Heydər Əliyev Muzeyində Naxçıvan şəhərindəki 8 nömrəli tam orta məktəb şagirdlərinin iştirakı ilə açıq dərs keçilmişdir. Açıq dərsdə üçrəngli bayrağımızın Azərbaycanın Dövlət bayrağı kimi qəbul edilməsində ulu öndər Heydər Əliyevin tarixi xidmətlərindən bəhs olunmuşdur. Məktəbin müəllimi Gülü Hacıyeva bildirmişdir ki, həm türk dünyasında, həm də Şərq aləmində ilk cümhuriyyət olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə – 1918-ci il iyun ayının 24-də üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan qırmızı bayraq, həmin il noyabrın 9-da isə üçrəngli bayraq dövlət bayrağı kimi qəbul olunmuşdur. 1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyətinin süqut etməsi və Sovet hakimiyyətinin qurulması ilə üçrəngli bayrağımız 70 il yalnız ürəklərdə yaşamışdır.
Azərbaycan Respublikasının üçrəngli bayrağı ikinci dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə qaldırılmışdır. Həmin sessiya Azərbaycan dövlətçiliyinin bərpası prosesinin həyata keçirilməsi ilə bağlı bir çox məsələlərin müzakirə olunması, ölkəmizi müstəqilliyə aparan yolda tarixi qərarların qəbul edilməsi ilə əlamətdar olmuşdur. Məhz ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə həmin sessiyada “Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri haqqında” tarixi Qərar qəbul edilmişdir. Həmin qərara əsasən, müstəqilliyimizin əsas atributlarından olan Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı kimi qəbul olunmuşdur. Qərarda o da göstərilirdi ki, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağının, bütövlükdə, Azərbaycanın dövlət rəmzi kimi təsis edilməsi Azərbaycan SSR Ali Sovetindən xahiş edilsin.
1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikasının Ali Soveti üçrəngli bayrağın Azərbaycanın Dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar qəbul etmişdir.
Qeyd olunmuşdur ki, xalqımızın böyük oğlu Heydər Əliyevin xalqın təkidli tələbi ilə Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra Dövlət bayrağı milli suverenliyin simvolu kimi təsdiq olunmuş, Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında çoxsaylı normativ aktlar qəbul edilmişdir. Azərbaycan Respublikasının 2004-cü il 8 iyun tarixli Qanunu ilə Azərbaycan Respublikasının Dövlət bayrağının istifadəsi qaydaları müəyyənləşdirilmişdir.
Bildirilmişdir ki, bu gün Azərbaycanda dövlət atributlarına hörmət və ehtiram yüksək səviyyədədir. Bu da ulu öndərimizin yolunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət rəmzlərinə olan münasibətindən qaynaqlanır, milli ideallara bağlılıq özünü həm də üçrəngli bayrağımıza münasibətdə qabarıq göstərir. Ölkə rəhbəri müstəqilliyimizin simvolu olan dövlət atributlarının əhəmiyyətini artırmaq, onların məna və mahiyyətini gənc nəslə aşılamaq məqsədilə həyata keçirilən bir çox layihələrin ideya müəllifidir. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 17 noyabr tarixli “Azərbaycan Respublikasının Bakı şəhərində Dövlət Bayrağı Meydanının yaradılması haqqında” və 2009-cu il 17 noyabr tarixli “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” sərəncamları bunun parlaq nümunəsidir.
Sonra şagirdlər muzeyin ekspozisiyası, ümummilli lider Heydər Əliyevin öz əli ilə yazıb hazırladığı Ali Məclisin “Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri haqqında” tarixi Qərarı və o zaman qaldırılmış ilk üçrəngli bayraqla tanış olmuşlar.
Xəbərlər şöbəsi