Naxçıvan Dövlət Universitetində 2 fevral – Gənclər Gününə həsr olunmuş “Azərbaycan gəncliyi və müasir dövr” mövzusunda elmi-praktik konfrans keçirilmişdir. Konfransı giriş sözü ilə rektor, professor Saleh Məhərrəmov açmışdır.
Konfransda universitet Tələbə Gənclər Təşkilatının sədri, doktorant Arzu Abdullayev “Azərbaycan gəncliyi və müasir dövr”, Tələbə Həmkarlar Təşkilatının sədri, hüquqşünaslıq ixtisasının III kurs tələbəsi Mətin Quluzadə “Tələbə-gənclik həmkarlar təşkilatı sıralarında”, Tələbə Elmi Cəmiyyətinin sədri, hüquqşünaslıq ixtisasının III kurs tələbəsi Ramazan Abdullayev “Universitet gəncliyi və elmi mühit” mövzularında məruzələrlə çıxış etmişlər. Məruzələrdə vurğulanmışdır ki, müasir gənclik dövlət qayğısından bəhrələnərək ictimai-siyasi, iqtisadi və digər sahələrdə müstəsna rol oynayır. Tələbə-gənclər ölkədə aparılan siyasi, sosial-iqtisadi islahatlarda, təhsil quruculuğu sahəsində aparıcı qüvvə kimi öndə gedir, dünya miqyaslı tədbirlərdə ölkəmizi layiqincə təmsil edirlər.
Qeyd olunmuşdur ki, tələbə-gənclər bundan sonra da təhsildə böyük nailiyyətlər qazanmağa, ictimai-siyasi proseslərdə fəal vətəndaşlıq mövqeyi tutmağa davam edəcəklər.
Sonda Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həvəskar rejissorlar üçün keçirilən “Gənc Azərbaycan” qısametrajlı film festivalında ikinci yerə layiq görülmüş universitetin fransız dili müəllimliyi ixtisasının III kurs tələbələri Aytən İsmayılovaya və Arzu Qasımovaya diplom və sertifikatlar təqdim edilmişdir.
Mehriban SULTAN
* * *
Dünən Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi Naxçıvan Dövlət Film Fondunda 2 fevral – Gənclər Günü münasibətilə tədbir keçirmişdir. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları Pərvin Həsənov və Turac Ağəliyeva çıxış edərək ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan danışmışlar. Bildirilmişdir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev həmişə gənc nəslə böyük qayğı göstərmişdir. Azərbaycanı gənclər ölkəsi, gəncləri ölkəmizin gələcəyini quracaq böyük qüvvə hesab edən ulu öndər gənclər siyasətini ölkənin prioritet istiqamətlərindən biri hesab etmişdir. Dahi rəhbərin gənclər siyasəti bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bu siyasətin mahiyyət və keyfiyyətcə yeni mərhələdə uğurlu davamının nəticəsidir ki, gənclərimiz böyük nailiyyətlərə imza atırlar.
Qeyd olunmuşdur ki, dövlət gənclər siyasəti muxtar respublikamızda da uğurla reallaşdırılır. Gənclərin sağlam mühitdə böyümələri və vətənpərvər ruhda tərbiyə edilmələri, yüksək səviyyədə təhsil almaları, onların cəmiyyətdə layiqli yer tutmaları üçün ardıcıl tədbirlər həyata keçirilir. Muxtar respublikamızda gənclik mərkəzlərinin, kitabxanaların, mədəniyyət evlərinin, idman komplekslərinin gənc nəslin istifadəsinə verilməsi regionda sağlam və vətənpərvər gəncliyin yetişdirilməsinə xidmət edir.
Sonda ümummilli lider Heydər Əliyevin gənclərə qayğısından bəhs edən “Dünyaya pəncərə” adlı sənədli film nümayiş etdirilmişdir.
Əli RZAYEV