmini inkişaf etdirməkdir”.
Bu gün ölkəmizdə dövlət gənclər siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısı gənclərin vətənpərvərlik tərbiyəsinin daha da gücləndirilməsinə, onların məşğulluğunun təmin edilməsinə, sahibkarlıq fəaliyyətlərinə kömək göstərilməsinə, yaradıcı və istedadlı gənclərə, gənc ailələrə dövlət qayğısının artırılmasına, onların mənzil şəraitlərinin yaxşılaşdırılmasına, gənc­lərin dövlət quruculuğu işlərinə cəlb edilməsinə xüsusi diqqət və qayğı göstərir. Ölkə Prezidentinin qəbul etdiyi “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Pro­qramı”, “Xüsusi istedada malik olan uşaqların (gənc­lərin) yaradıcı­lıq potensialının inkişafı üzrə Dövlət Proqramı”, “Azərbaycan Respublikasında texniki-peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı” gənc­lərin dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsinə, onların yaradıcılıq potensialının üzə çıxarılmasına, intellektual səviyyəsinin yüksəldilməsinə, sosial problemlərinin həllinə mühüm töhfə vermişdir. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan gənc­liyi 2011-2015-ci illərdə Dövlət Proqramı” isə ölkəmizdə həyata keçirilən gənclər siyasətinin uğurlu davamı kimi səciyyələnir.
Muxtar respublikamızda da gənc­lər siyasəti uğurla həyata keçirilir. Bu məqsədlə yaradılan infrastruktur, göstərilən qayğı isə xüsusilə qeyd edilməlidir. Gənclərin muxtar respublikamızın ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakı, sosial problemlərinin həlli gənclər siyasətinin bütün istiqamətləri üzrə müvafiq dövlət proqramlarının qəbul olunması, gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə gənc­lərin irəli çəkilməsi və xidmətlərinin qiymətləndirilməsi, bütövlükdə, gənclərlə iş sahəsində həyata keçirilən tədbirlərin əsasını təşkil edir. Son illər muxtar respublikada “Gənclik” Mərkəzi, kitabxanalar, mədəniyyət evləri, ali təhsil müəssisələrində yeni tədris korpusları, məktəb binaları, olimpiya-idman kompleksləri, idman mərkəzləri və digər obyektlər tikilərək və ya əsaslı təmir olunaraq gənclərin istifadəsinə verilmişdir. Gənclərin asudə vaxtının səmərəli təşkili, yaradıcılıq potensialının üzə çıxarılması da daim diqqət mərkəzində saxlanılır. Naxçıvan Muxtar Respublikası Ali   Məclisi Sədrinin 2006-cı il 30 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Pro­qramı” uşaq və gənclərin yaradıcılıq potensialının inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyətə malik olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov gənclərin cəmiyyət həyatında mühüm rol oynadığını bildirərək demişdir: “Hər bir ölkənin gələcəyi cəmiyyətin ictimai-siyasi həyatında aparıcı rol oynayan gənc­liyin əlindədir. Gənc nəslin sağlam ruhda böyüməsi, savadlı, yüksək mənəvi tərbiyəyə malik olması çox vacibdir”.
Bu gün muxtar respublikamızda gənc­lərin sosial müdafiəsinin və məşğulluğunun təmin edilməsi, yaradıcılıq axtarışlarının stimullaşdırılması, milli ruhda tərbiyəsi, hərbi-vətənpərvərlik işinin gücləndirilməsi və sağlam həyat tərzinin təbliği diqqət mərkəzindədir. Naxçıvan Muxtar Respublikası Ali    Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında gənc istedadlara dövlət qayğısının artırılması haqqında” 2012-ci il 31 yanvar tarixli Fərmanı muxtar respublikamızda gənclərə göstərilən yüksək diqqət və qayğının daha bir ifadəsidir. Fərmana əsasən, Naxçıvan Muxtar Respublikası gənc istedadlarının “Qızıl kitab”ı təsis olunmuş, “Qızıl kitab”a adları yazılmış gənc istedadlar üçün təqaüdün verilməsi qaydaları təsdiq edilmişdir. Gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında Naxçıvan   Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 25 sentyabr tarixli Sərəncamına əsasən, incəsənət və idman sahələrində fərqlənən üç nəfər gəncin adı “Qızıl kitab”a salınaraq onlara müəyyən edilmiş miqdarda aylıq təqaüdün verilməsi təmin olunmuşdur. Eyni zamanda Ali Məclis Sədrinin 2012-ci il 29 mart tarixli Fərmanı ilə muxtar respublikada Gənclər Fondu yaradılmışdır. Bütün bunlar gənclərin cəmiyyətin aparıcı qüvvəsinə çevrilməsi istiqamətində atılan mühüm addımlardır.
Son illər muxtar respublikanın şəhər və rayonlarında olimpiya-idman komplekslərinin, idman mərkəzlərinin, uşaq-gənclər idman məktəblərinin, şahmat məktəblərinin, orta məktəblərdə idman zallarının və açıq idman qurğularının istifadəyə verilməsi gənc nəslin fiziki sağlamlığının qorunması və kütləvi bədən tərbiyəsinin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Naxçıvan şəhərində yeni istifadəyə verilən Gənclər Mərkəzi isə gənclərin xüsusi layihələr vasitəsilə vahid bir mərkəzdə toplanması və asudə vaxtlarının səmərəli təşkili baxımından mühüm əhəmiyyətə malikdir.

Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illik yubileyi ilə əlaqədar 2014-cü il Naxçıvanda “Muxtariyyət ili” elan edilmişdir. Bu il hər bir gəncimiz Azərbaycanın və onun ayrılmaz tərkib hissəsi olan doğma Naxçıvanımızın çiçəklənməsi istiqamətində aparılan işlərdə daha yaxından iştirak edərək üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəkdir.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR