Yeni Azərbaycan Partiyası Şahbuz Rayon Təşkilatında 2013-cü ilin yekunları və 2014-cü ildə qarşıda duran vəzifələrlə bağlı hesabat yığıncağı keçirilmişdir. Tədbiri təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Rizvan Məmmədov açaraq geniş məruzə ilə çıxış etmişdir. Bildirilmişdir ki, Yeni Azərbaycan Partiyası Şahbuz Rayon Təşkilatı hesabat ilində partiyanın yaradıcısı, ulu öndərimiz Heydər Əliyevin ideyalarının həyata keçirilməsində partiya üzvlərinin siyasi fəallığının artırılması üçün ideoloji fəaliyyətini ön plana çəkmiş, partiyanın Nizamnamə və Proqramının müddəalarının yerinə yetirilməsi üçün təşkilatçılıq işini genişləndirmiş, bu istiqamətdə məqsədyönlü tədbirlər həyata keçirmişdir.
Qeyd olunmuşdur ki, 54 ərazi partiya təşkilatında 3361 həmfikrin olduğu YAP Şahbuz Rayon Təşkilatı ötən il də bölgənin ictimai-siyasi həyatında fəal iştirak etmişdir. Belə ki, “Heydər Əliyev ili” elan olunmuş 2013-cü ildə silsilə tədbirlər keçirilmiş, ümummilli liderin zəngin irsinin öyrənilməsi ilə əlaqədar kütləvi tədbirlər, idman yarışları, müsabiqələr təşkil olunmuşdur. Ölkəmizdə keçirilən prezident seçkilərində partiya üzvləri fəallıq göstərmişlər.
Təşkilat sədri onu da diqqətə çatdırmışdır ki, ötən il rayon partiya təşkilatı üçün müasir iş şəraiti yaradılmış yeni bina istifadəyə verilmişdir.
Bildirilmişdir ki, 2014-cü il muxtar respublikamızda “Muxtariyyət ili” elan edilmiş, həmçinin bu il muxtar respublikanın 90 illik yubileyinin keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidenti Sərəncam imzalamışdır. Bu, təşkilat üzvlərinin qarşısında mühüm vəzifələr qoymuşdur. Həmin vəzifələrin yerinə yetirilməsi üçün iş planı tərtib olunmuş və icrasına başlanılmışdır.
Tədbirdə partiya fəalları Təmleyxa Cəbiyevin, Vüqar Muradovun, Xəyal Bağırovun, Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Nurəddin Quliyevin çıxışları olmuşdur.
Xəbərlər şöbəsi